29 Mart 2024, Cümə

Xalq teatrlarını böyük səhnəyə gedən yolun başlanğıcı hesab etmək olar. Belə teatrların təməli isə meydan tamaşaları ilə qoyulub. Dövrünün işıqlı adamları bu sahənin inkişafında əmək sərf edərək yaşadıqları zamanda özləri də bilmədən “teatr” adlanan möhtərəm bir sənətin cücərtilərini yaradıblar. Xalq teatrının ən önəmli özəlliklərindən biri bütün elementlərin – sözlü mətn, hərəkət, oyun meydanı, oyunçuların geyimləri, oyunu yönləndirən və başqa bu kimi elementlərin vəhdətdə olmasıdır. Həm kiçik, həm də irihəcmli oyunlar sözlü, musiqili, hərəkətli olduğundan insan beyninin bir neçə bölgəsinin, məsələn, görmə, duyma, eşitmə funksiyalarının birlikdə çalışmasını təmin edir.

 

Ölkəmizdə də xalq teatrları uzun bir inkişaf yolu keçib. Bu gün də fəaliyyət göstərən belə teatrlar insanların asudə vaxtlarının səmərəli təşkilinə töhfələrini verir.
Muxtar respublikamızda da xalq teatrlarının fəaliyyətinə yaşıl işıq yandırılıb. Mədəniyyətin tərkib hissəsi olan bu sahənin inkişafına qayğının yüksək səviyyədə olması dediklərimizin sübutudur. Belə kollektivlərdən biri də muxtar respublikamızda ilk xalq teatrı kimi 1964-cü ildə yaradılmış Kazım Ziya adına Ordubad Rayon Xalq Teatrıdır.
Adıçəkilən kollektivin fəaliyyəti ilə yaxından tanış olmaq üçün teatrın rejissoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Günəş Ağayevaya müraciət etdik. Öncə onu bildirək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2009-cu il 7 fevral tarixli “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” Sərəncamına uyğun olaraq muxtar respublikamızda keçirilən xalq teatrlarının festivalında Günəş Ağayeva “Ən yaxşı aktrisa” nominasiyası üzrə diploma layiq görülüb.
O bildirdi ki, kollektivə 1989-cu ildə yaradılmasının 25 illiyi və səmərəli fəaliyyətinə görə “Naxçıvan Muxtar Respublikasının Əməkdar kollektivi” fəxri adı verilib. Sonrakı dövrlərdə ictimai-siyasi vəziyyətlə əlaqədar teatrın fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. 2006-2019-cu illərdə Cəlil Məmmədquluzadənin “Kamança”, Üzeyir Hacıbəyovun “Ər və arvad”, Rəşid bəy Əfəndiyevin “Saqqalın kəraməti” və “Tiflis səfəri”, Əbdürrəhim bəy Haqverdiyevin “Yeyəsən qaz ətini, görəsən ləzzətini”, Sabit Rəhmanın “Yalan”, Həsənəli Eyvazlının “Vəzifə hərisi” komediyaları ilə teatrsevərlərin görüşünə gəlib.
2020-ci ildə Naxçıvan Film Fondu tərəfindən Hüseynbala Mirələmovun “Axirətdən gələn zəng” ikihissəli dramatik komediyası, Firuz Mustafayevin “Sevməsəm ölərəm” ikihissəli komediyasının çəkilişləri aparılaraq Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin “You Tube” səhifəsində paylaşılıb.
Bu il isə İxtiyar Piriyevin Qarabağ savaşına həsr olunmuş “Qanlı qızıl toy” ikihissəli qəhrəmanlıq dramı ordubadlı teatrsevərlərə təqdim olunub.
Hazırda teatrda 26 həvəskar aktyor və aktrisa fəaliyyət göstərməkdədir. Bu da teatrın daha dolğun və keyfiyyətli səhnə əsərləri hazırlanmasına imkan verib. Kollektiv bu imkanlardan səmərəli istifadə etməyə səy göstərir, qarşıya qoyulmuş vəzifələri yerinə yetirməyə çalışır.
Teatrda onu da müşahidə etdik ki, həmin vəzifələrin yerinə yetirilməsində gənc aktyorlar da xüsusi fəallıq göstərirlər. Bu gün teatrda Arzu Bağırova, Nağı Əlisoy, Pinar Bilalova və Nadir Məhərrəmov kimi istedadlı gənclər var. Arzu edirik ki, böyük teatrın astanasında olan belə gənclərimizin sıraları daha da genişlənsin, kollektiv maraqlı səhnə əsərləri ilə teatrsevərlərin mənəvi tələbatının ödənilməsinə daha çox töhfə versinlər.

Şahbuz Rayon Mədəniyyət Şöbəsində fəaliyyət göstərən Xalq Teatrı da belə kollektivlərdən biridir və rayonun mədəni həyatında fəal iştirak edir. Teatrın rejissoru Namiq Mehdiyev deyir ki, xalq teatrı müxtəlif xarakterlərin, obrazların bir və ya bir neçə oyunçu tərəfindən canlandırılması olub roloynama sənətidir. Meydan tamaşasında oyunçu öz oyununu deyil, oynamaq zorunda qaldığı rolu canlandırır. Bunun üçün paltardan, səhnədən, səhnə dekorasiyasından, maskadan istifadə etməli olur. Rol oynayan oyunçu müəyyən bir ssenariyə bağlı qalmaq, canlandırdığı xarakterin sözlərini əzbərləmək məcburiyyətindədir. Nisbi sərbəstlik, bəzən yazılı mətnə baxmaq, bəzən kənara çıxmalar heç də bütünlükdə əvvəlcədən mövcud olan sözlü və ya yazılı mətnin dəyişdirilməsi demək deyildir.
Təhkiyəli tamaşalarda hadisələrin keçəcəyi məkan, qaydalar, oynanacaq xarakterlərin cinsi, irqi, sosial durumu və sair haqqında öncədən bilgi əldə edilir, səhnədə, oyun müddətində bunlar bu və ya digər dərəcədə diqqətə alınır.
Öyrəndik ki, bu gün teatrda 15 nəfərlik heyət fəaliyyət göstərir. İlk dəfə Səid Rüstəmovun “Beş manatlıq gəlin” komediyası ilə tamaşaçı qarşısına çıxan teatrın bu il on illiyi tamam oldu. Müxtəlif illərdə ayrı-ayrı komediyaları səhnələşdirən teatr 26 İyun – Silahlı Qüvvələr Günü ərəfəsində Vətən müharibəsi şəhidlərimizi anmaq üçün Tofiq Seyidovun “Qarabağ şikəstəsi” əsərini səhnələşdirərək hərbçilərə təqdim edib.
Bu gün muxtar respublikamızda xalq teatrlarının fəaliyyətlərinin genişləndirilməsi bir tərəfdən insanların asudə vaxtının səmərəli təşkilinə şərait yaradır, digər tərəfdən rayonun mədəni həyatına müsbət təsir göstərir. Biz də hər iki kollektivə gələcək fəaliyyətlərində səhnə uğurları, tamaşaçı sevgisi arzulayırıq.

Telli MƏMMƏDOVA

 

 

 

ARXİV

Mart 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR