Naxçıvan Dövlət Universitetində şair-dramaturq İslam Səfərlinin 90 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilmişdir. Konfransı giriş sözü ilə açan universitetin rektoru, akademik İsa Həbib­bəyli vətənpərvər, incə poetik ruha malik şairin çoxcəhətli yaradıcılığından, poeziyasının ideya-bədii məziyyətlərindən bəhs etmişdir. Bildirilmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun tanınmış şair-dramaturq, tərcüməçi və publisist İslam Səfərlinin 90 illik yubileyinin Naxçıvanda geniş şəkildə qeyd olunması ilə əlaqədar 18 yanvar 2013-cü il tarixdə imzaladığı Sərəncam onun ədəbi irsinə yüksək qiymət verməklə yanaşı, İslam Səfərli yaradıcılığının sistemli şəkildə tədqiqi baxımından müasir ədəbiyyatşünaslığın üzərinə mühüm vəzifələr qoyur. Rektor bununla bağlı keçiriləcək müxtəlif səpgili yubiley tədbirləri barədə də məlumat vermişdir.
Azərbaycan ədəbiyyatı kafedrasının professoru, filologiya elmləri doktoru Yavuz Axundlu çıxış edərək şairlə bağlı xatirələrini bölüşmüş, İslam Səfərlinin Azərbaycan poeziyasında özünəməxsus yeri olduğunu vurğulamışdır. Qeyd olunmuşdur ki, 1941-1945-ci illər müharibəsində iştirak edən şair müharibə mövzulu şeir və poemalarında xalqımızın alman faşizminə qarşı mübarizədə göstərdiyi şücaəti təsirli poetik lövhələrlə təsvir etmişdir. Oçerk, novella, libretto və kinossenari müəllifi kimi də tanınan İslam Səfərlinin uğurlu tərcümələri vardır.
Sonra filologiya üzrə fəlsəfə doktoru, şair Xanəli Kərimlinin “İslam Səfərli yaradıcılığında Naxçıvan”, filologiya üzrə fəlsəfə doktoru Seyfəddin Eyvazovun “İslam Səfərlinin dramaturgiyası”, pedaqogika üzrə fəlsəfə doktoru Kamal Camalovun “İslam Səfərli yaradıcılığında maarifçilik ideyaları”, sənətşünaslıq üzrə fəlsəfə doktoru İnara Məhərrəmovanın “İslam Səfərlinin şeirlərinə yazılmış mahnılar”, universitetin Elektron Kitabxanasının direktor müavini Röyal Məmiyevin “İslam Səfərli şeirlərinin dil xüsusiyyətləri” mövzusunda məruzələri dinlənilmişdir.
Sonda İslam Səfərlinin şeirləri bədii qiraət olunmuş, sözlərinə yazılmış mahnılar ifa edilmişdir.
Konfransda şairin həyat və yaradıcılığını əks etdirən slaydlar, əsərlərindən ibarət kitab sərgisi nümayiş olunmuşdur.

Mehriban SULTAN