Azərbaycanda qeyri-neft sektorunun inkişafı sahəsində həyata keçirilən davamlı islahatlarla əlaqədar ən qədim tətbiqi-sənət növlərindən biri olan xalçaçılığın inkişafı diqqət mərkəzində saxlanılır. Xalçaçılıq tarixən həm Azərbaycan xalqının məişətinin ayrılmaz hissəsi, həm də milli mədəniyyətinin bariz nümunəsi olub. Hər bir xalça toxunduğu yerin təbiəti, onu toxuyan insanların dünyagörüşü və inancları ilə bağlı simvolları əks etdirən sənət əsəridir. Ayrı-ayrı regionların coğrafiyası, tarixi, mədəni və dini mühiti xalçanın özünəməxsus ornament, kompozisiya və digər elementlərinə təsir göstərir. Bu mənada, xalçaçılığın inkişaf tarixi mədəni və maddi irsin qorunması baxımından mühüm əhəmiyyət kəsb edir.

Azərbaycan sənətkarlığının yüksək səviyyədə inkişaf etdiyi orta əsrlər dövründə Naxçıvan xalçaçılarının da öz dəstxətti olub. Bu qədim el sənəti iqtisadi cəhətdən də sərfəlidir. İstehsal artdıqca xalçamız xarici bazarlarda “Made in Azerbaijan” brendi kimi yerini möhkəmləndirir. Təsadüfi deyildir ki, XII-XIII əsrlərdə Azərbaycanda olan əcnəbi alim və səyyahlar da burada yüksəkkeyfiyyətli xalçaların toxunduğunu və bir sıra ölkələrə ixrac olunduğunu bildiriblər. Özünəməxsus fərqləndirici cəhətlərə malik olan bu xalçalar Naxçıvan xalçaçılıq məktəbinin formalaşmasına səbəb olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə təsdiq olunan “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” bu sahədə görülən işləri daha da sürətləndirib, xalçaçılığın təbliği üçün geniş imkanlar açıb.

Naxçıvanda qədim el sənəti nümunəsi olan xalçaçılığın inkişafı ilə bağlı “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialının direktoru Rövşən Abbasovla həmsöhbət olduq. O bildirdi ki, ölkə Prezidentinin iştirakı ilə mayın 10-da “Azərxalça” ASC-nin Naxçıvan filialının istifadəyə verilməsi bu baxımdan böyük əhəmiyyət kəsb edir. Naxçıvanda açılan yeni xalçaçılıq müəssisəsi bütün zəruri xammal və ləvazimatlarla – müxtəlifrəngli yun iplərlə, həvə, qayçı, hana, bıçaq kimi alətlərlə təmin edilib. Bu xalça istehsalı emalatxanalarında 150 nəfər toxucunun, 12 nəfər inzibati-təsərrüfat işçisinin çalışması üçün müasir iş şəraiti yaradılıb. Emalatxanada müxtəlifölçülü 43 dəzgahda Azərbaycan xalçaları toxunur. Müəssisədə ötən dövr ərzində 450 kvadratmetrdən çox xalça toxunub. O cümlədən 110 xalça artıq kəsilibdir, bunlardan 91 ədədi “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinə göndərilib, 19 xalça isə emalatxanadadır. 21 ədəd xalça isə hazırda xalçaçılarımız tərəfindən toxunur.

Cəmiyyət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2016-cı il 5 may tarixli Sərəncamı ilə yaradılıb. Mərkəzin yaradıldığı gün, eyni zamanda təqvimə Azərbaycan xalçaçılarının peşə bayramı – “Xalçaçı Günü” kimi düşüb. Dünyanın bir çox ölkə­lərində xalçaçılıq sənəti mövcud olsa da, ilk dəfə belə bir bayramın qeyd olunması məhz Azərbaycanda reallaşıb. Bu hadisə Azərbaycanda xalçaçılığa, bu xalçaları toxuyub ərsəyə gətirən sənətkarlarımıza yüksək dəyər verilməsinin bariz nümunəsidir. Ölkə rəhbəri toxucular üçün müasir, işıqlı emalatxana binaları yaratmaqla yanaşı, həm də onların rahatlığının təmin olunması qayğısına da qalıb. Qeyd etmək istərdim ki, filialda əməkdaşlarımızın işə rahat gediş-gəlişinin təmin edilməsi üçün “Hyundai” markalı avtobus alınıb. Xalçaçılıq üzrə yeni istehsalatların fəaliyyətə başlaması böyük sosial mahiyyət daşıyır. Belə ki, muxtar respublikada açılan xalçaçılıq müəssisəsi yerli sakinlərin, ələlxüsus da qadınların əmək bazarına inteqrasiyasına yeni imkanlar yaradır.
Müsahibim onu da vurğuladı ki, xalçaçılığın inkişafına göstərilən diqqət, ölkəmizin müxtəlif bölgələrində xalça istehsalı emalatxanalarının fəaliyyətə başlaması xammal bazasının yaradılması zərurətini meydana çıxarıb. Bu məsələ də Azərbaycan Prezidentinin diqqət mərkəzində olub. Ölkə rəhbərinin tapşırıqlarına uyğun olaraq Sumqayıt Kimya Sənaye Parkında inşa olunan Yunəyirici-Boyaq Fabrikinin xammalla təmin olunması məqsədilə Naxçıvan şəhərində Regional Yun və Boyaq Bitkilərinin Tədarükü Məntəqəsi üçün bina tikilib. Burada illik istehsal gücü 300 ton olan Türkiyə istehsalı yun presləmə avadanlığı quraşdırılıb. 2019-2020-ci illər ərzində yerli fermerlərdən alınan 74,5 ton yun bura tədarük edilib, 69 ton yun “Azərxalça” ASC-nin Yunəyirici-Boyaq Fabrikinə təhvil verilib. Naxçıvan Regional Yun və Təbii Boyaq Bitkilərinin Tədarükü Məntəqəsinin yaradılması muxtar respublikada heyvandarlığın inkişafına da öz təsirini göstərməklə yanaşı, xalça istehsalı müəssisəsinin yun ipliyə olan tələbatının ödənilməsinə şərait yaradacaqdır.
Əl işi, göz nuru, nəticədə, dəzgahlarda yun iplərdən yaranan gözəl kompozisiyalar vasitəsilə “Azərxalça” ASC-nin Naxçıvan filialı tərəfindən bu qədim el sənəti sevilərək yaşadılır. Burada təcrübəçi xalçaçılar çalışırlar. Onlardan biri də Natəvan Zeyniyevadır. Deyir ki, bu sənətə 1995-ci ildən gəlmişəm. Həmişə evimizdə xalça toxunduğuna görə bu, mənə bir əyləncə kimi gəlib. İllər keçdikcə ilmələrə, saplara, naxışlara baxa-baxa bir də görmüşəm ki, xalçaçılığın sirrini, sehrini özündə saxlayan ilmələrə, saplara vurğunam. Xalçanın gözəlliyi onun naxışından və rənglərin düzgün seçilməsindən asılıdır. Rəng düzgün seçiləndə, naxışlar düz toxunanda barmaqların sehri ilə gözəl sənət əsəri yaratmaq olur. Yanlış vurulan naxışı usta seçər, naşı seçə bilməz. Mən də həmişə çalışmışam, yanlış naxış vurmayım ki, usta xalçaçılar məni qınamasınlar. Demək istərdim ki, bu iş əsl xanımlarımıza layiq bir sənətdir. Əlimizdən gəldiyi qədər çalışırıq ki dövlətimizin bizə yaratdığı bu şəraitdən istifadə edərək keyfiyyətli xalçalar toxuyaq. Həmçinin öz bildiklərimizi gənclərə də öyrədək.

Xalçaçılar arasında gənc nəslin nümayəndələrinə də tez-tez rast gəlmək mümkündür. Elə xalçaçılıq emalatxanalarının əsas məqsədi də onun sirlərini gələcək nəslə ötürməkdir. Həmsöhbət olduğumuz digər xalçaçı qadın isə Aysun Nəcəfovadır. Aysun xanımın sözlərinə görə, o, 4 il bundan əvvəl peşə məktəbində xalçaçılıq sənətinin incəliklərini öyrənib. Deyir ki, xalçaçılıq maraqlı sənət olduğu qədər çoxlu səbir, diqqət və dözümlülük də tələb edir. Ona görə də bu sənəti sevərək, həvəslə məşğul olmaq lazımdır.
Onu da qeyd etməliyik ki, bu gün muxtar respublikanın bütün bölgələrində xalçaçılıqla məşğul olan çoxlu qadın var. Bunun üçün onlara dövlətimiz tərəfindən hərtərəfli şərait yaradılıb. Bu işlə məşğul olmaq bir tərəfdən ulularımızdan bizə gəlib çatan gözəl bir sənəti yaşatmaq və gələcək nəsillərə ərməğan etməkdirsə, digər tərəfdən evdar qadınlarımızın məşğulluğunun elə öz evindəcə təmin edilməsidir.
Xalça incəsənətin zəngin xəzinəsi, xalqın yazılı tarixi, şifahi ədəbiyyatı, musiqisi, estetik mədəniyyətinin əsas mənbəyidir. Elə bu səbəbdən də Naxçıvanda həmin sənəti qoruyub yaşatmaq məqsədilə bir sıra layihələr həyata keçirilir, rayon və kəndlərimizdə xalça sexləri fəaliyyət göstərir. Xalçaçılığın inkişafı məqsədilə kurslar təşkil olunur. Yeni bina ilə təmin edilmiş Naxçıvan Dövlət Xalça Muzeyi isə zəngin eksponatları ilə qonaqların ixtiyarına verilib. Bütün bunlar zəngin mənəvi irsimizin yaşadılması, onların qorunub saxlanılması və gələcək nəsillərə çatdırılması üçün atılan mühüm addımlardır.

 Aytac CƏFƏRLİ