2021-ci il “Nizami Gəncəvi ili”dir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2021-ci ili ölkəmizdə “Nizami Gəncəvi ili” elan etməsi Nizami Gəncəvi yaradıcılığına Azərbaycançılıq və müstəqil dövlətçilik işığında yenidən nəzər salmağın vacib olduğunu göstərir.

 

Azərbaycançılığın əsas komponentlərindən biri milli-mənəvi dəyərlərdir. Milli-mənəvi dəyərlərin daşıyıcılarından biri isə ailə-məişət mərasimləridir. Azərbaycan ailə-məişət mərasimləri ümumşərq, ümumtürk-müsəlman xarakteri daşısa da, sırf Azərbaycançılığı, özünəməxsusluğu da özündə əks etdirən mərasimlərdəndir. Dahi şəxsiyyətin yaradıcılığında da ailə məişət mərasimləri ilə bağlı çoxlu məqamlara rast gəlirik. Ailə-məişət mərasimləri içərisində toyla bağlı mərasimlər mühüm yer tutur. Toyla bağlı mərasimlər haqqında dahi Nizami geniş şəkildə bəhs etmişdir. Belə mərasimlərdən əsası nişan mərasimidir ki, bu haqda dahi Nizami yazır ki, gözəl məclisə yaraşan qız nişanlandır. Nişan mərasimindən sonra toya hazırlıq gedir ki, burada əsas məsələlərdən biri də qızın anasına çatacaq “süd pulu” məsələsidir. Bu, Naxçıvanda el arasında “başlıq” kimi də qeyd edilir. Bu haqda dahi Nizami yazır:

Pul tufanı asimana qalxdı,
Süd haqqı (başlıq) söhbəti cana yatdı.

Buradan da aydın olur ki, razılaşma hər iki tərəf arasındakı söhbət əsasında əldə edilir. Bu danışıqlarda isə hər iki tərəfin yalnız kişiləri iştirak edirlər.
Ağdam bölgəsində müasir dövrdə bu cür razılaşma “kəmləşmə” adlanır. Bu adətin təkcə Azərbaycan üçün deyil, eyni zamanda digər türkdilli xalqlara da xarakterik olması, hətta bir sıra Qafqaz xalqlarında və ərəb dünyasında da mövcudluğu məlum faktdır.
Ailə-məişət mərasimlərindən biri də “xınayaxdı” mərasimidir. Orta əsr mənbələrində bu adətin mövcudluğu haqqında geniş məlumatlar vardır. İcra olunan “xınayaxdı” barədə dahi Nizami Gəncəvi yaradıcılığında verilən məlumatda deyilir: Şahın yaxın adamlarının əlindən bir ayadək toy rəngi (yəni xına) getmədi.
Ailənin qurulmasında kəbinin əsas rol oynadığını bilirik. Kəbin dini nikah hesab edilir. Kəbinin kəsilməsi bu gün də Naxçıvan diyarında öz aktuallığını qoruyub saxlamaqdadır. Ədibin “Xosrov və Şirin” poemasında kəbinsiz ailə qurulmasının yaxşı əlamət sayılmadığını görürük.
Nizami Gəncəvi öz yaradıcılığında məişət mərasimlərinin bir parçası olan dəfn və yas mərasimlərinə də toxunmuşdur. Dəfn adətini bəzi hallarda mərhumun dünyasını dəyişməmişdən öncə etdiyi vəsiyyətinə görə həyata keçirərdilər. “İsgəndərnamə” də İsgəndər dünyasını dəyişəndə ən yaxın adamına vəsiyyət etdiyinin şahidi oluruq. Ümumiyyətlə, mərhum dünyasını dəyişdikdən sonra 3 və ya 7 gün ona yas saxlanıldığını görürük. “Xosrov və Şirin” poemasında Bəhramın 3 gün yas saxladığına şahid oluruq. Mütəfəkkir şair daha bir yerdə “ayinləri tamam gözləməklə onun yasını saxladılar” ifadəsini işlətmişdir. Yas mərasimində kütləvi ağlaşmaq və şivən haqqında da geniş məlumat verilmişdir. Topladığımız etnoqrafik çöl materiallarına görə, Naxçıvanda da kütləvi ağlaşma “şivən” adlanır.
Öz əsərlərində qonaqpərvərlik kimi nəcib bir adət haqqında dönə-dönə söhbət açan dahi şair “Yeddi gözəl” əsərində yazır:

Bağ gülü kimi qonaqsevər idi,
Qönçədəki qızılgül kimi gülərdi.
Onun bir hazır qonaq sarayı vardı
Ki, boyu yerdən Sürəyyaya ucalırdı.
Süfrə açıb büsat qurardı,
Lütflə bəslənmiş xidmətçilər saxlardı.
Kim gəlsəydi, atının cilovunu tutardılar,
Qaydayla süfrə açardılar.
Ona layiq mehmannəvazlıq edərdilər,
Onun öz şanına görə qonaqlıq verərdilər.

Göründüyü kimi, şair burada bir nəfərin simasında bütöv bir xalqın qonaqsevərliyini tərənnüm etmiş, qonaqpərvərliyə xas olan mühüm cəhətləri yığcam, lakin əsaslı şəkildə işıqlandırmışdır. Şairin təsvirindən aydın olur ki, qonaqlar üçün məxsusi yer ayrılır, süfrə açılır, büsat qurulur. Evə təşrif buyuran qonağın xüsusi hörmət əlaməti olaraq ayrıca otağa dəvət edilməsi məsələsinə toxunan Nizami Gəncəvi yazır: “Qonaqlar kimi içəriyə, eyvana apardı”. Bu misra hər bir ailədə qonağın diqqət mərkəzində olduğunu göstərir. Elə bu təsvirdə Nizami fikrinə davam edərək qonağın və ev sahibinin bir-birinə hədiyyələr təqdim etməsindən söhbət açır. Müəllifin, eyni zamanda qonaqların rahatlığı üçün ayrılmış guşənin olduğunu qeyd etməsi o dövrün qonaqpərvərlik adətinə xas olan xüsusiyyətləri anlamağımız üçün kifayət qədər əsas verir. Qonaqpərvərliyin geniş tətbiqinə meyli səciyyəvi bir hal kimi dəyərləndirən Nizaminin əsərlərində qonaqlıq süfrəsinin təsvirinə tez-tez rast gəlmək olur. “Xosrov və Şirin” də Məhinbanunun Xosrovu, “Leyli və Məcnun” da Leylinin atasının gələn elçiləri qarşılaması və sair bu kimi təsvirlərə yer vermişdir.
Nizami Gəncəvinin təsvirlərində qonaqpərvərlik Azərbaycan xalqının məişətində adi hal alan adət kimi açıq-aydın nəzərə çarpır və şair ona böyük rəğbət bəslədiyini aydın büruzə verir.
Qeyd edək ki, Nizami yaradıcılığında dini bayramlara az da olsa, toxunmuşdur. Belə ki, dahi mütəfəkkir Qurban bayramının adını çəkmiş, fəqət bu bayram haqqında ətraflı heç nə deməmişdir. Şair “Özün bil, bu bayram, bu da ki, qurban”, – deməklə kifayətlənmişdir. Bu ifadə ilə o, Qurban bayramının yalnız mövcudluğunu təsdiq etmişdir.
Dahi mütəfəkkir əsərlərində orucluq haqqında da bəzi məsələlərə toxunmuşdur.
Nizami Gəncəvi yazırdı:

Bayram axşamı üçün elə bir hilal (təzə ay)
                                                          çıxır
Ki, qaranlığın örtüyündə
İncəliyindən heç kəs onu görə bilməsin.

Bayram dedikdə, burada müəllif Ramazan və ya Orucluq bayramını nəzərdə tutmuşdur. Belə ki, Orucluq bayramının axşamı birgecəlik Ay (hilal) üçün baxarlar, əgər Ay görünsə, sabahı bayram edərlər.
Bundan əlavə, dahi Nizami orucun, el dili ilə desək, iftarın açılması məsələsinə də toxunaraq yazır:

Hər gün yoldan ötən bir müsafir
Onun yanında dayanardı.
Lazım olan yeməklər gətirərdi ki,
Bəlkə, o nəzirlə orucunu açsın.

Beləliklə, əsrlərboyu formalaşmış Azərbaycan ailə-məişət mərasimləri neçə-neçə nəsilləri milli ənənələrə hörmət ruhunda böyüdərək, Azərbaycançılıq ideyalarının bu günə gəlib çıxmasında mühüm rol oynamış, dünya poeziya kəhkəşanının sönməz Günəşi – dahi Nizaminin irsi də bu müqəddəs mərama xidmət etmişdir.

Asəf ORUCOV
AMEA Naxçıvan Bölməsinin dosenti