Avqustun 11-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə muzey əməkdaşları üçün “Muzeylərdə təkrar uçotun aparılması və elektron məlumat bazasının yaradılması” mövzusunda seminar-treninq keçirilmişdir.

Naxçıvan Dövlət Film Fondunda keçirilən seminar-treninqi giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi Aparatının Mədəniyyət və mədəni irs şöbəsinin müdiri Gülbuta Babayeva açaraq bildirmişdir ki,  muzeylər sənədli, maddi təsviri, incəsənət dəyərlərində ifadə olunan bəşəriyyət tarixi haqqında çox böyük sayda informasiyanı qoruyub saxlayır. Unikal fondlar, kolleksiyalar, nadir nəşrlər haqqında məlumatlar muzey işçiləri tərəfindən böyük qayğı ilə nəsildən-nəslə ötürülür və muzey sənədlərində toplanır. Bu gün bu qiymətsiz informasiyanı qoruyub saxlamaq, onun acıqlığını və istifadə rahatlığını təmin etmək lazımdır. Muzey fondlarında qorunan bu qiymətli maddi mədəniyyət nümunələrinin uçotu və mühafizəsi xüsusi əhəmiyyətə malikdir.

Muzey fondlarının uçotu və təkrar uçotu da bu işlərin əsas hissələrindən biridir. Naxçıvan  Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin 2021-ci il 18 iyun  tarixli 137 nömrəli “Naxçıvan Muxtar Respublikası Mədəniyyət  Nazirliyinin tabeliyində olan muzeylərin fondlarında təkrar uçotun aparılması və muzey sərvətlərinin elektron məlumat bazasının yaradılması barədə” əmri ilə Nazirliyin sistemində fəaliyyət göstərən muzeylərin fondlarında təkrar uçot aparılır və muzey sərvətlərinin elektron məlumat bazası yaradılır.

Gülbuta Babayeva “Muzeylərdə elektron məlumat bazasının yaradılması işi”, Cəmşid Naxçıvanski Muzeyinin baş fond mühafizi-elmi işçisi Gülnaz Hüseynova “Muzeylərdə təkrar uçotun aparılması”  mövzularında çxış etmişlər.

Qeyd edilmişdir ki, təkrar uçot “Azərbaycan Respublikası muzey sərvətlərinin və muzey kolleksiyasının uçotu və mühаfizəsınə dаir Təlimаt”ın 123 və 124-cü bəndlərinə uyğun olaraq aparılır. Təkrar uçot muzey əşyasının varlığının yoxlanması, onların mühafizə vəziyyəti, həmçinin muzey əşyalarının  uçotu və qeydiyyatında yol verilmiş nöqsan və çatışmazlıqların aşkar olunması və aradan qaldırılması baxımından əhəmiyyətlidir.

Muzey əşyalarının elektron məlumat bazasının yaradılması,  kağız daşıyıcılarda olan məlumatların elektron daşıyıcılara köçürülməsi müasir dövrün əsas tələblərindəndir.

Tədbirin sonunda mövzu ilə bağlı iştirakçıların sualları cavablandırılmışdır.

 

 Naxçıvan Muxtar Respublikası Mədəniyyət

Nazirliyinin mətbuat xidməti