Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı repertuarına bu il maraqlı əsərlərin səhnələşdirilməsini daxil etmişdir. Naxçıvan Muxtar Respublikasının 90 illiyi münasibətilə əlaqədar şair-dramaturq Həsənəli Eyvazlının Naxçıvanın muxtariyyət qazanmasının çətin, mürəkkəb tarixini əks etdirən “Araz sahilində doğan Günəş” əsəri əsasında hazırlanmış tamaşa teatrsevərlərə təqdim olunacaq.
Tamaşaçılar səhnələşdirilmiş əsər boyu Naxçıvan əhalisinin muxtariyyət uğrunda mübarizəsinin şahidi olacaqlar.
Teatr bu il şair-publisist Taleh Həmidin “Yəhya bəy Dilqəm” pyesini də səhnələşdirəcəkdir. Dilqəm adı, “Dilqəmi” saz havası çoxdan məlum olsa da, çoxları bu sənətkar haqqında o qədər də geniş məlumata malik deyillər. Aşıq Dilqəm kimi tanınan Yəhya bəyin həyat və yaradıcılığından bəhs edən T.Həmidin “Yəhya bəy Dilqəm” pyesində hadisələr XIX əsrdə Şəmkir mahalında baş verir. Tamaşada dövrün digər hadisələri – çar Rusiyası ağalığına qarşı mübarizə, milli dəyərlərin yaşadılması və xalqın bu uğurda mübarizəsi ön plana çəkilmişdir.

Bu il teatr ilk dəfə olaraq Norveç dramaturqu Henrix İbsenin (1828-1906)  yaradıcılığına müraciət edərək ədibin “Kuklalar evi” (1879) dramını səhnəyə qoyacaqdır. H.İbsen dramaturgiyasını sevdirən bu pyes müəllifi Avropa dramaturgiyasında sosial-psixoloji dramın banisi kimi tanıtmışdır. Əsərdə cəmiyyətdə qadının mövqeyi, qadın azadlığı, ailə xoşbəxtliyi, yalan və həqiqət kimi məsələlər ön plana çəkilməklə yüksək bəşəri problemlər qaldırılır. Tamaşaçılar vəkil Helmer və onun arvadı Noranın simasında bir ailənin həyat dramı ilə tanış olacaqlar.
M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının repertuarı da maraqlı əsərlərlə zəngin olacaqdır. Teatr bu il Gülnarə Kərimovanın “Nəğməkar bülbül”, Feyruz Məmmədovun “Meşədə döyüş”, Zaur Vedilinin “Təpəgöz”, Əli Səmədlinin “Meşədə konsert” əsərləri əsasında hazırlanacaq səhnə əsərlərini balaca tamaşaçılara təqdim edəcəkdir. Qədim və zəngin şifahi xalq ədəbiyyatımızdan bəhrələnərək yazılmış bu səhnə əsərlərində alleqorik şəkildə bir sıra vacib məsələlərə toxunulur. İnsanların arzuları, inam, dostluq, mərhəmət kimi dəyərli keyfiyyətlər sözügedən əsərlərdə təbliğ olunur. Eyni zamanda əsərlərdə təkəbbürlük, laqeydlik, biganəlik, kobudluq kimi mənfi xüsusiyyətlər tənqid edilir.

Əli RZAYEV