A.Babayev adına Naxçıvan Muxtar Respublikası Uşaq Kitabxanasında “Heydər Əliyev ili”nə həsr olunmuş “Əbədiyaşar lider” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir. Kompozisiyanın təqdimatından əvvəl kitabxananın direktor müavini Gülnaz Tağıyeva çıxış edərək bildirmişdir ki, ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ilə əlaqədar 2013-cü il muxtar respublikada “Heydər Əliyev ili” elan edilmişdir. Vurğulanmışdır ki, ümummilli lider Heydər Əliyev daim uşaqlara qayğı göstərmiş, onların təhsili ilə maraqlanmışdır.
Naxçıvan şəhər 15 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Validə Əliyeva “Zamana sığmayan dahi” mövzusunda çıxış edərək Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafındakı xidmətlərindən danışmışdır. Qeyd olunmuşdur ki, ulu öndərin ölkəmizə rəhbərliyinin bütün dövrlərində milli-mənəvi dəyərlər əsasında tərbiyə olunan gənc nəslin formalaşması naminə uzaqgörən tədbirlər həyata keçirilmişdir.
Tədbirin bədii hissəsində Heydər Əliyev adına tam orta məktəbin və 15 nömrəli tam orta məktəbin şagirdlərinin ifasında “Əbədiyaşar lider” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.
Sonda tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş sərgiyə baxmışlar.

Dilrubə NOVRUZOVA