Yazın ilk günü olan Novruz bayramını, yəni təbiətin oyanmasını xalqımız həmişə ən əziz bayram kimi təntənə ilə qeyd edir. Adamlar əvvəlcədən bayrama hazırlaşır, evlər təmizlənir, paltar-palazlar çırpılır, qab-qacaqlar yuyulur. Novruz süfrəsinə düzmək üçün cürbəcür xörəklər, çərəz, şirni hazırlanır. Xalq etiqadına görə, bayram axşamı gərək hamı dərd-qəmi unutsun, şən əhval-ruhiyyədə olsun. Çünki belə olduqda bütün il də adamlar üçün elə bu tərzdə keçər. Novruz bayramında bir sıra mərasim və ayinlər icra olunar. Tarixi mənbələr göstərir ki, xalqımız arasında at həmişə insanın şərəfi, qəhrəmanlığı və qələbəsinin rəmzi olduğu halda, atsızlıq zəifliyin, məğlubiyyətin ifadəsi olmuşdur.

“Cıdır” mərasimi

Azərbaycan xalqının qəhrəmanlıq tarixini əks etdirən “Kitabi-Dədə Qorqud” dastanının boylarında əcdadlarımızın ata bəslədikləri sonsuz məhəbbət bədii dillə təsvir edilmişdir. Novruz bayramı ilə əlaqədar Ordubad rayonunun ucqar dağ və sərhəd kəndi Tividə adamların yaşatdıqları mərasimlərdən olan “Cıdır” bu mənada xüsusi qeyd olunmalıdır. Novruz bayramı ərəfəsindəki çərşənbələrin sonuncusundan – torpaq çərşənbəsindən sonrakı günün erkən səhərindən başlanan suüstü mərasiminin ikinci mərhələsi sayılan “Cıdır” mərasimində rayonun Xurs, Nürgüt, Nəsirvaz, Bist, Tivi və Parağa kəndlərinin cavan çaparları qara zurnanın sədaları altında yarışırlar. Mərasimdə atlara göstərilən diqqət onların cilovundan, yəhərindən, üzəngisindən bəlli olar.

Kütləvi cıdırdan sonra fərqlənən atlarla sərt yoxuş yollarla “Haça” deyilən təpəyə qədər çapılır. Mərasim çal-çağırla sona çatır. Mərasimdən sonra camaat halal zəhmətlə qazandığı nemətlərlə dolu süfrəyə digər kəndlərdən mərasimə gələn tamaşaçıları da dəvət edər.

“Xanbəzəmə” meydan tamaşası yaşadılan milli dəyərlərdəndir

İlaxır çərşənbə günü və ondan sonrakı Novruz bayramı günlərində Ordubadda göstərilən “Xanbəzəmə” meydan tamaşası əski çağlardan davam edərək bu günümüzə gəlib çatan adətlərdəndir. Bayram günü sübh çağından bir qədər keçəndən sonra kiçikdən böyüyə hər kəs heç bir dəvət almadan mərkəzi meydana toplaşır. Qara zurna və nağaranın müşayiətilə musiqi nömrələri ifa olunur. Geyinib bəzədilmiş xan təmtəraqla meydana gətirilərək meydanın yuxarı başında qurulmuş taxtda əyləşdirilir. İki oğlan uşağı xanı yelpiklə yelləyir. Meydan tamaşası üçün seçilmiş vəzir-vəkil də gəlib xanın sağ-solunda əyləşirlər. Təyin olunmuş fərraşlar, qırmızı paltar geyinmiş cəllad xanın əmrlərinə hazır dururlar. Xanın verdiyi əmrlər mərhələ-mərhələ yerinə yetirilir. Yola salınmaqda olan qışın simvolları Kosa və Keçəl, yalançı pəhləvanın rəmzi olan təlxək meydana atılıb cürbəcür gülməli oyunlar göstərməklə xanı güldürməyə çalışırlar. Çünki el adətinə görə, xan gülərsə, onu taxtdan endirib yerinə təzə xan seçərlər. “Xanbəzəmə” mərasimində Kosa və Keçəl obrazı ilə yanaşı, xan obrazı və onun ətrafındakılar da qışın rəmzi kimi xalqın yaddaşında yaşamışdır. Xanı güldürmək el arasında insanların sərt, qaşqabaqlı qışın yerinə gülərüz, mülayim, onlara sevinc, xoş güzəran, ruzi-bərəkət gətirən yazı gətirmək istəyini ifadə edir. Adətə görə, mərasimin sonunda xanın güldürülüb üzərinə su atılması qışın yola salınması və yazın qarşılanması anlamını daşıyır.

“Yumurta döyüşdürmə” oyun-əyləncəsi Novruzun sevilən mərasimlərindəndir

Novruz bayramı ərəfəsində qeyd olunan su çərşənbəsindən başlayaraq oğlan uşaqları, cavanlar və ortayaşlı nəslin nümayəndələri yumurta döyüşdürmə oyun-əyləncəsi keçirirlər. Yumurta döyüşdürmə oyununda, əsasən, bişmiş və müxtəlif rənglərlə boyanmış yumurtalardan istifadə olunur. Qədim azərbaycanlıların ilaxır çərşənbələr arasında və Novruz bayramı günlərində qırmızı yumurta boyamaq adəti torpağın dirilməsi, canlanması, bir sözlə, oyanma, dirilmə inancı ilə əlaqədardır. O da məlumdur ki, il hər biri üç aydan ibarət olmaqla, dörd fəslə bölünmüşdür. Ulu əcdadlarımız da yumurtaları yaşıl (göy), sarı, qırmızı rənglərlə boyamaqla bu rənglərin hər birinə təbiət səciyyəsi vermişlər. Boyanmamış ağ rəng qışı, yaşıl rəng yazı, qırmızı rəng yayı, sarı rəng payızı mənalandırır. O da qeyd olunmalıdır ki, mənbələrdə ulu əcdadlarımızın ibtidai təsəvvür və etiqadlarında yumurta həm də Tanrının bəşəriyyətə bəxş etdiyi dörd əsas maddi nemət olan hava, su, torpaq və odun bir yerdə əks olunduğu nəsnə kimi səciyyələnir. Belə ki, yumurtanın dairəviliyi və qabığı torpağı, pərdəsi havanı, ağı suyu, sarısı isə odu simvollaşdırır. Xalqımızın bədii təfəkküründə kök salmış bu oyun-əyləncənin xüsusiyyətləri dahi Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin əsərlərində də özünə yer almışdır. Yumurta döyüşdürmə mərasimindən sonra keçirilən oyunlar da maraqlı əyləncələrdən olmuşdur. Belə oyunlardan biri də yumurtaları yoxuş yerdən üzüaşağı diyirlətməkdir. Cavanlar və uşaqlar tərəfindən icra olunan bu oyunda kimin diyirləndirdiyi yumurta uzaq məsafəyə gedərsə, o, qalib hesab olunur. Çox sevindirici haldır ki, Novruz bayramı ərəfəsində və bayramaqədər müddətdə ulu əcdadlarımız tərəfindən icra olunan oyun və əyləncələr bu gün də muxtar respublikamızın yaşayış məntəqələrində bu və ya digər variantlarda yaşamaqdadır.

Nizami ƏZİZƏLİYEV