Milli dəyərlərimizi öyrənək və yaşadaq

Ta qədimlərdən xalçaçılıq sənəti milli özünüdərk və milli özünüifadə vasitəsi kimi mühüm dəyərə malikdir. Uzun bir inkişaf yolu keçən xalçaçılığın tarixi, tədqiqatçıların fikrincə, çox qədimdir. Azərbaycanda formalaşan çoxsaylı xalçaçılıq məktəbləri, yaranan köklü ənənələr  araşdırıcıların bu qənaətinə haqq qazandırır ki, Azərbaycan xalçaçılığının tarixi xalqımızın tarixi qədər qədimdir.

 

Xalqımızın xalçaçılıqda ifadə olunan düşüncə tarixi xalqın arxaik etnik tarixi ilə üst-üstə düşür, onun çox əhəmiyyətli hissəsini təşkil edir. Təsadüfi deyil ki, xalça təsvirlərində mifoloji məna aləmi, folklor obrazları əsas ağırlıq mərkəzlərini təşkil edir. Xalça təsvirlərində bu obrazların səciyyəvi keyfiyyətlərinin ümumiləşdirilməsinin şahidi oluruq.
Xalça sənəti ilk söz sənəti arasından transfor­matik təkamül, həm də etnik düşüncələri inkişafın göstəricisi kimi maraq doğurur. Bu sahələrlə əlaqəli iki istiqamət nəzər-diqqəti cəlb edir: xalçalarda mifoloji məna aləmi və folklor obrazları; folklor mətnlərində xalça.

Deyirlər ki, yuxuda gördüyün xalça yol deməkdir. Nağıllarımızda da uçan xalçalardan geniş bəhs olunur.
Uçmaq da yolla, səfərlə bağlıdır. Xalq arasında belə bir inam vardır ki, uşaq həmişə xalça üstündə dolanarsa, gözləri işıqlı olar, uzağı yaxşı görər. Eyni inamın izləri “Koroğlu” dastanında da vardır. Naxçıvandan toplanmış bayatılarda deyilir:

Araçqının zəri var,
Butası var, zəri var.
Naxçıvan xalçasının
Yurduna bənzəri var.

Xalça sal qarış-qarış,
Güllü, butalı naxış.
Baxdım özüm itirdim –
Bu nə sirr, bu nə baxış.

Görkəmli alim Kamil Vəliyev yazır: “Bizim elin dürlü-dürlü xalçaları var, hərəsinin də öz naxışı, öz gözəlliyi. Qarabağ xalçası, Şirvan xalçası, Naxçıvan xalçası, Təbriz xalçası, Quba xalçası...”
Bu gün də həmin ənənələrə həssaslıqla yanaşılır. Naxçıvan şəhərində 1998-ci ilin fevral ayından Dövlət Xalça Muzeyi fəaliyyət göstərir. Cəmi 377 eksponatla fəaliyyətə başlamış muzeydə indi 4000-ə yaxın artıq maddi mədəniyyət nümunəsi toplanıb, mühafizə olunur. Muzeyin ekspozisiyası XVIII-XIX əsrlərdən başlamış bu günə qədərki, yəni 300 illik bir dövrü əhatə edir. Burada xalçaçılığın inkişaf yolu xronoloji ardıcıllıqla izlənilir: Keçə bu sahədə ilk nümunələrdəndir. Bildiyimiz kimi, o, yunu döymə üsulu ilə hazırlanır. Yun yerə sərilir, üzərinə su çilənir, əlavəsi alınır, bükülür, döyülür. Sonra isə həsirtoxuma sənəti formalaşmışdır. Həsir telləri bir-birinə keçirtmə üsulu ilə toxunur.

Xalçalar öz texnologiyasına görə xovlu və xovsuz olmaqla, iki yerə ayrılır. Xalça muzeyində palaz, cecim, kilim, sumax, şəddə və başqa xovsuz məmulatlar da toplanıb.
Palazın əriş və arğacları sadə olur. Bəzəkləri də sadə formalıdır. Yundan, pambıqdan, bəzən də ipəkdən toxunur. Cecimin də əriş və arğacları sadə olur. Şaquli istiqamətdə enli və ensiz zolaqlar cecim üçün səciyyəvidir. Bəzən üzərinə həndəsi elementlər də salınır.
Kilim ölçülərinin böyüklüyü ilə seçilir. Nəbati motivli güllər, rombvari qarmaqlı elementlər, şux rənglər kilim üçün xarakterikdir.
Sumax qayıq adlı texniki üsulla toxunur. Medalyonlar, heyvan və quş təsvirləri ilə bəzədilir. Kənar haşiyə ilə əhatələnir.
Süjetli olan şəddədə bəzən heyvan təsvirlərinə də rast gəlirik.
Xalçaçılıqda müxtəlif heyvan təsvirlərinə müraciət, şübhəsiz ki, dünyagörüşlə bağlıdır. Məsələn, görkəmli yazıçı Yusif Vəzir Çəmənzəminli “Qızlar bulağı” romanında qoçun müqəddəs heyvan sayıldığını, ona itaət edildiyini xüsusi qeyd edirdi:

Gəldik çeşməyə
Sudan içməyə.
Ağca qoçlara
Təzim etməyə.

Eləcə də qurd, əjdaha, quş təsvirləri xalçalarda mənalı elementlər kimi xüsusi funksiya daşıyır. Naxçıvan Dövlət Xalça Muzeyindəki eksponatlar bütün bunlar barədə canlı təsəvvür yaradır.
Qeyd etməliyik ki, Azərbaycanda 4 əsas xalçaçılıq məktəbindən biri də Təbriz-Naxçıvan məktəbi hesab olunur. Coğrafi mövqe bu məktəbə məxsus sənət örnəklərinin naxışlarına, kompozisiyasına, rəng və texniki xüsusiyyətlərinə əhəmiyyətli dərəcədə təsir göstərmiş, spesifik cəhətləri müəyyənləşdirmişdir.
Naxçıvan xalçaları işlənmə texnikası və bədiiliyinə görə iki qrupa ayrılır: həndəsi və nəbati naxışlı xalçalar.
Birinci qrup xalçalarda həndəsi fiqurlar, romb, günəşvari şəkillər, qoç buynuzları əsas yer tutur.
İkinci qrup xalçalarda isə nəbati naxışlar, gül-çiçək təsvirləri, buta motivləri əsasdır.
Xovsuz xalçaların, xüsusən cecimin əsas istehsal mərkəzi tarixən Ordubad olmuşdur. Burada ipək liflərdən toxunan dəvə karvanı daim dövr edən əbədi həyatın, ömür karvanının simvoludur. Romb və qarmaq formalı həndəsi naxışlar əkin sahələrini, bolluğu rəmzləndirirdilər. Bütün bunlar isə Ordubadın həyatı, gün-güzəranı ilə sıx bağlı idi.
Mənbələrdə göstərildiyi kimi, Ordubad yüksəkkeyfiyyətli ipəyi ilə bütün Qafqazda məşhur olmuşdur. Ordubad ipəyi İrana, Suriyaya, Venesiyaya, Fransaya, Kiçik Asiya ölkə­lərinə və başqa yerlərə göndərilirdi. Şübhəsiz ki, Ordubad ipəyindən hazırlanan cecimlər də gözəlliyi, keyfiyyəti ilə şöhrət qazanmışdı.
Təbriz-Naxçıvan məktəbinə aid xalçalar, əsasən, XVIII-XIX-XX əsrləri əhatə edir və bu xalçalar regionun düşüncə tərzini, tarixini də özündə cəmləşdirir. Bu baxımdan Xalça Muzeyində nümayiş etdirilən “Abbas Mirzə” adlı xovlu xalça maraq doğurur. Xalça süjetlidir, vaxtilə Naxçıvanda möhtəşəm bir qala olan Abbasabad qalasının mühafizəçisi, vəliəhd Abbas Mirzənin şərəfinə toxunub. Miniatür janr formasında olan bu xalça maraqlı texnoloji qaydada toxunmuşdur. Xalçanın üzərində yazılmışdır:

Şükür olsun Allaha,
Ölmüş olan canlar
Təkrar cana gəldi,
Əbədi müddət vəliəhd
Azərbaycana gəldi.

“Ələmli” xovlu xalça XVIII əsrə aid edilir. Xalçanın sağında və solunda dünya ağacı təsvir olunmuşdur. Xalçanın aşağı və yuxarı hissələrində qara rənglərlə təsvir olunmuş ələmlər verilmişdir. Xalça İslam dünyasında qəbul olunan beş müqəddəsin (Həzrəti Peyğəmbərimizin, Əli, Fatimə, Həsən və Hüseynin) adı ilə bağlıdır.
Xovlu “Ordubad xalçası” da öz quruluşu ilə diqqəti cəlb edir. XX əsrə aid edilən bu xalça Ordubadda toxunub. Xalça nəbati naxışlarla bəzədilib. Ordubad təbiətinin füsunkar gözəlliyi xalçanı baxımlı edir.
“Ovçuluq” adlı xalça XVIII əsrə aiddir. Naxışlarla bəzədilib. Çoxbucaqlı təsvirlər, keçi və ov təsvirləri, ortadakı qoç buynuzları təsir qüvvəsini xeyli artırır.
Naxçıvan Dövlət Xalça Muzeyində tikmələr də hifz olunur. Qanovuz, darayı, mahud, məxmər, kətan, pambıq parçalar üzərində ipək, yun saplarla işlənən tikmələrdəki zəngin naxış motivləri, nəbatat, heyvanat aləminin, məişət aləminin təsvirləri böyük maraq doğurur.
Naxçıvanda güləbətin, təkəlduz, doldurma, örtmə, cınağı, cülmə, toz muncuq, şəbəkə və başqa tikmə növləri geniş yayılıb.
Məlumdur ki, xalçaların üzərindəki naxış və obrazların öz mənaları vardır. Eləcə də rənglər müxtəlif məna çalarlarına malikdir. Tədqiqatçıların fikrincə, ağ rəng saf ürəyi, səmimiliyi, məsumluğu, günahsızlığı, şadlığı, fərəhi; qırmızı ehtirası, məhəbbəti, həm də utancaqlığı; sarı şöhrəti, dəbdəbəni, vəfasızlığı; mavi möminliyi, müdrikliyi, hikməti; qara hüzn-kədəri, matəmi, dərdi, ələmi; açıq-qırmızı hakimiyyəti, qüdrəti, əzəməti; çəhrayı gəncliyi, zərifliyi; yaşıl ümidi; bənövşəyi saf məhəbbəti; lilə rəngi müdrikliyi, səmimiliyi, əzəməti; narıncı şöhrətpərəstliyi; boz kədəri, dalğınlığı, xəyalpərəstliyi; tünd çəhrayı dərin hüznü; solğun sarı qocalığı mənalandırır və ifadə edir.
Deməliyik ki, xalçalarımızda bu rəng çalarlarından böyük sənətkarlıqla istifadə olunmuşdur. Bu baxımdan kələflərin boyanılması da mühüm şərtdir. Kamil Vəliyev yazır ki, boyaqçılıq elimizin qədim sənətlərindəndir. Xalçanın gözəl çıxması boyaqçının boyağından asılıdır. Hələ qədimdən boyaqçı evi qonaqlı-qaralı olub, bərəkət evi olub.
Qədimlərdən çiçəklərdən, ağac qabığından, tut kökündən, boyaqotundan boya alardılar. Doğulub böyüdüyüm kənddə evlərin əksəriyyətində hana qurar, xalça, kilim, gəbə, cecim toxuyardılar. Bu gözəl sənəti indi də davam etdirənlər çoxdur.
Qoyunları qırxar, yunları təmiz yuyar, daraqla darayar, cəhrədə əyirər, ip kələfləri hazırlayardılar, boyanandan sonra gəbəlik, kilimlik, cecimlik, xalı-xalçalıq kələfləri ayırardılar. Ayrıca boyaq qazanları olardı. İplər həmin qazanda boyadıldıqdan sonra günün qabağına sərilərdi.
Xalçanın texnologiyasında bütün bunlar çox əhəmiyyətli mərhələlərdir; burada ənənə və təcrübənin də xüsusi rolundan danışmaq lazım gəlir. Onu da qeyd edək ki, xalça ustaları toxunuş zamanı əl işlərinin üzərində gözəgəlimli fon yaradırlar, həmin fonda ilmələrlə söz yazırlar. Adına xalça toxunan adamın, ya da öz adlarını, xalçanın toxunduğu tarixi, yaşadıqları ərazinin adını qeyd etməkdə onlar müxtəlif məqsədlər daşıyırlar. Bunun bir əhəmiyyəti də orasındadır ki, xalçaçılarımızın adı müxtəlif yerlərdə tanınır, onların yaratdıqları ənənələr, özünəməxsusluqlar tez müəyyənləşdirilir.
Bu əl işləri Naxçıvanda bir sənət abidəsi hesab olunur. Onların toxunma yeri və tarixi də bu baxımdan maraq doğurur. Naxçıvanda xalça toxunan hanalar palıd ağacından yonulub hazırlanırdı. İki baş ağacından istifadə olunurdu. Baş ağaclarından biri yuxarıya, digəri aşağıya qoyulurdu. Kücü ağacı ipləri birləşdirir, xalça toxunuşunda onun da mühüm rolu vardır. İpləri qaldırıb-endirmək üçün istifadə edilən ağac dal ağacı adlanır. Xalça ustaları həvə, bıçaq və qayçıdan istifadə edirlər.
Toxunma zamanı da müxtəlif adətlərə əməl olunur. Bu isə inanclarımızla bağlıdır. Məsələn, toxunma başlayan zaman üstünə qədəmi uğurlu adamın gəlməsi mühüm şərtdir. Xalça toxunan evə gələn qonum-qonşu xələt və ya şirniyyat gətirir.

Göründüyü kimi, xalçaçılıq sənəti Azərbaycanda həmişə yüksək dəyərləndirilib. Məhz elə bunun nəticəsidir ki, burada toxunan xalı-xalçalar əsl sənət özəyinə çevrilib. Danılmaz faktdır ki, dünyanın bir çox muzeylərində Azərbaycan xalçaları hifz olunur, nümayiş etdirilir. Tədqiqatlar göstərir ki, Naxçıvan xalçaçılıq məktəbinə məxsus nümunələr sənətkarlıq baxımından çox yüksək qiymətləndirilir.

Sədaqət NEMƏTOVA
Naxçıvan Dövlət Universitetinin dosenti