70 yaşın astanasında olan şair Xanəli Kərimli klassik Azərbaycan və dünya poeziyasından bəhrələnməklə çağdaş ədəbi prosesin tələblərini, istəklərini duyaraq öz sözünü deməyi bacaran söz adamlarındandır. Xanəli Kərimlinin bir sənətkar kimi yüksəlməsinə özünə qarşı tələbkarlığı, yazdıqları ilə kifayətlənməməsi, məsuliyyət hiss etməsidir. O, tələbkarlığı nəticəsində daim təkmilləşib və təkmilləşmə prosesində  yeni-yeni  əsərlər yazıb. Bu gün yazdıqları ilə kifayətlənməyib, sabah üçün axtarışlar aparıb, əsərlərini ümumbəşəri hisslərlə rövnəqləndirib, özünəməxsus istedadı ilə müasirləri arasında tanınıb. Akademik İsa Həbibbəylinin təbirincə desək, “Xanəli Kərimli yeni dövr Azərbaycan şeirində vətəndaşlıq lirikasının əsas yaradıcılarından biridir”.

 

Xanəli Kərimli ədəbiyyatımızda həm də sevilə-sevilə oxunan, yolu gözlənilən şairlərdəndir. Bəs onu oxucularına sevdirən nədir? Məncə, poetik təfəkkür aləmində özünəməxsusluğu, orijinallığı ilə seçilməsi. Poetik sözün müqəddəsliyini, paklıq və duruluğunu qoruyub saxlamaq qabiliyyəti. Yaşadığı aləmdə duyub-düşündüklərini, müşahidə etdiklərini, poeziya dili ilə oxucularına çatdırmaq ustalığı. Ümumiyyətlə, təbiilik, səmimiyyət Xanəli müəllimi oxucularına sevdirən əsas cəhətlərdəndir.
Şair yaradıcılığının bütün mərhələlərində sənəti, əqidəsi, poetik amalı ilə Vətənə həqiqi övlad olmaq idealı ilə yaşamış, yazıb-yaratmışdır. O bununla fəxr etməyə haqlıdır ki, bircə misrası belə, Vətən torpağına məhəbbət, doğma xalqa sevgi, bəşəri ideala məftunluqdan kənarda yaranmamışdır:

Hələ bir kimsədən minnət çəkmədən
Beləcə bir ömür yaşayıram mən.
Odu səngiməyən şam ürəyimi,
Ey Vətən, səninçin daşıyıram mən.

Xanəli Kərimli siyasi-ideoloji maraq axtarmadan həqiqəti səmimi şəkildə açıqlayır. O, sözlərinin kimlərinsə qəlbinə toxunacağından çəkinmir. Bu zaman yalnız vicdanının, sənətinin qulu olur. Şair sənətin, şeirin qulu olmasa, ürəklərə hakim kəsilə bilməz, çünki şair yazmamışdan əvvəl yaşayır, duyğularını balası kimi qəlbində bəsləyir. Məlum məsələdir ki, ürəkdən gəlməyən söz ürəklərə yol tapa bilməz. Xanəli Kərimli poeziyasının özünəməxsusluğunun mayası da budur. O, həqiqət qarşısında hər bir kəsi, ilk növbədə isə özünü imtahana çəkir. Fərqinə varmır ki, kimisə özündən incik salar, ya da kiminsə qəzəbinə tuş gələ bilər. Bütün bunlar onun səmimiyyətidir, onun poeziyasının spesifik cəhətidir. Şərəfi, namusu, mənliyi, ləyaqəti misralardan boylanan bu şeirləri oxuduqca oxumaq istəyirsən, onlarda məsum insan taleyindən nigaran şairin məddahlığa, yaltaqlığa, qorxaqlığa, cəhalətə boyun əyməyən qürurunu görürsən.
Əsl şair heç zaman özünü düşünmür. Əsl şair əksər vaxt öz qayğılarını, dərdlərini unudur. Cəmiyyətlə, həyatla, mühitlə nəfəs alır. Bu mənada, Xanəli Kərimlinin şeirləri göstərir ki, o, cəmiyyətdən, həyatdan, mühitdən təcrid olunmağı sevmir. Ona görə də onun poetik “mən”i o qədər tələbkardır ki, onun heç ölçüsünü də müəyyənləşdirmək mümkün deyildir. Onun poetik “mən”i nəinki insanları, həm də dünyanı imtahana çəkir, az qala dünyaya meydan oxuyur, onu qınaq yerinə çevirir:

Ay Xanəli, çox özünü yorma sən,
Bu dünyadan düz bazarlıq görməzsən
Farağat dur, yoxsa xeyir görməzsən,
Dili şəkər, qəlbi zəhər dünyadı.

Hər şeirin yaranışında şairin mənəvi durumu, onun psixoloji aləmi böyük rol oynayır. İçini kədər, tənhalıq bürümüş insan heç zaman xoşbəxtliyə qafiyə axtarmır, hətta şair insanı insan edən, insanları bir-birinə yaxınlaşdıranın kədər olduğu fikrini də təsdiqləyərək yazır:

Kainatın sirri də
Onun özünə kədər.
İnsan kədər içində
Öz-özünü kəşf edər.

Şairlərin taleyinə bəxt kəmliyi, taleyüklü əzablar, Vətən həsrəti, dərd üstdən dərdlər başqalarından daha çox yazılır. Bəlkə də, bu, ona görədir ki, bu insanların Allaha yaxın qəlbi, yüksək hissiyyatı, güclü duyğuları var. Başqa sözlə, həyatın amansızlığına, sərtliyinə qalib gəlmək və onun məhvinə qədər döyüşkən ruhla yaşamaq, bu insanların alın yazısıdır desək, yanılmarıq. Xanəli Kərimli Şahbuzun mavi göylərinə oxuduğu şeirlərin odunda-alovunda qovrula-qovrula sənət dünyasına gəlib. Yana-yana yazıb, yaza-yaza yanıb. Belə olmasaydı:

İçim dərdlər qəbiristanı
Çölüm ruhlar aləmidir.
İçim, çölüm bir atəşgah
Sanki qiyamət dəmidir.

Çölümdən baş açammıram
İçimdən də qaçammıram
Nə sirdir ki, ey yaradan,
Bu atəşgahda yanıram?

– deməzdi.
Xanəli müəllim həm bir şair, həm də bir alim kimi tanınır. Əlbəttə, şairlik vergidir, alimlik isə onun həyatda zəhmətlə əldə etdiyidir. Mən onun şairliyi ilə alimliyini müqayisə etmək istəmirəm. Ona görə ki, o, şair və alim kimi bütövdür. Ancaq bununla belə, Xanəli Kərimli deyəndə, mənim gözlərim önündə bir şair obrazı canlanır. Məncə, o, nə qədər elmi yaradıcılıqla məşğul olsa da, 100-dən artıq elmi məqalə yazsa da, namizədlik işini çox uğurla müdafiə edib, doktorluq işi üzərində işləsə də, daha çox şairdir. Nə yazırsa yazsın, şairlik sehrindən azad ola bilmir, hissiyatına, duyğusuna və təbinə ütünlük verir. Odur ki, tərəzisinin şeir gözü daha ağır gəlir. O, doğrudan da, şair kimi daha odlu, alovlu, üsyankar və mübarizdir, zamanın sərhədinə sığmayandır, dünyanın dərdlərinə dözməyəndir, hər şeyə “mənə nə” deyənlərlə barışmazdır:

Çin tasdan qorxan kimi
Üşənirik tənqiddən,
Qorxuruq ki, desək ki,
Bu əsər, əsər deyil
Sən yazdığın fikri
Deyibdir filan şair.
Və ilaxır və sair...
Kimlərsə küsər bizdən
Sən də denən-mənə nə?!
Mən də deyim-mənə nə?!
O, da desin-mənə nə?!
Bəs görəsən-Kimə nə?!

Dünyanın əl içi boyda bir yerində, ulu Məmməd Araz torpağında dünyaya göz açan Xanəli Kərimlinin şeir-sənət dünyası kökü min illərin o üzündə dayanan qan yaddaşına söykənir. Onun mayası sözlə yoğurulub, sözlə tutulub, nağıl, bayatı ilə cilalanıb, poeziyasının hər sətrinə nənələrimizin bişirdiyi çörəyin ətri, ulu babalarımızın canları bahasına qoruduğu torpağın qoxusu hopub. Xanəli Kərimli iliyindən tutmuş sümüyünədək kənd ruhunda köklənib, torpağa bağlı bir şair kimi torpaq ətirli, torpaq bərəkətli şeirlər yazıb:

Mənə məlhəm olan, mənə can olan
Mənə ilik olan, mənə qan olan,
Səhləb çiçəyinin, kəklikotunun,
Baldırğan, ələyəz, bulaqotunun,
Cacığın, zirincin, çaşır, bolunun,
Quzuqulağının, yarpız kolunun
Gözün yolda qoyub, qəlbin qırmışam
Axı bu şəhərdə nə qazanmışam?..

Bu misralarda çoxumuzun kövrək, xoş duyğularla xatırladığımız kəndin, torpağın qoxusu bizi vurur. Bu misralar bizi bir anlıq da olsa, doğma yurda, keçmişimizə qaytarır. Onun yaradıcılığında təbiət şeirləri öz ecazkarlığı ilə seçilir. Şairi məftun edən təbiət görüntüləri öz təravətində şeirə gətirilə bilir. Vətənin könül oxşayan təbiəti, doğulub boya-başa çatdığı Mahmudoba kəndinin gözəllikləri hər an Xanəli Kərimlinin gözünün qabağındadır. O, təbiətin özünə layiq söz donu biçir. Hissin təsirilə özü necə dəyişirsə, oxucusunu da elə cığır-cığır, qaya-qaya, kol-kol gəzdirir və etiraf edək ki, insan elə gözəl yerlərdən ayrıldığına təəssüf edir. Sanki yenidən qanadlanıb o təbiətin ağuşuna qayıtmaq istəyir. Bəlkə, yalnız o, müqəddəslikdə qırılan, yanan, məhv olan arzularına qovuşa biləcəyinə inanır. Paklığı, təmizliyi, mərdliyi, cəsurluğu öz şeirlərində ana xətt kimi götürən şair füsunkar Şahbuz torpağının buz bulaqlarından, büllur çeşmələrindən su içib, ana təbiətin mələk baxışlarıyla üz-üzə, göz-gözə qalıb. Halal zəhmətilə dolanan kənd adamlarının ağır həyatı ürəyində cığır-cığır şırımlar açıb. Onun Musa Yaquba həsr etdiyi “Şeir yaza bilmirəm” adlı şeirində bu hisslər daha qabarıq əks olunur:

Şeir yaza bilmirəm
Şəhərdə olanda mən.
Elə bil çatmır havam,
Boğuluram nədənsə
Heç özüm də bilmədən.
..Aldatmaqdır özünü
Şeir yazmaq şəhərdə.
Şəhərdə şeir yazan,
özün hələ bir yana
şeiri də salma dərdə!.

O, sərraf dəqiqliyi ilə seçdiyi həyat hadisələrindəki sərraflıq missiyasını təbiətə münasibətində də qoruyub-saxlayıb. Sözlərin zərgər biçimi, misraların poetik yükü heyrət doğuracaq qədər dəqiq olduğu üçün insana sonsuz zövq bəxş edir.
Şairin yaradıcılığında çox azlıq təşkil edən sevgi şeirlərinin əksəriyyətində ifadə olunmuş hisslər dərindən yaşanmış, ömrün sevdalı çağlarının fikir və mühakimələrindən hasil olmuşdur, ancaq qəlbin və ağılın vəhdət prizmasından keçib büllurlaşan hiss və düşüncələridir.
Fikrimizcə, ədəbiyyatda əsas meyar və göstərici istedaddır. Şair Xanəli Kərimlinin şeirləri bir daha sübut edir ki, istedadlı olan, yaradıcı insanın şeirləri bütün zaman kəsimlərində yalnız bahar təravətli olur. 50 ilə yaxındır ki, sənətin əzablı, əzablı olduğu qədər də şərəfli yolu ilə uğurla addımlayaraq, minlərlə oxucu qəlbinə yol tapan Xanəli Kərimli ömrünün kamillik dövrünü yaşayır. Onun indiyə qədər çap olunan kitabları da kamil bir şair ömrünün təsdiqidir. Odu səngiməyən şam ürəyini yalnız VƏTƏN üçün daşıyan Xanəli müəllimə daha böyük yaradıcılıq uğurları, diləyirik! Azərbaycan naminə yaşanan bu ömrün işığı gur, ocağı sönməz olsun, Xanəli müəllim!

Aypara BEHBUDOVA
filologiya üzrə fəlsəfə doktoru, dosent