A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasında şair-dramaturq İslam Səfərlinin 90 illik yubileyi ilə əlaqədar oxucu konfransı keçirilmişdir. Konfransı giriş sözü ilə kitabxananın direktoru Kamal Axundov açmışdır.
Sonra kitabxananın əməkdaş­larından Kəmalə Ağayeva, Naibə Abbas­ova, Nazilə Quliyeva şairin həyat və yaradıcılığından danışmışlar. Qeyd olunmuşdur ki, Naxçıvanda dünyaya göz açan, bu zəngin yurdun minilliklərdən soraq verən möhtəşəm abidələrilə qəlbi isinən, Araz çayının məlul-məlul axan sularını ana laylası kimi qəbul edən şair ruhən, qəlbən bu torpağa bağlı sənətkar idi. Dünya şöhrətli alim Nəsirəddin Tusinin nəslindən olan şair minillik poeziyamızın milli ruhlu, milli təfəkkürlü, milli əqidəli şairlərdən idi. Onun müxtəlif mövzularda qələmə aldığı əsərlərinin mayasında Azərbaycanın gözəlliklərinin vəsfi durur. Buna görə İslam Səfərli həm də nəğməkar şair kimi tanınmışdır.
Tədbirdə Naxçıvan şəhərindəki 4, 6, 15 nömrəli və Heydər Əliyev adına tam orta məktəblərin şagirdləri şairin şeirlərindən nümunələri bədii qiraət etmişlər.
Sonda kitabxananın foyesində təşkil olunmuş “İslam Səfərli – 90” adlı sərgiyə baxış olmuşdur.

Dilrubə NOVRUZOVA