Realist rəssam Bəhruz Kəngərlinin anadan olmasının 122-ci ildönümü münasibətilə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyində tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov açmışdır. Bildirilmişdir ki, görkəmli rəssam, istedadlı fırça ustası, Azərbaycan milli rəsm sənətinin tanınmış simalarından biri Bəhruz Kəngərlinin anadan olmasından 122 il keçir. 30 il ömür sürən Bəhruz Kəngərli zəngin irs qoymuş, yeddi il yaradıcılıq fəaliyyəti ilə məşğul olsa da, 2 minə qədər rəsm əsəri yaratmışdır. O, realist portret və mənzərə rəsm yaradıcılığının, eləcə də Azərbaycan boyakarlığında realizmin əsasını qoymaqla Azərbaycan bədii sənət xəzinəsinə dəyərli nümunələr bəxş etmiş, onu yeni ictimai məzmun və janr, yeni təsvir metodu və ifadə vasitələri ilə zənginləşdirmişdir.

Dövrünün reallıqlarını əsərlərində böyük şövqlə təsvir edən Bəhruz Kəngərli xalqımız qarşısında mühüm xidmətlər göstərmişdir. O, xalqımızın tarixi keçmişini və dövrün ictimai-siyasi hadisələrini yaradıcılığında dolğun əks etdirən bir sənətkar kimi yüksək qiymətə layiqdir.
Son illər Bəhruz Kəngərlinin Azərbaycan mədəniyyəti xəzinəsinə daxil olan zəngin bədii irsinin xalqımızın milli sərvəti kimi qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində mühüm işlər görülmüşdür. İncəsənət xəzinəmizə dəyərli sənət inciləri bəxş edən Bəhruz Kəngərlinin əsərləri Azərbaycan Dövlət  İncəsənət Muzeyində, Moskva Dövlət Tarix Muzeyində, Naxçıvan Dövlət Tarix Muzeyində, Naxçıvan Dövlət Rəsm Qalereyasında, Bəhruz Kəngərli Muzeyində və şəxsi kolleksiyalarda qorunub saxlanılır.
Qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Bəhruz Kəngərlinin adının əbədiləşdirilməsi haqqında” 15 fevral 2001-ci il tarixli Sərəncamına əsasən, Bəhruz Kəngərlinin Naxçıvan şəhərindəki məzarüstü abidəsi bərpa edilmiş, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin 1972-ci ildən fəaliyyət göstərən sərgi salonuna rəssamın adı verilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2001-ci il 22 may tarixli Sərəncamı ilə isə Bəhruz Kəngərli Muzeyi yaradılmışdır.
Rəssamın Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərini nəzərə alan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 13 aprel 2012-ci il tarixdə “Bəhruz Kəngərlinin 120 illik yubileyi haqqında” Sərəncam imzalamışdır. Sərəncama əsasən, görkəmli rəssamın yubileyi ölkə miqyasında qeyd olunmuşdur.
Bəhruz Kəngərli irsinə muxtar respublikamızda göstərilən diqqət və qayğının davamlı xarakter daşıdığını bildirən Rəhman Məmmədov demişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il 12 yanvar tarixli “Görkəmli rəssam Bəhruz Kəngərlinin 120 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamı ilə təsdiq olunmuş Tədbirlər Planına əsasən, muxtar respublikada bir sıra tədbirlər həyata keçirilmişdir. Bəhruz Kəngərli Muzeyi müasir tələblər səviyyəsində yenidən qurulmuşdur. 2013-cü ildə yenidənqurmadan sonra açılışı olan muzey yeni eksponatlarla daha da zənginləşdirilmişdir. Rəssamın Azərbaycan Dövlət İncəsənət Muzeyində saxlanılan 200-ə yaxın əsərinin yüksəkkeyfiyyətli surəti çıxarılaraq Bəhruz Kəngərli Muzeyinə gətirilmişdir. Burada hazırda Bəhruz Kəngərli irsinə aid 900-dən çox eksponat mühafizə olunur. Muzeydə rəssamın 341 rəsm əsəri vardır. Bu rəsm əsərlərindən 58-i orijinaldır.
Ali Məclis Sədrinin qayğısı ilə Bəhruz Kəngərlinin əsərlərindən ibarət albom-kataloq nəfis tərtibatla nəşr olunmuş, 2013-cü ildə Bəhruz Kəngərli Muzeyində təqdimatı keçirilmişdir. Albom-kataloqa xronoloji ardıcıllıqla 1911-ci ildən 1922-ci ilədək olan dövrdə çəkilmiş rəsmlər külliyyatı daxil edilmişdir. Albom-kataloqda yer alan “İlanlıdağ”, “Ağrıdağ”, “Əshabi-Kəhf”, “Nəhəcir dağı”, “Qızlar bulağı şəlaləsi”, “Dağ mənzərəsi”, “Qara dəniz” və “Qaçqınlar” silsiləsinə daxil olan əsərlər yüksək bədii sənətkarlıq nümunələridir. Bu əsərlərdə humanist rəssamın hiss və duyğuları, daxili iztirabları dolğun əks olunmuşdur.
Bəhruz Kəngərli yaradıcılığına göstərilən bu diqqət və qayğıya görə tədbir iştirakçıları adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığımızı bildiririk.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının əməkdar rəssamı Ülviyyə Həmzəyeva, Azərbaycan Rəssamlar İttifaqının üzvləri Əli Səfərov, Həbibə Allahverdiyeva və başqaları Bəhruz Kəngərli yaradıcılığına xas olan cəhətlərdən danışmış, onun rəsm əsərlərinin Azərbaycan rəssamlığında bir məktəb yaratdığını vurğulamışlar.
Sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri adından tədbir iştirakçılarına “Bəhruz Kəngərli. Albom-kataloq”u hədiyyə olunmuşdur.
Sonda realist rəssamın əsərlərindən ibarət sərgiyə baxış olmuş, Bəhruz Kəngərlinin həyat və yaradıcılığından bəhs edən “Sənətin Bəhruz zirvəsi” adlı sənədli film nümayiş etdirilmişdir.

Xəbərlər şöbəsi