Bu il şair-dramaturq və publisist İslam Səfərlinin anadan olmasının 90 illiyi tamam olur. Bu münasibətlə Babək rayonunda da tədbirlər keçirilir. Belə tədbirlərdən biri Babək Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə şairin anadan olduğu kənddə keçirilmişdir.
Şəkərabad kənd tam orta məktəbində keçirilən tədbiri Babək Rayon Təhsil Şöbəsinin metodisti Seymur Xudanov açaraq vurğulamışdır ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin İslam Səfərlinin 90 illik yubileyinin keçirilməsi ilə bağlı 18 yanvar 2013-cü il tarixli Sərəncamı ədibin yaradıcılığına göstərilən dövlət qayğısının bariz ifadəsidir. Məhz bu sərəncam şair-dramaturqun yaradıcılığının yeni istiqamətdə tədqiqinə, öyrənilməsinə stimul olacaqdır.
Şəkərabad kənd tam orta məktəbinin direktoru, Azərbaycan Respublikasının əməkdar müəllimi Sədaqət Mahmudov “İslam Səfərlinin Azərbaycan ədəbiyyatında yeri və rolu” mövzusunda məruzə ilə çıxış edərək şairin çoxşaxəli yaradıcılığından danışmışdır. Bildirilmişdir ki, ədibin lirik yaradıcılığında təbii boyalarla təsvir və tərənnüm olunan Naxçıvan təbiəti şeir həvəskarlarında dərin təəssürat yaradır.
Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Nüşabə Kəngərli İslam Səfərli şeirlərinə bəstələnən mahnılar haqqında danışmışdır.
Sonda məktəbin şagirdlərinin ifasında nəğməkar şairin şeirləri və şeirlərinə bəstələnmiş mahnılar səsləndirilmiş, məktəbin foyesində təşkil edilmiş “İslam Səfərli – 90” adlı sərgiyə baxış olmuşdur.

Xəbərlər şöbəsi