Dünyanın 33 dilinə tərcümə olunan və 66 ölkəsində nəşr edilən “Əli və Nino” adından başlayaraq axırına kimi sevgi və tarix paralelliyində davam edən milli və bir o qədər də bəşəri romandır.
Birinci şəxsin təkində nəql olunan romanın ilk cümləsi birbaşa Şərq və Qərbin sərhədləri arasında sıxışdırılmış Bakı həyatının güzgüsüdür. Bu güzgüdə isə mövzumuzun adında da özünü göstərən mesajın əksini görürük.


“Bakıdakı rus gimnaziyasının üçüncü sinfində biz qırx şagird idik: otuz nəfər müsəlman (bunu türk də oxumaq olar – E.Y.), dörd erməni, iki polyak, üç sektant və bir nəfər rus”. Bu sinifdə professor Sani Avropa və Asiyanın sərhədlərini müəyyən edəcək mövqeyi şagirdlərin çiyinlərinə yükləyir: “Balalarım! Şəhərimizin qabaqcıl Avropaya, yaxud geridə qalmış Asiyaya aid olduğunu müəyyən etmək sizin mövqeyinizdən asılıdır”.
Mənim şəxsi, subyektiv fikrimcə, Əli xanın alt şüuruna bu fikir böyük təsir göstərir və o, heç vaxt tərk etmək istəmədiyi Bakısını “vəhşi” Asiyadan mədəni Avropaya qovuşdurmaq üçün milli zəmin üzərində bəşəri düşüncələr cücərtməyə başlayır. Amma yenə də Əli xan Asiyasını Avropaya əzdirmək istəmir. Bu mövzuda sevgi də onun İçərişəhər divarları arasındakı dünyasını divarın o üzündəki dünyaya əyilməyə güzəştə getmir: “Bakı şəhərinin mübahisəli coğrafi vəziyyəti məni dünyanın ən gözəl gözlərindən məhrum etdi”.
Romanı oxuduqca elə bilirsən ki, təhkiyəni nəql edən – müəllif davamlı Şərqi, Asiyanı, “vəhşi” mədəniyyəti ələ salır. Lakin bu belə deyil. Çünki müəllif həm də romanın qəhrəmanıdır, Əli xandır. Yaxud Əli xan obrazı müəllifin bədiiləşmiş xarakteridir. Bu barədə ətraflı danışmaq olar, amma mövzumun ana xəttindən uzaqlaşmaq istəmirəm.
“Əli və Nino” dastan adını xatırladır. Sevgi hekayətlərini. Bura “Leyli və Məcnun”, “Xosrov və Şirin”, “Arzu və Qəmbər”, “Əsli və Kərəm”, “Şeyx Sənan və Xumar”, “Ruslan və Lyudmila”, “Romeo və Cülyetta” və bu kimi bir çox ayrı-ayrı xalqların şifahi hekayətlərindən alınmış mövzular əsasında yazılan əsərləri daxil edə bilərik. Adını çəkdiyim əsərlərin əksəriyyətindən fərqli olaraq “Əli və Nino” təkcə sevgi üzərində inkişaf edən süjet deyil. Burada sevginin ikinci bir paralel xətti də var. Bu, müharibədir. Roman boyu sevgi və müharibə bir qatarın iki relsi kimi hərəkət edir. Bir az irəli gedib deyim ki, bu relsdəki qatar əsərin sonunda Avropalı olmağa razı olan Asiyalının doğulacaq övladını müharibənin əlindən qurtarıb gələcəyə aparır. Yəni müharibə deyil, sevgi qazanır.
Paralel relslərə qayıtmaq istəyirəm. Sevgi və müharibəyə. Qəribədir ki, nə qədər paralel inkişaf etsə də, süjet boyu hər iki anlayış, eyni zamanda üz-üzə gəlir, qarşı-qarşıya dayanır. Fizika və riyaziyyat qanunlarını alt-üst edən sevgi və müharibə paralelliyində təzadlı qarşıdurma boy göstərir. Sevgini yaşamış və müharibələri – məhz əsərdə bəhs edilən müharibələri yaxşı bilən hazırlıqlı oxucu paradoksal mətnin içindən qarışıqlığa düşmədən çıxa bilər.
Təhkiyədə Avropa və Asiya qarşıdurması hədsiz dərəcədə çoxlu müqayisələrlə göstərilə bilər. Kipiani ailəsinin stol arxasında çəngəl-bıçaqla, Şirvanşir ailəsinin isə xalça üzərində oturub əliylə yemək yeməsi, Avropa saraylarında knyaz və qeysər xanımlarının geyimi ilə Şərq qadınının çadrası, Berlində bir operadakı kök qadının eybəcər şəkildə oxumasının Tehranda yandırılan kafir qadının qışqırtısı qədər dəhşətli olması və bu kimi bir çox məqamlar.
Yenidən sevgi və müharibəyə qayıtmaq istəyirəm. Bu dəfə Əli və Nino sevgisini yox, Əli xanın Vətən sevgisini müqayisə predmeti kimi nəzərə alaq. Romanın yazıldığı, təxminən, 100 il bundan öncə ilə bu günümüzü müqayisə edək. Şuşa və Qarabağ atını minən çar generalı erməni Mədətov. Əli xana dost kimi davranıb onun Şərq humanistliyindən istifadə edərək sirlərini mənimsəyən və sevgisini alıb qaçan Naxararyan. Şuşada evində kirayə qaldığı erməni Sünikin Şuşadakı Maraş kilsəsinin beş min il yaşı olmasını söyləməsi və nəticədə, Əli xanın cavabı kimi xristianlığın heç 2 min il yaşı yoxdur deməsi, Bakının qala divarlarının o biri üzünün adamı olan hər iki erməni xəyanətkarlığını, milli psixologiyalarını müəllif 100 il əvvəl də göstərmişdi, bu gün də biz o pafoslu çürük iddiaları görürük. Naxararyanın sonu kimi Paşinyanların da sonu ortadadır. Qarabağ atını minən və Şuşada ən gözəl malikanəyə sahib olan Mədətov isə niyəsə mənə Şuşada villa tikdirmiş “Roma” klubunun məşhur futbolçusu Mıxitaryanı xatırlatdı. Mədətovun özünün olmayan atı, öz sahibinin – azərbaycanlı Əli xanın altında əsl Qarabağ atı cəhətini nümayiş etdirir və Avropa texnikası olan avtomobilə çataraq Şərq qeyrətini ortaya qoyur. Əli xanın Naxararyanı öldürməsi də iki nəfərin savaşı kimi xarakterizə olunmamalıdır. Bu mənfur xalqın daimi xəyanət tərəfinin nəticəsində aldığı cəzanın 100 il əvvəlki reallığıdır.
Roman haqqında təəssüratlarım o qədər doludur ki, mümkün dərəcədə mövzudan kənara çıxmamağa çalışıram. Qısacası, Xanlıqlar dövrü və Sisianovun başı, Birinci Dünya müharibəsi, ötən əsrin əvvəllərindəki erməni-müsəlman davası, Rus-Osmanlı savaşları, Dağıstan xalqlarının mübarizəsi, Nuru Paşanın Bakını azad etməsi, Azərbaycanın müstəqilliyi uğrunda savaş və yenidən Bakının bolşevik Rusiyası tərəfindən işğalı; bütün bunların fonunda isə Əli xanın pulemyot arxasındakı vətənpərvərliyini müharibə vəhşiliyi kimi deyil, igidlik kimi qiymətləndirərək heyranlıqla, qorxu və sevgi içində seyr edən Nino.
Bunları da qeyd etmək istəyirəm: ilk dəfə 20 yaşımda 2000-ci ildə oxuduğum romanı sevgi kontekstində oxumuşdum. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamında “Oxunması zəruri olan kitabların Siyahısı”na daxil ediləndə ikinci dəfə təkrar oxudum. Bu dəfə müharibələrə daha çox diqqət ayırdım və hər dəfə mövzu ayrı-ayrı müharibələrə gəldikdə tarixin münasibətini öyrənməyə çalışdım. Bu il Novruz bayramı tətilində isə romanı üçüncü dəfə oxudum və bu dəfə sevgi və müharibənin fövqünə çıxıb mesaj axtarmağa çalışdım. Multukultural mesaj. Tapdımmı? Məncə tapdım: Əli xan bütün adət-ənənələrə rəğmən, ailə dəyərlərinə baxmayaraq, qatı islam qanunlarının kəskin qılıncı altında Bakı kimi təqdim olunan Azərbaycanın – Vətənin həm də multukultural bir məkan olduğunu oxucuya təlqin etməyə çalışan müəllifin uğurlu tapıntısıdır və bu obraz roman boyu öz funksiyasını yerinə yetirə bildi: “Mən Ninonu heç zaman çadra altında gizlətməyəcəm”, – deyərək. Bəlkə də, o dövrün qanunlarına görə sərt etiraz idi, amma multukultural cəmiyyət üçün Əli xanın qərarı bugünkü Azərbaycanın gəlib çatdığı inkişaf səviyyəsidir.
Əsərin əvvəllərində Bakının təsviri zamanı verilən bir hissəni olduğu kimi, təqdim etmək istəyirəm: “Şəhəri qaranlıq bürümüşdü. Əslində, burada bir yox, iki şəhər var idi – elə bil bu iki şəhər qoz qabığı kimi bir-birinə yapışmışdı. Qoz qabığı qədim qala divarları xaricində yerləşən bayır şəhər idi. Orada küçələr enli, evlər hündür, insanlar isə pulpərəst və səs-küylü idi. Bu bayır şəhərin təməli bizim səhradan çıxan və var-dövlət gətirən neft idi. Orada teatr, məktəblər, xəstəxanalar, kitabxanalar, polis nəfərləri və çiyinləri açıq gözəl qadınlar var idi. Avropanın coğrafi sərhədi bayır şəhərdən keçirdi. Nino da bayır şəhərdə yaşayırdı.
Qala divarlarının daxilində isə evlər Şərq qılıncı kimi dar və ayrı idilər. Məscidlərin yumşaq buludları dələn minarələri Nobel ailəsinin buruq qüllələrindən tamamilə fərqlənirdi”.
Yuxarıdakı vurğuladığım bir fikrimi qeyd edib yazımı yekunlaşdırmaq istəyirəm. Roman boyu sevgi və müharibə bir qatarın iki relsi kimi hərəkət edir, – demişdim. “Qatar Qərbə gedə bilər, amma bütün qəlbimlə, bütün ruhumla mən Şərqə mənsubam”, – deyən Əli xan müharibənin qurbanı olsa da, “yaralansan, sənin yaralarını da sevərəm”, – deyən Ninonu sevgi xilas edir. Təəssüf ki, bir gerçəklik də var. Sevgi olan yerdə mütləq müharibə var, müharibə olan yerdə isə qətiyyən sevgi olmur.
Son olaraq mənə görə əsərin sevgi və müharibə paralelliyində vermək istədiyi mesaj bu iki cümlədə dilə gəlir: “Sən Asiyaya dözə bilmədiyin kimi, mən də Avropaya dözə bilməyəcəyəm. Gəl burada, Asiya ilə Avropanın hiss edilməyən şəkildə bir-birinə qarışdığı Bakıda qalaq”.
Məhz Əli xanın bu sözlərindəki multukultural mesaja görə Şərq də, Qərb də, Avropa da, Asiya da, səhra da, şəhər də “Əli və Nino”nu oxumaqdan zövq aldı. “Nyu York Times” qəzetinin də dediyi kimi: “Möhtəşəm əsərdir: adama elə gəlir ki, sanki xəzinə tapmısan”.
Fikirlərim çoxdur, qaçaraq tezislər şəklində bu dəfəlik hələlik bu qədər.

Elxan YURDOĞLU
filologiya üzrə fəlsəfə doktoru