Hər kəs özünəməxsus fərqli bir ömür yaşayır. Böyük zaman üçün çox kiçik olan qısa bir ömrü fəsillər kimi düşünə bilərik. Ömrün də baharı, yayı, payızı, qışı vardır. Gələcək məhsulun təməli baharda qoyulduğu kimi, insanın gələcək mənalı ömrünün də əsası gənclikdə qoyulur. Nahaq demirlər ki, gənclik ömrün baharıdır. Gənclik də bahar kimi qaynar, bahar kimi rəngarəng, bahar kimi zəngin olur. Ona görədir ki, yaxşı nə varsa, hər şey gənclikdə qazanılır, – insan ailədən, məktəbdən, ətraf mühitdən, mütaliə etdiyi kitablardan, sağlam əhatəsindən, müdrik, ağsaqqal insanlardan eşidir, özünə doğru, düzgün yol seçir. O insanlar xoşbəxtdir ki, mənən rahatdırlar, gördüyü işləri ilə tanınır, el-obasını şöhrətləndirirlər. Belə ləyaqətli insanlardan biri, el ağsaqqalı Fərrux Nağızadə haqqında söhbət açmağı bir ziyalı kimi özümə borc bilirəm.

 

Fərrux müəllim yeniyetmə və gənclərimizə örnək olacaq şərəfli bir ömür yolu keçib. Bu yol Ordubad rayonunun Yuxarı Əndəmic kəndində göz açdığı sadə fəhlə ailəsində doğulduğu ocağa, yurda, torpağa sevgi, əməyə, zəhmətə bağlılıqdan başlayaraq məktəb illərində yaxşı oxumaqdan, sonra da hərbçi kimi uğurlu hərbi xidmətdən keçib.
1969-cu ildə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbini müvəffəqiyyətlə bitirərək Laçın, Zərdab rayon hərbi komissarlıqlarında məsul vəzifələr daşıyır. 1978-1983-cü illərdə Oğuz rayonunun, 1983-1989-cu illərdə isə Ağdam rayonunun hərbi komissarı vəzifələrində çalışır. Təqaüdə çıxdıqdan sonra yenidən öz doğma kəndinə, ata-baba ocağına qayıdır, yenə də torpağa, zəhmətə bağlanır, el-obasının xeyir-şər işlərində yaxından iştirak edir.
Ehtiyatda olan polkovnik-leytenant kimi 1995-ci ildə Ordubad Rayon İcra Hakimiyyətində Mülki müdafiə qərargahının rəisi vəzifəsinə dəvət alır, 2000-ci ilədək bu vəzifədə çalışır. 2003-cü ildən isə Ordubad Rayon Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranlar Şurasının sədri vəzifəsində çalışır.
Bir hərbçi kimi möhkəm xarakteri, iradə və qətiyyəti ilə seçilən Fərrux müəllim həmişə Vətənə, dövlətə, dövlətçiliyimizə sədaqəti ilə seçilib. Gəncliyindən hər bir işdə nümunəvi, məsuliyyətli və intizamlı olmağı sevən Fərrux Nağızadə bir ağsaqqal kimi bu gün də gənclərimizə böyük, kiçik yerini bilməyi, insani ləyaqəti uca tutmağı, etik qaydaları gözləməyi, milli-mənəvi dəyərlərə sadiq olmağı tövsiyə edir. Həm də onların yaxşı işini, uğurunu, istedad və bacarıqlarını görəndə bir ağsaqqal kimi çox sevinir. Milli ordu sıralarına yola düşən gənclərimizə hər bir çağırışda bir təcrübəli hərbçi kimi də xeyir-dua verir, onlara öz dəyərli tövsiyələrini çatdırır.
Zahiri görünüşcə sərt təbiətli görünsə də, olduqca səmimi, mehriban və açıqqəlblidir, insanlarla həmsöhbət olmaqla hər kəsin qəlbinə yol tapa bilir. İctimai işlər aparmaqla, rayonda keçirilən müxtəlif tədbirlərdə fəal iştirak etməklə yanaşı, Fərrux müəllim həm də əməksevər, torpağa bağlı insandır, səriştəli bağbandır. Öz əlinin səliqəsi və zəhməti ilə torpağını əkib becərir, sübh tezdən bağına, bağçasına salam verir, yetişdirdiyi ağaclarına, tinglərinə sığal çəkir, qulluq edir, calaq vurur, müxtəlif növ yeni meyvə ağacları yetişdirir, onların nazını çəkir.
Qayğıkeş ata, mehriban baba olan Fərrux müəllim həm də kövrək qəlbiylə yazıb-yaradır, öz fikir və düşüncələrini poetik misralara çevirir. Geniş oxucu auditoriyasına, ilk olaraq müxtəlif səpkili, maraqlı və məzmunlu şeirləri ilə 2010-cu ildə nəşr olunan “Gözlərim yolunda, izində qaldı” kitabı ilə gəlib. Sözə yüksək dəyər verən Fərrux müəllim yazır:

Yaxşı dinləməyi bacarmaq ki, var
Yaxşı danışmağa bərabər olar.
Dil ən gözəlidir şirniyyatlardan
Dillə valeh edər şirindil adam.

2011-ci ildə onun “Mənə silah verin” kitabı işıq üzü görüb. Fərrux müəllimin “Yurd qayıtmaz davasız, yurd qayıtmaz havadan” deməsi bir daha 44 günlük, sonu zəfərlə bitən Vətən müharibəmizdə öz təsdiqini tapdı. 2018-ci ildə şairin sayca üçüncü kitabı olan “Dağlar da arxasız olmasın” kitabı ilə vaxtilə yaşayıb işlədiyi Qarabağ bölgəsində oxucuların çoxunun bilmədikləri, özünün şahidi olduğu hadisə və həqiqətləri onlara çatdırır, ağsaqqal təmkini və nəsihətilə gənclərimizi öz ata ocağının çırağını yandırmağa səsləyir.
Bütün sevgilərin başında ilahi sevgi – Uca Yaradana sevgi dayanır. Bu, 2019-cu ildə ərsəyə gətirdiyi dördüncü kitabı olan “Peyğəmbərlər” kitabında da bir daha öz təsdiqini tapıb. Müqəddəs kitabımız “Qurani-Kərim”dən bəhrələnən və peyğəmbərlərimizin həyatına dair hekayətlərə yaxından bələd olan şair ilahi gerçək həqiqətləri şeirin dili ilə oxucularına çatdırır. İnsanları yüksək bəşəri hisslərə, düzlük və paklığa, daxili zənginlik və mənəvi ucalığa, səbir və dözümə çağırır.
Ömrünün müdrik və ixtiyar çağını yaşayan Fərrux Nağızadə bu gün də yorulmadan çalışır, yazır, yaradır. ”Peyğəmbərlər” kitabının II cildi üzərində həvəslə işləyir. Biz də, öz növbəmizdə, el ağsaqqalımız Fərrux müəllimə uzun ömür, möhkəm cansağlığı arzulayırıq ki, ürəyincə, qəlbincə yazıb-yaratmaq istədiklərini, poetik duyğularını şeirlərə, kitablara çevirsin, oxucularla növbəti yeni kitabı ilə yenidən görüşə gəlsin.

Əyyar SƏFƏROV
Ordubad rayon Əndəmic kənd
tam orta məktəbinin direktoru