28 dekabr 2021-ci il tarixdə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasıtərəfindən Xalq yazıçısı Əzizə Cəfərzadənin anadan olmasının 100 illiyi münasibətilə onlayn tədbir keçirilmişdir.

 

Tədbiri giriş sözü ilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru Tamella Əsgərova açaraq bildirmişdir ki, XX əsr Azərbaycan ədəbiyyatında Əzizə Cəfərzadə yaradıcılığının özünəməxsüs yeri vardır. O, xalqımızın əsrlər boyu təşəkkül tapmış yüksək milli-mənəvi dəyərlərinin qorunması, elimizin gözəl adət-ənənələrinin təbliğ olunması naminə altmış ildən artıq bir dövr ərzində yorulmadan yazıb yaratmış, çoxsaylı əsərləri ilə nəsrimizin inkişafına qiymətli töhvələr vermişdir.

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının elmi işlər üzrə direktor müavini Yeganə Rüstəmova “Ədəbi aləmdə yaşayan və sevilən Əzizə Cəfərzadə”, “Naxçıvan” Universitetinin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əli Həşimov “Əzizə Cəfərzadə yaradıcılığında tarixi nəsr” adlı mövzularla çıxış edərək bildirmişlər ki, Xalq yazıçısı Əzizə Cəfərzadə ədəbi fəaliyyətə çox gənc ikən 16 yaşında başlamış və “Əzrayıl” adlı ilk hekayəsini 1937-ci ildə “Ədəbiyyat” qəzetində çap etdirmişdir. İlk kitabı 1948-cı ildə çap edilmiş, lakin Moskvanın xüsusi qərarı ilə satışa çıxmamışdan əvvəl qadağan edilib yandırılmışdir. Əzizə xanımın nəsr əsərləri əsasən tarixi roman janrında yazılmışdır. Əzizə Cəfərzadə klassik Azərbaycan ədəbiyyatı, xüsusilə də şifahi ədəbi irsimizin öyrənilməsi sahəsində gərgin elmi axtarışlar aparmışdır. O, Azərbaycanın klassik və müasir ədəbi irsini təbliğ etmişdir. Azərbaycanda qadın və uşaqların hüquqlarının qorunması sahəsində aktiv fəaliyyət göstərmiş, Azərbaycanın müstəqilliyi və erməni təcavüzünə qarşı hərəkatda daim öndə olan bir vətəndaş olmuşdur. Əzizə Cəfərzadənin Azərbaycan elmi və ədəbiyyatı qarşısında göstərdiyi xidmətlər yüksək qiymətləndirilmişdir. “Xalqlar dostluğu” və “Şöhrət” ordenləri ilə təltif edilmiş, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olmuşdur. O, 2001-ci ildə “Azərbaycan Anası” və “Xalq yazıçısı” kimi yüksək adlara layiq görülmüşdür.

Daha sonra görkəmli ədibin oğlu, Əzizə Cəfərzadə irsinin qorunub saxlanılmasında böyük xidmətləri olan texnika elmləri üzrə fəlsəfə doktoru Turan İbrahimov anası haqqında xatirələri tədbir iştirakçıları ilə bölüşərək qeyd etmişdir ki, yubiley ərəfəsində yazıçının çoxcildlik “Seçilmiş əsərləri”nin çapına başlanılmış və artıq 12 cild nəşr olunmuşdur. “Elm və təhsil” nəşriyyatında yayımlanan cildlərə yazıçının indiyədək latın qrafikası ilə nəşr olunmamış və eləcə də az tirajla yayımlanmış əsərləri daxil edilmişdir. Digər əsərlərin nəşri üzərində də iş davam etdirilir. Sonrakı cildlərdə yazıçının Azərbaycan klassik ədəbiyyatı, aşıq yaradıcılığı, həmçinin qadın aşıq və şairlərə həsr edilmiş elmi-tədqiqat işləri, publisistik məqalələri nəşr olunacaqdır.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin

mətbuat xidməti