Muxtar respublikada mədəniyyətin təbliği və sakinlərin mədəni istirahətinin təşkili məqsədilə müxtəlifməzmunlu tədbirlərin keçirilməsi, əlamətdar və tarixi günlər, eləcə də tanınmış şəxsiyyətlərin yubiley və anım günləri ilə bağlı sərgilərin nümayişi noyabr ayında da davam etdirilmişdir.


Ötən ay Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu tərəfindən Məhəmməd Tağı Sidqinin ev-muzeyinə görkəmli pedaqoqa aid əlyazma nüsxələrinin, həmçinin Hüseyn Cavidin Naxçıvan şəhərindəki ev-muzeyində “Cavidşünaslıq” çoxcildliyinin təqdimatı keçirilmiş, Naxçıvan Dövlət Musiqili Dram Teatrında Nikolay Vasilyeviç Qoqolun “Müfəttiş” əsəri əsasında hazırlanmış eyniadlı tamaşanın nümayişi olmuşdur.
Hesabat dövründə hamiliklə bağlı 3 açıq dərs, 1 kitab müzakirəsi, 1 mühazirə və film nümayişi, 1 ustad dərsi olmaqla, ümumilikdə, 6 tədbir keçirilmişdir. “Əllə toxunmuş xalçaların reyestri sistemi”nə daxil olan 2 xalça haqqında “naxcivan_muzeyleri” “Instagram” səhifəsində məlumatlar paylaşılmışdır.
Aşıq Ələsgərin 200 illik yubileyi ilə əlaqədar Babək və Culfa Rayon Mədəniyyət şöbələrinin tabeliyində olan uşaq musiqi məktəblərinin saz ixtisası üzrə müəllim və şagirdlərinə Aşıq Ələsgərin yaradıcılığından bəhs edən ustad dərs təşkil olunmuş, Babək Rayon Mədəniyyət Sarayında rayon Xalq Teatrının hazırladığı “Ələsgərlə dindi sazım” adlı kompozisiya tamaşaçılara təqdim edilmişdir. “Nizami Gəncəvi ili” ilə bağlı Naxçıvan Muxtar Respublikası Ədəbiyyat Muzeyində “Poeziya dünyasının dahisi – Nizami Gəncəvi” adlı tədbir keçirilmiş, Ordubad Rayon Xalq Teatrının Nizami Gəncəvinin 880 illik yubileyi ilə əlaqədar hazırladığı kompozisiya nümayiş olunmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2021-ci il oktyabrın 16-da Kamil Əliyevin 100 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında qeyd olunması ilə bağlı Sərəncam imzalamış, “Tədbirlər Planı” təsdiq olunmuşdur. “Tədbirlər Planı”nın icrası ilə əlaqədar Naxçıvan Dövlət Xalça Muzeyində Naxçıvan Müəllimlər İnstitutunun və “Naxçıvan” Universitetinin tələbələrinə açıq dərs keçilmişdir.
Ötən ay muxtar respublikada fəaliyyət göstərən 40-dan çox nazirlik, komitə və baş idarələrin, müəssisə və təşkilatların muzeylərlə tanışlığı təmin edilmiş, muxtar respublikaya səfər edən qonaqların, rəsmi nümayəndə heyətlərinin muzeylərlə tanışlığı zamanı onlara nümunəvi muzey xidməti göstərilmişdir. Noyabr ayında muxtar diyarda fəaliyyət göstərən muzeyləri 48 min 492 yerli, 8 min 3680 əcnəbi olmaqla, ümumilikdə, 57 min 172 tamaşaçı ziyarət etmiş, bu muzeylərə 345 yeni eksponat daxil olmuşdur.
Hesabat ayında muxtar respublikanın ümumtəhsil məktəbləri arasında interaktiv dərslərin keçilməsi davam etdirilmişdir. Noyabr ayında Babək, Şahbuz, Culfa və Şərur Rayon Tarix-Diyarşünaslıq muzeyləri əməkdaşlarının kənd sakinləri ilə 4 görüşü olmuşdur. Ötən ay muxtar respublikanın muzeylərində, ümumilikdə, 15 tədbir keçirilmiş, 2 sərgi qurulmuşdur. Bundan başqa, “Naxçıvan” Universitetinin Turizm və otelçilik ixtisası üzrə IV kurs tələbələrinin muzeylərdə təcrübə keçmələri təmin edilmiş, həmçinin ümumtəhsil məktəblərinin şagirdləri üçün də muzeylərdə açıq dərs keçilmiş, mühazirə oxunmuşdur.
Ötən ay da muzeylər tərəfindən Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda mübarizədə şəhid olmuş milli qəhrəmanların doğum və anım günləri münasibətilə, əlamətdar və tarixi günlərdən, tanınmış şəxsiyyətlərdən və digər bu kimi mövzulardan bəhs edən 340 sayda material hazırlanmış və sosial şəbəkələrdə paylaşılmışdır.
“Oxunması zəruri olan kitabların Siyahısı”na daxil olan kitabların müzakirəsi noyabr ayında da davam etdirilmişdir. Ötən ay “Mütaliə günü” və “Nağıl günü” ilə bağlı muxtar respublikanın kitabxanaları tərəfindən 46 tədbir keçirilmiş, həmçinin sağlamlıq imkanları məhdud 22 uşağa səyyar kitabxana xidməti göstərilmişdir. Hesabat ayında muxtar respublika kitabxanalarına 76 adda 169 nüsxə çap məhsulu daxil olmuş, 1274 yeni oxucu müraciət etmiş, oxucu gəlişi 9 min 667, kitab verilişi isə 47 min 132 nüsxə olmuşdur. Bundan başqa, ötən ay elektron kataloqa 702 adda kitab işlənərək buradakı kitabların sayı 28 min 401-ə, şəbəkəyə işlənmiş (PDF) kitabların sayı 3 min 601-ə çatdırılmışdır. Ay ərzində elektron kitabxanadan 351 lokal, 530 qlobal olmaqla, ümumilikdə, 881 oxucu istifadə etmişdir.
Xalq yaradıcılığının öyrənilməsi, yaşadılması və gələcək nəsillərə çatdırılması məqsədilə noyabr ayında Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz tərəfindən xalq yaradıcılığı ilə bağlı 1 videomaterial hazırlanmış, həmçinin mərkəzin hazırladığı “Vətən qəhrəmanları” adlı ssenari mətni əsasında Ordubad Rayon Mədəniyyət Şöbəsinin tabeliyindəki klub müəssisələrinin əməkdaşları tərəfindən hazırlanmış kompozisiyanın Naxçıvan Dövlət Film Fondu tərəfindən çəkilişi aparılmışdır.
Hesabat dövründə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı K.Çapekin “Ana”, M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı Nizami Gəncəvinin “Yeddi gözəl” əsərindən götürülmüş “Fitnə”, Naxçıvan Dövlət Uşaq Teatrı isə Nizami Gəncəvinin “Sirlər xəzinəsi” poemasından “Ovçu ilə itin və tülkünün hekayəti” əsasında hazırlanan tamaşaların məşqlərini davam etdirmişdir.
Nazirliyin tabeliyində olan müəssisələrdə çalışan gənclərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə noyabr ayında “Xudafərin” Gənclər Birliyinin üzvləri arasında “Mən ki gözəl deyildim” filminin onlayn müzakirəsi aparılmış, nazirliyin Gənclər Təşkilatının üzvləri arasında “XX əsrin əvvəllərində Azərbaycan ədəbi mühiti: romantizm cərəyanı” adlı maarifləndirici tədbir keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin mətbuat xidməti