Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Dövlət Uşaq Filarmoniyasının yaradılması haqqında” 2010-cu il 19 aprel tarixli Sərəncamı  istedadlı uşaqların yaradıcılıq potensialından daha səmərəli istifadə olunmasında mühüm addım olmuşdur. 80-ə yaxın üzvü olan filarmoniyanın əsaslı fəaliyyətinə hərtərəfli şərait yaradılmışdır. Filarmoniyaya musiqi alətləri, xüsusi geyim dəstləri verilmiş, musiqi qabiliyyəti olan uşaqlar buraya cəlb edilmişlər. 

Yaradılan şərait isə ilk uğurlara stimul olmuşdur. Belə ki, filarmoniyanın 2011-ci il iyun ayının 1-də Heydər Əliyev Sarayında Uşaqları Beynəlxalq Müdafiə Gününə həsr olunmuş bayram tədbirindəki ilk konserti böyük rəğbətlə qarşılanmışdır. Yeniyetmə musiqiçilər muxtar respublika səviyyəli digər tədbirlərə də qatılırlar. Naxçıvan Dövlət Uşaq Filarmoniyası dövlətin qayğısını daim üzərində hiss edir. Filarmoniyanın getdikcə artan uğurlu çıxışlarının təməlində məhz bu amil dayanır.
Hazırda filarmoniyada xalq çalğı alətləri və kamera orkestrləri, mahnı və rəqs ansamblı, xor kollektivi fəaliyyət göstərir. 40 nəfərə yaxın üzvü olan xalq çalğı alətləri orkestrinin bədii rəhbəri və dirijoru Həsən Seyidovdur. Solistlərdən Fərid Babayev və Əsmər İbrahimbəyli Süleyman Ələsgərovun “Tarantella“ əsərini ustalıqla ifa edirlər. Tofiq Quliyevin “Vals”, M.Maqomayevin “Şah İsmayıl” operasından “Müqəddimə” və başqa əsərlər orkestrin repertuarına salınmışdır. Orkestr yeni əsərlər üzərində işləyir. R.Hacıyevin “Azərbaycan”, Ü.Hacıbəylinin “Ey Vətən”, R.Mirişlinin “Doğma diyarım” və “Naxçıvan süitası” əsərləri repertuara daxil olunmuşdur.

Kamera orkestrinə isə Səməd Əsgərov rəhbərlik edir. Orkestrin üzvləri “Leyli və Məcnun” operasından “Müqəddimə”, T. Quliyevin “Görüş” filmindən “Vals”, E. Mansurovun “İlhamla sabaha” və digər bu kimi əsərləri müxtəlif tədbirlərdə uğurla ifa etmişlər. 
Tamerlan Bağırov və Sərxan Abdullayevin rəhbərlik etdikləri mahnı və rəqs ansamblı Azərbaycan xalq mahnı və rəqslərinə üstünlük verir. Filarmoniyada xalq yaradıcılığının yaşadılması, gələcək nəsillərə çatdırılması üçün də işlər görülür, aşıq musiqisinin müxtəlif janrlarına müraciət olunur. Solistlərdən Eltac Məmmədov və Məlahət Məmmədovanın ifasında “Paşa köçdü”, “Azərbaycan”, “Ruhani”, “Yanıq Kərəmi” və digər aşıq havaları səslənməkdədir.
Uşaq filarmoniyasının tərkibində fəaliyyət göstərən xor kollektivi də daim öz üzərində çalışır. Samirə Tağıyevanın rəhbərlik etdiyi bu kollektiv Q.Hüseynlinin “Cücələrim”, T.Quliyevin “Bizim bağ”, R.Mirişlinin “Naxçıvan süitası” əsərlərini ustalıqla ifa etməyə çalı­- şır. Kollektiv O.Rəcəbovun “Uşaqlar sevinsin həmişə”, N.Mirməmmədlinin “Salam, üçüncü era” və başqa əsərlər üzərində işləyir.
Filarmoniyanın direktoru, Naxçıvan Muxtar Respublikasının əməkdar artisti Aqib Seyidovun dediklərindən:
– Çalışırıq ki, dövlətin göstərdiyi etimadı doğruldaq, tapşırılan vəzifələri layiqincə yerinə yetirək. Bu vəzifələr isə muxtar respublikada istedadlı uşaqların aşkara çıxarılması, düzgün istiqamətləndirilməsi və böyük səhnəyə hazırlanmasından ibarətdir. Ona görə də orta məktəblərdə, uşaq musiqi məktəblərində oluruq. Uşaqlarla söhbət edir, onlara filarmoniyanın fəaliyyəti haqqında məlumat verir, istedadlı uşaqların buraya cəlb olunmasına çalışırıq. Naxçıvanda istedadlı uşaqlar çoxdur. Belə uşaqların üzünə filarmoniyanın qapıları daim açıqdır. Filarmoniya məhz belə uşaqların düzgün istiqamətləndirilməsi məqsədi ilə yaradılmışdır. Bu kollektiv Naxçıvan Dövlət Filarmoniyası və digər mədəniyyət müəssisələri üçün bazadır. Onu da qeyd edim ki, hər zaman repertuarımızın zənginləşməsi qayğısına qalırıq. Təbii ki, ilk növbədə, Azərbaycan musiqisinin təbliğinə çalışırıq. Çünki milli musiqimiz həm uşaqlara, həm də tamaşaçılara vətənpərvərlik, elə, obaya, doğma yurda bağlı­lıq, yüksək insani keyfiyyətlər təbliğ edir.
– Bu il muxtar respublikamızda “Heydər Əliyev ili” elan olunmuşdur. Filarmoniya bu istiqamətdə hansı tədbirləri həyata keçirəcəkdir? – sualımızı Aqib müəllim belə cavablandırdı:
– Təbii ki, bu məsuliyyətli ildə bizim də qarşımızda mühüm vəzifələr dayanır. Başlıca vəzifə isə ulu öndərin yubileyinin yüksək səviyyədə keçirilməsinə töhfəmizi verməkdir. Xor kollektivinin repertuarına O.Rəcəbovun “Ulu öndər”, R.Mirişlinin “Məşəl kimi yanan ürək” əsərlərini daxil etmişik. Bu əsərlər üzərində işləyirik. Filarmoniyanın ilk uğurlu addımları da belə qənaətə gəlməyə əsas verir ki, filarmoniya bu möhtəşəm yubiley münasibətilə keçirilən tədbirlərdə fəallıq göstərəcək.
İnanırıq ki, Uşaq Filarmoniyasının üzvləri gələcəkdə Azərbaycan mədəniyyətinin inkişafında öz sözlərini deyəcəklər.

Sara ƏZİMOVA