Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənc Azərbaycan” qısametrajlı film festivalı keçirilmişdir. Layihə ölkəmizi təqdim etməyi bacarmaq, onun gözəl guşələrindən birini, tarixi abidələrini göstərmək və ya yenidən müstəqillik əldə etdikdən sonra – ulu öndər Heydər Əliyev və onun davamçısı olan Prezident İlham Əliyevin ölkə­mizə rəhbərliyi dövründə Azərbaycanın mədəniyyətinin, iqtisadiyyatının qısa zamanda necə inkişaf etdiyini göstərmək məqsədilə həyata keçirilmişdir. Eləcə də gələcəyin potensiallı rejissorlarını, ssenaristlərini üzə çıxarmaq və onlar üçün şərait yaratmaq məqsədi daşımışdır. Festivalda minimum 5, maksimum 10 dəqiqəlik zaman çərçivəsində filmlər təqdim olunmuşdur. 50 film içindən seçilmiş, ekspertlər tərəfindən qiymətləndirilmiş ən orijinal 10 film Bakı şəhərindəki Nizami adına kinoteatrda nümayiş olunmuşdur. Naxçıvan Dövlət Universitetinin fransız dili müəllimliyi ixtisasının III kurs tələbələri Aytən İsmayılovanın ideya müəllifliyi, Arzu Qasımovun ssenarisi əsasında çəkilən “Sehrli diyarın nağılı” adlı qısametrajlı film festivalda II yerə layiq görülmüşdür. Filmin rejissoru Əzim Cəfərli, operatoru Ramin Salahzadədir. Filmdə Azərbaycanın ayrılmaz parçası olan Naxçıvan Muxtar Respublikasının qədimliyindən, tarixi abidələrindən və əsrarəngiz təbiətindən, müstəqillik illərində regionun sosial-iqtisadi inkişafından, müasir tərəqqisindən, gənclərdəki vətənpərvərlik və dövlətçiliyə sədaqət ruhundan bəhs olunur. Festivalın sonunda iştirakçılara hədiyyələr, diplom və sertifikatlar verilmişdir.  

Mina QASIMOVA