Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda 20 Yanvar faciəsinə həsr olunmuş sərgi təşkil edilmişdir. Sərgiyə baxışdan əvvəl birliyin sədri, Azərbaycan Respublikasının əməkdar rəssamı Ülviyyə Həmzəyeva çıxış edərək bildirmişdir ki, illər keçsə də, 20 Yanvar faciəsi heç zaman unudulmur, muxtar respublikada fəaliyyət göstərən rəssamlar öz yaradıcı­lıqlarında tez-tez bu mövzuya müraciət edirlər.

Azərbaycan Rəssamlar İttifaqının üzvləri Əli Səfərov və Nizami Alıyev çıxış edərək 20 Yanvar faciəsinin Vətənimizin azadlığı və müstəqilliyi uğrunda mübarizə günü kimi tariximizə daxil olduğunu qeyd etmişlər. Vurğulanmışdır ki, xalqımızın qəhrəmanlıq salnaməsi olan 20 Yanvar faciəsi rəsm əsərlərinin dili ilə əks olunmuşdur. Qrafika və rəngkarlıq texnikasında, eyni zamanda dəmir üzərində döymə üsulu ilə hazırlanan bu əsərlər yetişməkdə olan gənc nəslin vətənpərvərlik tərbiyəsinin formalaşmasında mühüm rol oynayır.  
Sonra sərgiyə baxış olmuşdur.
Qeyd edək ki, sərgidə 20 rəssamın 40-dək əsəri nümayiş olunur.

Xəbərlər şöbəsi