Zəngin yaradıcılıq irsinə malik olan tanınmış şair İslam Səfərli 1941-1945-ci illər müharibəsinin iştirakçısı kimi  müharibənin bütün dəhşətlərini görmüş və bu, şairin yaradıcılığında, xüsusilə poeziyasında əhatəli şəkildə əks olunmuşdur. Lap yeniyetmə yaşlarından cəbhəyə gedib əvvəllər məşhur 416-cı Taqanroq diviziyasının tərkibində vuruşan, sonralar Şimali Qafqazdan Krıma, Ukraynaya, Baltik ölkələrinədək ağır döyüşlərdə iştirak edən, mahir kəşfiyyatçı kimi böyük şücaətlər göstərən İslam Səfərlinin müharibəyə getdiyi ilk gündən qələbə gününəqədərki hadisələri dolğun şəkildə qələmə alması onun yüksək istedadının, eyni zamanda böyük Vətən sevgisinin təzahürü kimi diqqəti cəlb edir. Şairin həyat yoluna və ədəbi irsinə həsr olunmuş mənbələrdə Naxçıvanın “Sarvanlar” məhəlləsindən cəbhəyə yollanan 13 nəfərdən birinin İslam Səfərli olduğu qeyd edilir. Ancaq şairin müharibə dövrü həyatını əks etdirən ən tutarlı mənbə özünün yaradıcılığı, xüsusilə müharibə  mövzusunda yazdığı şeirləridir.

 Döyüş meydanında hər anın bir hökmü olduğunu bildirən şair insanı yaşadan qüvvənin yalnız Vətən eşqi olduğunu poetik dillə dolğun şəkildə mənalandırır:

       Döyüşdə hər anın hökmü başqadır,
       Bir polad sipərə çevrilir bədən.
       Övladı bir Vətən eşqi yaşadır,
       Vətənsiz övlad yox, övladsız Vətən!

İslam Səfərlinin müharibə mövzusunda yazdığı poeziya nümunələri içərisində “İtkin şahin”, “Qərbi Berlindəki yaşıdım oğlana”, “Üçüncü hərb istəmirik”, “Onüçlər”, “Səngərsiz döyüş”, “Döyüşçünün xəyalı”, “Xatirə”, “Axı necə oldu ki?..” və sair şeirlər ağır müharibə illərinin bütün dəhşətlərini, ağrı-acılarını əks etdirməklə yanaşı, o dövr insanlarının duyğu və düşüncələrindən də ətraflı söz açır. Bu nöqteyi-nəzərdən şairin “Qərbi Berlindəki yaşıdım oğlana” şeri diqqəti çəkir:

       Bir vaxtda doğulmuşuq
       İkimiz də anadan.
       Fərqimiz ondadır ki,
       Mən odlar yurdundanam,
       Sənsə Almaniyadan –

kimi çox sadə bir dillə yazılmış şeirdə müəllif yaşıdı olan alman oğlanla öz həyatını, keçdiyi yolları müqayisə edir, uşaqlıq dövrünə, məktəb həyatı illərinə, hər ikisinin Vətən məfhumuna münasibətlərinə, hər ikisinin hansı niyyət və məqsədlər uğrunda mübarizələr aparmasına nəzər salır, nəhayət, müharibənin nəticələrinin onların hansına nə qazandırdığını poetik şəkildə ifadə edir:

       Dörd il acıya dözdüm,
       Dörd qış səngərdə yatdım.
       Döyüşlərdə bərkiyib,
       Döyüşlərdə boy atdım.

       Yaralı əsgər təki
       Sən Berlinə dönəndə
       Qalib bir əsgər kimi
       Döndüm yurduma mən də.

İslam Səfərli yaradıcılığında müharibə mövzusu onun poemalarında daha qabarıq şəkildə özünü göstərir. Xüsusilə şairin “Yaralı nəğmə”, “Çex qızının məhəbbəti” və “Sınaq gecəsi” poemaları bu mövzuda yazılmış ən yaxşı poeziya nümunələri kimi diqqəti cəlb edir. “Yaralı nəğmə” poemasında beş nəfər kəşfiyyatçının hərbi tapşırığı yerinə yetirərkən başlarına gələn hadisələr təsvir olunur. Eyni zamanda müəllifin sadə, poetik dillə və adi detallarla təsvir etdiyi kiçik bir epizod o ağır illərin ağrı-acılarını inandırıcı və təbii boyalarla əks etdirir:

       Sındı, papağımdan düşdü ulduzum.
       Çox şükür, qar üstdə beşdi ulduzum.
       Beşi də salamat, beşi də canlı!
       İkisi evlidir, ikisi subay,  Biri nişanlı...

Təəssüf ki, az sonra həmin beş igid kəşfiyyatçıdan biri düşmən gülləsinin qurbanı olur. Həm də o, mahir bir nəğməkar, dilində çox nəğmələri yarımçıq qalan bir yeniyetmə idi. Əlbəttə, bu epizod şair təxəyyülünün məhsuludur, lakin burda bir reallıq, eyni zamanda bir rəmzi məna var: müharibə çox ocaqları söndürüb, çox ürəkləri yaralı, çox nəğmələri yarımçıq qoyub. Elə məhz buna görə şair müharibə mövzusundakı ən yaxşı poemalarından birini “Yaralı nəğmə” adlandırıb.
İslam Səfərlinin müharibə mövzusunda yazdığı poemalar içərisində “Çex qızının məhəbbəti” poeması xüsusi yer tutur. Poema geniş və əhatəli süjet xətti, milli adət-ənənələrin mahiyyətinin izahı baxımından da diqqəti cəlb edir. Poemada qəhrəmanın ağır döyüşlərin birində gözlərini itirməsi, hərbi xəstəxanada müalicə olunarkən çex qızı Erika adlı tibb bacısı ilə tanış olması, bu tanışlığın və Erikanın dünya işığına həsrət qalan azərbaycanlı oğlana olan diqqət və ehtiramının məhəbbətə çevrilməsi, nəhayət, onların hər ikisinin Azərbaycana gəlib ailə qurmaları, uzun müddət xoşbəxt həyat sürmələri poetik dillə təsvir edilir. Şair sətiraltı məna ilə onu da ifadə etmişdir ki, eşq və məhəbbət kimi ali hiss göydən od-alovun yağdığı günlərdə də unudulmur, yaşayır.
“Sınaq gecəsi” poemasında da şairin müharibəyə nifrəti, sülhə çağırış məqamları öz əksini tapıb.
Ümumiyyətlə, müharibə dəhşətlərinin hər üzünü görən İslam Səfərli müharibədən sonrakı illərdə yazdığı şeirlərində də sülhsevər bir qələm sahibi, insanları sülhə çağıran bir vətənpərvər kimi diqqəti cəlb edir. Onun uzun illər boyu xəyallarında müharibəni canlandırması, döyüş səhnələrini yaddan çıxara bilməməsi həm müharibə illərində çəkdiyi ağrı-acıların, həm də müharibəyə nifrətinin nəticəsi idi. Bu fikir şairin “Səngərsiz döyüş” şerində ifadə olunub:

       Yadımdan çıxmayır döyüş günləri,
       Azı min səngərə sinə gərmişəm.
       İllər dolansa da o vaxtdan bəri,
       Elə bil cəbhəni dünən görmüşəm.

Özünəməxsus zəngin yaradıcılıq irsi qoyub gedən şair İslam Səfərlinin müharibə mövzusunda yaratdığı poeziya nümunələri xalqımızın tarixinin müəyyən dövrünün bədii salnaməsi kimi təqdirəlayiqdir.

Vaqif MƏMMƏDOV
Azərbaycan Yazıçılar Birliyinin üzvü