Ulu öndər Heydər ƏLİYEV: Bəhruz Kəngərlinin əsərləri Azərbaycan rəssamlıq sənətinin, mədəniyyətinin ən görkəmli nümunələrindəndir. Biz bununla fəxr etməliyik. Fəxr etməliyik ki, Azərbaycan xalqının belə böyük istedada malik insanları olubdur.

Azərbaycanda realist rəssamlığın əsasını qoyan Bəhruz Kəngərli təsviri-incəsənət tariximizə adı qızıl hərflərlə həkk edilməyə layiq nadir istedad sahiblərindən biri olmuşdur. O, 1892-ci il yanvarın 22-də Naxçıvanda Şirəlibəyin ailəsində dünyaya göz açmışdır. İlk təhsilini doğma şəhərdə, sonra isə Tiflisdə xüsusi rəssamlıq məktəbində almışdır. Bəhruz Kəngərli əsərlərini tamamilə milli ruhda və üslubda yaratmışdır. Beləliklə də, mədəniyyətimizdə milli rəssamlığın inkişafında özünəməxsus rol oynamışdır. İncəsənətimizdə realist dəzgah boyakarlığının təşəkkülü, portret və mənzərənin müstəqil janr kimi formalaşması məhz Bəhruz Kəngərlinin adı ilə bağlıdır.

Bəzən çox qısa yaşanmış bir ömür də əbədi olmağa, ölməzlik adını layiqincə daşımağa kifayət edir. Elə ömrünün 30-cu ilində bu dünyanı tərk edən gənc rəssamımız Bəhruz Kəngərlinin ömrü kimi... Həyatda çox qısa ömür sürmüş Bəhruz Kəngərli dərin təfəkkürlü və qızıl fırçalı rəssam kimi ədəbi ömrünün əbədiliyinə qətiyyətlə imza atmışdır. Bu görkəmli rəssamın həyatı təzadlarla, qəribəliklərlə dolu idi.

Tale heç də ona qarşı hər zaman xoş davranmamış, uşaqlıqda keçirdiyi ciddi xəstəlik gənc rəssamı eşitmə problemi ilə üz-üzə qoymuşdu. Ancaq yaşadığı bu çətinlik onun rəssamlığa olan bağlılığını qətiyyən azaltmamış, həyat eşqinin alovlanmasına əngəl ola bilməmişdi. Bəhruz Kəngərlinin sənətə olan sevgisini rəssamın analığı Şirin xanım belə xatırlayırdı: “Əvvəllər nə mən, nə də atası Bəhruzun şəkil çəkməsinə əhəmiyyət verməzdik. Hətta biz heyifsilənirdik ki, o, vaxtının çoxunu şəkil çəkməyə sərf edir. Amma sonralar atası onun istedadına inanmağa başladı, onun üçün Tiflisdən kağız, karandaş, rəng gətirdi”.
Uşaq vaxtı ağır xəstəlik keçirən Bəhruz Kəngərli bu ağrı-acılara sinə gərmək üçün fırçadan möhkəm yapışaraq çox erkən yaşlarında rəssamlığa meyil göstərmişdir. Onun rəssam kimi püxtələşməsində Cəlil Məmmədquluzadənin, “Molla Nəsrəddin” jurnalının böyük rolu olmuşdur. Yaradıcılığının ilk dövründə karikatura və satirik rəsmlər, eləcə də məişət səhnələrini çəkən Bəhruz Kəngərli öz rəsmləri ilə müasirlərinin diqqətini çəkmişdir.
1914-cü ilin iyununda rəssamın Naxçıvanda ilk böyük fərdi sərgisi təşkil olunmuş, burada nümayiş olunan rəsm əsərləri hər kəsi heyran etmişdi. 1914-cü ildə “İqbal” qəzeti Bəhruz Kəngərli haqqında yazırdı: “Cavan rəssamımız gələcəkdə iftixarımız olacaqdır”.
Ümummilli liderimiz Heydər Əliyev Bəhruz Kəngərli yaradıcılığına daim böyük qayğı göstərmişdir. Ulu öndərimizin təşəbbüsü ilə Naxçıvan şəhərində Bəhruz Kəngərli Muzeyi yaradılmış, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Sərgi Salonuna Bəhruz Kəngərlinin adı verilmişdir. 2002-ci ilin yayında muzeyin açılış mərasimində xalqımızın böyük oğlu Heydər Əliyev Bəhruz Kəngərli yaradıcılığını yüksək qiymətləndirərək demişdir: “Bəhruz Kəngərlinin əsərləri Azərbaycan rəssamlıq sənətinin, mədəniyyətinin ən görkəmli nümunələrindəndir. Biz bununla fəxr etməliyik. Fəxr etməliyik ki, Azərbaycan xalqının belə böyük istedada malik insanları olubdur”.
Bu müdrik fikirlərin işığında bir daha illərin dizini qatlaya-qatlaya zamanın güzgüsündə öz aydın ziyası ilə könülləri riqqətə gətirən Bəhruz Kəngərli xəzinəsinin boyalardan qalxan sənət dünyasına üz tutduq. O əbədiyaşar dühadan bizə əmanət və yadigar qalan “Atabəy məqbərəsi”, “İmamzadə”, “Nuhun qəbri”, “İlanlıdağ”, “Qızlar bulağı”, “Qoca kişi”, “Toy”, “Elçilik” kimi əsərlər ifadəliliyi, bədii-estetik dəyəri ilə diqqət çəkir. Bəhruz Kəngərli bütün varlığı ilə doğma torpağına bağlı, onun gözəlliklərindən zövq alan və bunu yaradıcılığında öz mükəmməlliyi ilə əks etdirən vətəndaş qeyrətli bir şəxsiyyət olmuşdur.
Sənətkarın təbiət mövzusunda yaratdığı əsərlərdə yurdumuzun zəngin florası və füsunkarlığı, təbiiliyi minbir gözəlliyi ilə əks olunmuşdur. “Şəlalə”, “Günəş batarkən”, “Dağlıq mənzərə”, “Ağrı dağı”, “Ay işığında” adlı əsərləri təbiətin poeziyasını fırçanın qüdrəti ilə göz yaddaşımıza köçürmüşdür. Uzun müddət bu mənzərələrin təsirindən ayrıla bilmirsən. Qəribədir ki, Bəhruz Kəngərli sanki az yaşayacağını duyurmuş. Bu səbəbdən də müxtəlif mövzularda öz fırçasını sınasa da, bütün yaradıcılığı Vətənə, torpağa, xalqa, taleyimizə bağlı olmuşdur. O bir tərəfdən ilin fəsillərini kətana köçürür, digər tərəfdən mədəniyyət abidələrimizin rəsmlərini çəkirdi. Dövrünün qabaqcıl ziyalılarının portretləri üzərində işləyir, karikatura və satirik rəsmlər, memarlıq, mənzərə və məişət səhnələrini əks etdirən rəsm, akvarel və rəngkarlıq əsərləri yaradırdı.
Onun yaradıcılığında bir sıra əsərlər də var ki, bütövlükdə, xalqımızın yaşadığı faciəli illərin ağrı-acılarını əks etdirir. Bəhruz Kəngərli 1918-1920-ci illərdə mənfur erməni daşnaklarının Azərbaycanda törətdikləri faciələri təsvir edən, öz ana torpaqlarından zorla qovulmuş və Naxçıvana pənah gətirmiş azərbaycanlı qaçqınların portretlərindən ibarət silsilə əsərlər də yaratmışdır. Bu silsilədən, incə rəssam barmaqlarının möcüzəli toxunuşundan yaranmış “Qaçqınlar”, “Qaçqın qız”, “Qaçqın oğlan”, “Qaçqın qadın”, “Yurdsuz ailə”,  “Ayaqyalın qaçqın oğlan” və sair kimi onlarla portretə baxarkən orada təsvir olunan insanların gözlərindəki  kədər, Vətən həsrəti insanın qəlbinin dərinliklərinə nüfuz edir. Tarixi reallıqları özündə əks etdirən bu rəsm əsərləri daşnakların törətdikləri qırğınların, deportasiyaların, ümumən, millətimizin üzləşdiyi dərdlərin gələcək nəsillərə çatdırılmasında əvəzsiz mənbədir. Yuxarıda adları çəkilən əsərlər təkcə portret kimi sənətkarlıq səviyyəsinə görə deyil, həm də tarixi sənəd kimi də dəyərlidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “O, əsərlərində xalqımızın tarixini və dövrün ictimai-siyasi hadisələrini dolğun əks etdirən bir sənətkar kimi yüksək qiymətə layiqdir. Xalqımızın başına gətirilən müsibətləri, ermənilər tərəfindən doğma yurdundan zorla qovulmuş azərbaycanlı qaçqınların taleyini əks etdirən “Qaçqınlar” silsiləsinə daxil olan əsərləri Azərbaycan tarixinin, xalqımızın dəyərli nümunələridir”.
Bu rəssamın əsərlərinə diqqət yetirdikdə duyursan ki, Bəhruz Kəngərli hərtərəfli rəssam olmuşdur. Onun müraciət etmədiyi mövzu yoxdur. Maraqlısı da budur ki, rəssamın fırçasından doğulan bütün əsərlər qiymətlidir. Bəhruz Kəngərli həm də milli teatr rəssamlığının banilərindən sayılır. 1910-cu illərdə Naxçıvan teatrında tamaşaya qoyulan “Ölülər” (C.Məmmədquluzadə), “Hacı Qara” (M.F.Axundzadə), “Pəri-cadu” (Ə.Haqverdiyev) əsərlərinin bədii tərtibatını və geyim eskizlərini də məhz Bəhruz Kəngərli vermişdir.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bəhruz Kəngərli müntəzəm işləyərək boyakarlıq və qrafik əsərləri yaratmışdır. O həm də rəssamlıq sənətini gənclərə öyrətmək və sevdirmək üçün xüsusi dərnək açaraq fərdi sərgilərini də təşkil edirdi.
Tədqiqatçıların fikrincə, Bəhruz Kəngərlinin 2 minə yaxın portret, mənzərə və rəsm əsərləri əldən-ələ düşərək itmişdir. Hazırda Azərbaycan Dövlət İncəsənət Muzeyində Bəhruz Kəngərlinin 500-ə yaxın əsəri qorunur. Naxçıvandakı muzeydə də 50-dən çox orijinal əsəri nümayiş etdirilir. Moskva Dövlət Tarix Muzeyində və şəxsi kolleksiyalarda da əsərləri saxlanılır.
Bəhruz Kəngərlinin yaradıcılığı haqqında ən dəyərli fikirləri vaxtı ilə ümummilli lider Heydər Əliyev söyləmişdir: “Bəhruz Kəngərlinin əsərləri həddindən artıq qiymətlidir. Birincisi, onun rəssamlıq ustadlığına görə, ikincisi, onun yaratdığı obrazlara görə – mən insan obrazlarını deyirəm. Xüsusən, o, ağır dövrün, 1918, 1919, 1920-ci illərin çətin dövründə xalqımızın ağır vəziyyətdə olmasını az da olsa, öz əsərlərində əks etdiribdir”. Bu, elə bir qiymətdir ki, bizim hər birimizə bələdçilik edir. Yəni Bəhruz Kəngərlinin kim olduğu, Azərbaycan mədəniyyəti tarixində hansı mövqedə dayandığı tamamilə aydınlaşır.
Görkəmli sənətkarın sənət dünyası, əbədiyaşar yaradıcılığı muxtar respublikamızda yüksək qiymətləndirilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun imzaladığı “Görkəmli rəssam Bəhruz Kəngərlinin 120 illik yubileyinin keçirilməsi haqqında” 2012-ci il 12 yanvar tarixli Sərəncam bunun bariz ifadəsidir. Naxçıvan şəhərində yaradılmış Bəhruz Kəngərli Muzeyi binasının 2013-cü il iyun ayının 24-də əsaslı yenidənqurmadan sonra açılışı olmuşdur. Bəhruz Kəngərlinin əsərlərindən ibarət albom-kataloq hazırlanmışdır. Bu gün muzeydə Bəhruz Kəngərli irsinə aid 900-dən çox eksponat mühafizə olunur. Muzeydə rəssamın 341 rəsm əsəri mövcuddur. Bu rəsm əsərlərindən 58-i orijinaldır.

Azərbaycan incəsənətinin tarixində özünəməxsus xidmətləri ilə yaşayan Bəhruz Kəngərli kimi sənətkarlar bəşəri ideyalı insanlar olublar. Bir qərinəlik ömründə əbədiyaşar əsərlərə həyat verən, incəsənət tariximizin unudulmayan nümayəndəsinə çevrilən Bəhruz Kəngərli həmişə müasirimiz olaraq bizimlə bərabər gələcəyə addımlayır.

Türkan HÜSEYNLİ