Xalq artisti Kamran Quliyev: Teatr elə bir sahədir ki, o, əsrlərdən bəri bütün dünyada insanın düşüncəsinin formalaşmasında və inkişafında mühüm rol oynamışdır

Naxçıvan teatrının yaradılmasından 130 il ötür. Bu illər teatr tariximizdə necə yaşayır? Sənət məbədi özünün 130 yaşını hansı uğurlarla qeyd edəcək? Bu və bu kimi suallarla Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının direktoru, Xalq artisti Kamran Quliyevə müraciət etdik.
– Kamran müəllim, son illər Naxçıvan teatrı hərtərəfli dövlət qayğısı əhatəsindədir. Aktyorların fəxri adlarla təltif edilməsi, teatrın yerləşdiyi binanın əsaslı şəkildə yenidən qurularaq iş şəraitinin yüksəldilməsi – bütün bunlar yaradıcılıq imkanlarının genişlənməsinə, tamaşaçı cəlbinə necə təsir göstərib?

– Teatr elə bir sahədir ki, o, daim qayğı ilə əhatə olunmalıdır. Çünki görülən işə qiymət veriləndə sənətkarların da yaratmaq eşqi, həvəsi daha da yüksəlir. Sevindirici haldır ki, Naxçıvan teatrı yüksək dövlət qayğısı ilə əhatə olunmuşdur. Hazırda teatrda Xalq artistləri, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının əməkdar artistləri, Əməkdar rəssamlar, Xalq rəssamı, Əməkdar mədəniyyət işçiləri çalışırlar. Müxtəlif illərdə teatrın yaradıcı əməkdaşları Prezident mükafatları ilə təltif olunublar. Hazırda teatrda iki Prezident təqaüdçüsü var. Bütün bunlar, sözsüz ki, aktyorlara, teatrın yaradıcı kollektivinə göstərilən dövlət qayğısının bariz nümunələridir.

Bundan əlavə, bilirsiniz ki, teatrın binası əsaslı şəkildə yenidən qurulmuşdur. Bunun nəticəsində də bu gün Naxçıvan Dövlət Musiqili Dram Teatrı dünyanın ən aparıcı teatrları ilə rəqabət apara biləcək texniki imkanlara malikdir. Teatrın bütün texniki avadanlıqları yeniləşdirilmiş, mədəniyyət müəssisəsi ən müasir avadanlıqlarla təchiz edilmişdir. İşıq sistemi, səs sistemi, səhnənin texniki sistemi ən yeni avadanlıqlarla təchiz olunmuşdur. 
Tamaşaçını teatra cəlb edən teatrın repertuar rəngarəngliyidir və teatrda fəaliyyət göstərən yaradıcı truppanın tamaşaçı istəyinə uyğun şəkildə ifa tərzidir. Bütün bu vacib şərtlər Naxçıvan teatrında var. Bu isə, sözsüz ki, teatrın inkişafına səbəb olan amillərdir. Qeyd etmək istəyirəm ki, teatrın binası yenidən qurulduqdan sonra tamaşaların bədii keyfiyyətinin və səhnə estetikasının yüksəlməsi teatr-tamaşaçı əlaqələrini xeyli yüksəltmişdir.
– Ötən il Naxçıvan Dövlət Musiqili Dram Teatrı hansı uğurlara imza atdı? Səhnələşdirdiyiniz tamaşalar, gördüyünüz işlər, qastrol səfərləri barədə nə deyə bilərsiniz?
– 2012-ci il Naxçıvan Dövlət Musiqili Dram Teartı üçün uğurlu il kimi yadda qalmışdır. İlin əvvəlində, daha dəqiq desək, mart ayının 10-da yeni binada ilk tamaşamız oldu. Bu, Şəfaət Mehdi­yevin “Mirzə Fətəli” əsəri idi. Ötən il Mirzə Fətəli Axundzadənin 200 illik yubileyi ölkə səviyyəsində qeyd olunmuşdur. Biz bu yubileylə əlaqədar repertuarımıza “Mirzə Fətəli” əsərini daxil etmişdik. Bundan sonra böyük türk yazarı Nazim Hikmətin 110 illik yubileyi münasibətilə şairin “Kəllə” faciəsini tamaşaya hazırlayıb təqdim etdik. Ötən il tamaşaçılar 130 illiyi dövlət səviyyəsində qeyd olunan böyük şairimiz, dramaturq Hüseyn Cavidin “Şeyx Sənan” faciəsinə yeni quruluşda baxa bildilər. İlin sonunda isə böyük ədəbiyyatşünas alim, akademik Məmmədcəfər Cəfərovun “İnsanlar və talelər” kinossenarisi əsasında səhnələşdirdiyimiz “Mirzə Cəlil taleyi” tamaşasını hazırladıq. Bu tamaşada böyük demokrat yazıçı Cəlil Məmmədquluzadənin həyatı və yaşadığı kəşməkəşli dövr səhnəyə gətirilir, ədibin bədii surəti yaradılır.
Ötən il martın 25-dən aprelin 2-nə qədər teatr Türkiyənin Tarsus şəhərində keçirilən Türk Dünyası Teatr Günlərində iştirak etmişdir. Festivala böyük alman dramaturqu Q.Lessinqin “Müdrik Natan” əsərinin tamaşası ilə qatılmışdıq. İlin sonunda isə TÜRKSOY-un xətti ilə Türkiyənin Ankara və İstanbul şəhərlərində Hüseyn Cavidin 130 illik yubileyi tədbirləri çərçivəsində dramaturqun “İblis” əsərinin tamaşası ilə çıxış etdik.
– Dahi avstriyalı yazıçı Stefan Sveyq “Dünənin dünyası” adlı xatirələr kitabında yazırdı ki, sənət həmişə bütün xalqın həyatının bir parçası olduğu yerdə zirvəyə çatır. Bu gün Naxçıvanda teatr sənəti xalqın həyatının parçasına çevrilə bilibmi?
– Təəssüf ki, bütün dünyada teatr sənəti ümumi geriləmə dövrünü yaşayır. Kino sənayesinin sürətli inkişafı, kompyuter oyunlarının satışının ildən-ilə genişlənməsi canlı səhnə sənətinə marağı azaldır. Bu proseslər hər yerdə olduğu kimi, bizdə də ömrünü teatra bağlayanları dərindən düşündürür. Amma hamı bilməlidir ki, insanların teatrdan öyrəndikləri və öyrənə biləcəklərini heç vaxt kompyuter oyunlarından öyrənməsi mümkün deyil. Teatr elə bir sahədir ki, o, əsrlərdən bəri bütün dünyada insanın düşüncəsinin formalaşmasında və inkişafında mühüm rol oynamışdır. Teatr bəşəriyyətin fikri inkişafına hər zaman təsir etmişdir. Əminəm ki, tədricən bu məsələlər öz axarına düşəcək. Ümumi götürən­də isə bu gün Naxçıvanda müəyyən təbəqədən olan insanlar, xüsusən ziyalılar teatra daim gəlir, yeni tamaşaları izləyirlər, öz fikirlərini bildirirlər. Biz çalışırıq ki, repertuarda rəngarəngliyi qoruyaq, səhnə tərtibatını, aktyor oyununu daim yaxşılaşdıraq. Bir şeyi unutmayaq ki, hər kəsin bütün ömrü boyu teatrdan öyrənəcəyi çox mətləblər var.
– Bilirik ki, bu il Naxçıvan teatrının yaradılmasının 130 ili tamam olur. Əsr yarıma yaxın tamaşaçıların xidmətində dayanan, onların bədii zövqünün, dünyagörüşünün formalaşmasına çalışan bir sənət məbədinin, sözsüz ki, özünəməxsus sənət ənənələri var.
– Bəli, bu il Naxçıvan teatrının 130 yaşı tamam olur. Bilirsiniz ki, Naxçıvan teatrı həmişə öz işini qazandığı köklü ənənələr üzərində qurmuşdur. Bu fikri ümummilli liderimiz Heydər Əliyev də Naxçıvan teatrı haqqında danışarkən qeyd etmişdir. Ulu öndər deyirdi ki, Naxçıvan teatrı Şərqin qədim sənət ocaqlarından biridir və sahib olduğu ənənələri bu gün də qoruyub saxlayır.
Naxçıvan teatrı yarandığı gündən indiyədək həmişə millilik üzərində köklənmişdir. Fərqi yoxdur, repertuara daxil edilən əsər Avropa ədəbiyyatından gəlsin, ya da öz ədəbiyyatımızdan. Hər zaman çalışmışıq ki, repertuara milli dəyərlərimizə, ənənələrimizə uyğun əsərlər daxil edilsin. Milliliyi həmişə ön planda saxlamışıq. Böyük Mirzə Cəlilin dili ilə desək, çalışmışıq ki, hər zaman xalqın dili ilə və onun başa düşəcəyi dildə danışaq: tamaşaçılar teatra əsla əyləncə yeri kimi baxmasın, tamaşaçı teatrdan nə isə əxz eləsin. Ümumiyyətlə isə dünyada gedən proseslərdən kənarda qalmırıq. Novator teatr estetikasını tətbiq edirik. Milli köklər üzərində qurulmuş klassik teatr yeni ənənələri də bacarıqla sintez edir. Bütün teatrşünaslar hər zaman qeyd edirlər ki, Naxçıvan teatrı bu gün milli ənənələri, klassik üslubu qoruyub saxlayır və yenilikləri də tətbiq edir. Naxçıvan teatrının böyük yaradıcılıq ənənələri, özünəməxsus dəst-xətti olmuşdur. Bu sənət məbədində iz qoymuş böyük sənətkarlardan öyrəndiklərimizi bugünkü gənc aktyorlara öyrədir və zəngin ənənəni gələcəyə ötürməyə çalışırıq.
– Yubiley repertuarı ilə bağlı nə deyə bilərsiniz?
– 130 il qısa tarix deyil və bu müddətdə Naxçıvan teatrı möhtəşəm inkişaf yolu keçmişdir. Hələ teatrın 125 illiyində hazırlanmış “Naxçıvan teatrının salnaməsi”ndə bu böyük yolla yaxından tanış olmaq mümkündür. 125 illikdən sonrakı beş ildə də teatrın yaddaqalan və yaddaşlara yazılan uğurları az olmamışdır. Builki repertuar hazırlananda yubiley ili olması nəzərə alınmışdır. İslam Səfərlinin “Göz həkimi”, Adil Baba­yevin ümummilli liderimiz Heydər Əliyevin fəaliyyətindən bəhs edən “Koroğlunun Çənlibelə qayıdışı”, Əli Əmirlinin “Ağa Məhəmməd şah Qacar”, Çingiz Aytmatovun “Əsrə bərabər gün” romanı əsasında hazırlanmış “Manqurt” əsərləri repertuarımıza daxil edilmişdir. Hazırda İslam Səfərlinin “Göz həkimi” pyesi əsasında hazırlanan eyniadlı səhnə əsərinin məşqləri aparılır. Mart ayının əvvəllərində tamaşanı teatrsevərlərə təqdim etməyi planlaşdırırıq. 2008-ci ildə səhnələşdirdiyimiz “Koroğlunun Çənlibelə qayıdışı” tamaşası o vaxt bir neçə dəfə teatrsevərlərə təqdim olunmuş, 2011-ci ildə isə Milli Qurtuluş Günü münasibətilə Bakıda teatrsevərlərə göstərilmişdir. Bu il isə ümummilli liderimizin 90 illik yubileyi münasibətilə həmin əsəri yenidən repertuarımıza daxil etmişik ki, yeni quruluşda tamaşaçılara təqdim edək.
– Maraqlı müsahibə üçün sağ olun!

Əzəmət HƏSƏNOV