Dünən Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin, Aşıqlar və Yazıçılar birliklərinin Aşıq Ələsgərin 200 illik yubileyi ilə əlaqədar birgə təşkil etdiyi yaradıcılıq müsabiqəsinin yekun tədbiri keçirilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova çıxış edərək Azərbaycan aşıq poeziyasının zənginləşməsində və inkişafında xidmətləri olmuş el sənətkarlarından biri – Aşıq Ələsgərin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib. Vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu il fevral ayının 18-də “Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncam imzalayıb. Adıçəkilən sərəncamın muxtar respublikada icrasının təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2021-ci il 22 fevral tarixli Sərəncamı ilə “Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş Tədbirlər Planı” təsdiq edilmişdir. Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş yaradıcılıq müsabiqəsi də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il fevralın 22-də imzaladığı Sərəncamla təsdiq edilmiş “Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş Tədbirlər Planı”na əsasən keçirilib.
Qeyd edilib ki, müsabiqənin məqsədi Aşıq Ələsgərin zəngin yaradıcılıq irsinin təbliği, eləcə də çoxəsrlik keçmişə malik aşıq sənəti ənənələrinin qorunması və yaşadılmasından ibarətdir. Müsabiqədə iki yaş qrupunda istedadlı şəxslər iştirak ediblər. Müxtəlif aşıq havaları üstündə Aşıq Ələsgərin şeirlərinin səsləndirildiyi müsabiqədə iştirakçıların ifaları Naxçıvan Muxtar Respublikası Aşıqlar və Yazıçılar birliklərinin təklifləri nəzərə alınmaqla, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən təsdiq edilib, münsiflər heyəti tərəfindən qiymətləndirilib.
Nazir çıxışının sonunda muxtar respublikada yaradıcı gənclərin formalaşmasına, eləcə də aşıq sənətinin təbliğinə və yaşadılmasına göstərilən diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib.
Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Asim Əliyev çıxış edərək ustad aşığın zəngin poetik irsinin geniş tədqiqi, nəşri və təbliğinin mühüm mərhələsinin ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olmasından danışıb.
Sonra müsabiqədə qalib gələn və fərqlənən iştirakçılar mükafatlandırılıb, bədii hissədə müsabiqə qaliblərinin ifasında musiqi nömrələri təqdim edilib.

Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin
mətbuat xidməti