“Kitabi-Dədə Qorqud” dastanı əsasında çəkilən bədii filmdə xanlar xanı Bayandır xanın qızı, bəylər bəyi Salur Qazanın həyat yoldaşı, Oğuz dövlətinin birinci xanımı Burla xatunu canlandıran, Azərbaycanın əsilzadə xanımlarının ən xarakterik və koloritli obrazlarından birini – Pəricahan xanımı yaradan, bir çox filmlərdəki xalqımızın milli-mənəvi dəyərləri sistemində əsl Azərbaycan qadını obrazlarına səhnə həyatı verən ümumxalq sevgisi qazanmış qadın sənətçilərimizdən olan, Azərbaycan xanımının milli davranış etiketlərini özündə daşıyan və yaratdığı bu obrazlarla qəlbimizdə taxt quran xalq artisti Şəfiqə xanım Məmmədova Naxçıvandadır. Görkəmli teatr və kino aktrisası, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, “Şöhrət” və “Şərəf” ordenli, 2020-ci il mart ayının 29-da Prezident cənab İlham Əliyevin  imzaladığı Sərəncamla isə 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilən Şəfiqə Məmmədova ilə söhbətləşmək imkanı əldə etdik. Həmin müsahibəni oxucularımıza təqdim edirik:

– Şəfiqə xanım, əvvəla, sizə “Şərq qapısı” qəzetinin kollektivi adından xoş gəlmisiniz deyirik. Rol aldığınız bütün filmlərdə bir aktrisa kimi hər zaman tamaşaçıların rəğbət və məhəbbətini qazana bilmisiniz. Ekranlardan gördüyümüzdən də gözəl və təravətlisiniz. Hər zaman belə təravətli qalın. İstərdim ki, sizinlə söhbətimizə bu səfərin məqsədi və təəssüratları ilə başlayaq.
– Əvvəla, onu deyim ki, Naxçıvana budəfəki səfərim bu müqəddəs diyara bağlılığımdan irəli gəldi. Daxilimdə o qədər böyük ehtiyac duyurdum Naxçıvanın təmiz havasına, suyuna, gözəl təbiətinə. Sonuncu səfərim 2018-ci ildə Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı elan olunarkən keçirilən açılış tədbirində iştirakım zamanı olmuşdu. Pandemiyaya görə Naxçıvana həsrət qalmışdım. Zaman çox keçdi və yaranan ilk fürsətdə gəlib Naxçıvanı yenidən görməyi planlaşdırırdım. Qismət də bu günə imiş. Bundan öncəki səfərimdə Əshabi-Kəhf ziyarətinə gedə bilməmişdim. Buna zamanın yetmədiyinə görə çox təəssüflənmişdim. Amma dünən bu arzuma da çatdım. Buraya gəldiyim gün elə həmin müqəddəs yeri ziyarət etdim, arzularımın, niyyətlərimin Allahdan qəbul olunmasını dilədim. Necə xoş hisslər keçirmişəm, necə xoş təəssüratla qayıtmışam oradan, bunu sözlə ifadə edə bilmirəm. O pillələri qalxdıqca elə bil göy qübbəsində addım atırdım. Mənim üçün elə bil bundan savayı başqa bir aləm yox idi. O natura, o möhtəşəmlik qarşısında elə həyəcanlı idim ki, pillələri qalxdıqca bilsəniz daxilən nə qədər hüzur, rahatlıq tapdım... Düşünürdüm ki, ora qalxmaq mənə çətin olacaq, amma yox, birnəfəsə qalxdım. Etiraf edim ki, ağladım da, o həyəcanı gizlətmədim. Açdım sirlərimi, dərdlərimi dedim o müqəddəs məkanda Uca Allahıma, çox palitra hisslər keçirdim.
Dünən, ümumiyyətlə, Naxçıvanın bir çox yerlərini gəzdim. 2 il keçməsinə baxmayaraq, çox dəyişiklik gördüm. Çox işlər görülüb. Buradakı rahatlığı heç bir yerə dəyişmərəm. Naxçıvandakı tarixilik, qədimiliklə yanaşı, möhtəşəm yeniliklər, təzə-tər nəfəs var. Bu şəhər incəsənət adamlarına harmonik hisslər yaşadır. Bu torpaq müqəddəs torpaqdır. Dünyaya kimləri bəxş etməyib ki?.. Alimləri, sənətkar­ları, yazıçıları... Bura, həqiqətən də, müqəddəsdir, çünki heç nə nahaqdan olmur. Hər şey bir-biri ilə vəhdət daşıyır. Ümumiyyətlə, Naxçıvan mənim üçün fərqli bir diyardır.
Səfərimin məqsədi isə Naxçıvandakı sənət dostlarımızla görüşmək, buradakı mədəni mühitlə tanış olmaqdır. Planımızda ustad dərslərimiz də var. Bu, Naxçıvanda keçirilən ilk ustad dərsim olacaq. Pedaqoji fəaliyyət göstərdiyim universitetdə Naxçıvandan aktyor və yaxud rejissor sənətini seçənlərdən heç bir zaman dəstəyimi əsirgəmirəm. Çünki düşünürəm ki, Naxçıvandan Bakıya aktyor sənətini seçib gəlibsə, artıq bu, böyük addımdır. Ona görə mən bir aktyor kimi, əsasən də, Naxçıvanı sevən bir insan kimi hər zaman onlara dəstək olacağam.
Dünən Naxçıvan Dövlət Musiqili Dram Teatrının, Naxçıvan Dövlət Universitetinin Aktyorluq sənəti kafedrasının kollektivləri ilə görüşüm oldu. Naxçıvan teatrı mənim üçün çox əziz və doğmadır. Mən 1969-cu ildə bu teatrın ozamankı baş rejissoru Vəli Babayevin dəvətilə ilk dəfə Naxçıvana gəlmişdim. Mənim üçün çox əziz olan “Nakam qız” tamaşası, sən demə, bu teatrın repertuarında da var imiş. Bir zamanlar eyni fakültənin ayrı ixtisaslarında oxuduğumuz tələbə yoldaşım Vəli müəllim məni həmin tamaşanın Naxçıvan teatrında səhnəyə qoyulması üçün Naxçıvana dəvət etdi. Və heç məşq etmədən tamaşa səhnəyə qoyuldu. Həmin tamaşa o qədər izdihamla qarşılandı ki. Bu tamaşadakı ifam mənim 3-cü çıxışım idi. Sonra yenidən xahiş etdilər ki, iştirak edə bilməyənlərin arzusu nəzərə alınaraq tamaşa yenidən səhnəyə qoyulsun. Beləliklə, bu səhnə mənim üçün çox doğmalaşdı və bundan sonra Naxçıvana tez-tez səfərlərim oldu. Ulu öndər Heydər Əliyevin rəhbərliyi və şəxsi iştirakı ilə keçirilən Naxçıvan Muxtar Respublikasının 70 illik yubileyində, daha sonra Hüseyn Cavid məqbərəsinin açılış mərasimində iştirak etdim. Yeri gəlmişkən, deyim ki, dahi Hüseyn Cavidin əsərləri mənim repertuarımda ön sıradadır.

– Qısa zamanda da olsa, yəqin ki, Naxçıvandakı mədəni mühitlə növbəti tanışlıq imkanı əldə etdiniz. Naxçıvanda mədəniyyət sahəsində baş verən yenilikləri izləmək imkanınız olurmu? Bir sözlə, Naxçıvanda gedən mədəni proseslərə münasibətinizi bilmək istərdik...
– Mənim üçün doğma olan Naxçıvan teatrına göstərilən diqqət və qayğı məni çox sevindirir. İstər maddi-texniki baza tərəfdən, istər quruluş baxımından hər şey mükəmməldir. Bir çox yerləri gəzib teatrlarla tanış olmuşam. Məndən soruşsalar, bu gördüklərimin içərisində ən çox Naxçıvan teatrını üstün tutaram. Çünki burada işıqlandırma, səsləndirmə, akustika, mizam kimi səhnədə tamaşanın keyfiyyətinə təsir edən göstəricilərin əksəriyyəti digər teatrlarda yoxdur. Bu, mədəniyyət sahəsinə yüksək qayğının ifadəsidir. Naxçıvan teatrı bir əsrdən çox yaşı olması ilə yanaşı, həm də müasir standartlara cavab verən maddi-texniki bazası ilə seçilir.
Bunlar teatr sənətinin bir tərəfidir. Digər tərəfdən istedadlı və peşəkar aktyor, rejissor heyəti formalaşmalıdır. Universitetlə tanışlığım zamanı bu sahədə necə böyük addımlar atıldığının şahidi oldum. Burada yetişən istedadlı gənc­lərdə kifayət qədər enerji və potensial gördüm. Bu potensial Naxçıvan teatrını daha parlaq gələcəyə aparacaq.
Dünənki görüşüm zamanı öz tələbələrimi də gördüm, onların xoş xatirlərində yer almaq məni kövrəltdi. Mənim üçün bu görüş çox əhəmiyyətli oldu. Bir arzum var, bu qədim teatra akademik statusu verilsin. Bu mənim böyük arzumdur, çünki bu teatr o statusa, doğrudan da, layiqdir.
– Qocaman Naxçıvan teatrı və onun müasir imkanları, gənc aktyor və aktrisaların yetişdirilməsi üçün mövcud şərait barədə qənaətləriniz çox xoş oldu. Bəs Şəfiqə xanımı Naxçıvanın mədəni mühitində heyrətləndirən nə oldu?
– Dünən Naxçıvandakı Film Fondunun direktoru ilə də həmsöhbət oldum. Mən çox təəccübləndim ki, burada bütün Azərbaycan filmləri var. Hətta bizdə olmayan filmlərə belə, rast gəldim, o filmləri qorumağın sadə texnikasını öyrəndim. Çox qəribədir ki, Naxçıvanda filmlərin qorunma təhlükəsizliyi buranın iqlimində nəmlik olmadığındandır. Bu, böyük bir nemətdir. Əgər bu olmazsa, həmin filmləri qorumaq üçün xüsusi texnika lazımdır.
– Şəfiqə xanım, söhbət əsnasında Naxçıvan teatrı, mədəniyyəti ilə bağlı gözəl arzularınızı dilə gətirdiniz. Arzularla bağlı söhbətə davam etsək, daha nələrdən söz aça bilərsiniz?
– İnsan yaşadıqca, arzuları da bitib-tükənmir. Ona görə də yalnız onlar arasından bu səfərimə aid olan bir arzudan danışmaq istəyirəm. Arzum var ki, bu səfərimdə əsgərlərlə görüşüm. Bu, “Bizim Cəbiş müəllim”in müharibə şəraitindəki həyat mübarizəsi ilə bağlıdır. Naxçıvan tarixboyu müharibələrə sinə gərən mübarizlərin yurdudur. İndi də Naxçıvanın igidləri bu yurdu göz bəbəyi kimi qoruyur, muxtar respublika əmin-amanlıq şəraitində inkişaf edir. İstərdim ki, əsgərlər qarşısındakı borcumu da yerinə yetirim.
– Doğma diyarımız haqqında dəyərli fikirlərinizə görə minnətdaram. O qədər xoş təsir bağışladınız, o qədər xoş təəssürat yaratdınız ki, sizinlə olan bu səmimi söhbəti heç bir zaman unutmayacağam.
– Mən də çox şad oldum ki, bu gözəl diyarın səmimi və mehriban insanları arasındayam. Son olaraq sizi və kollektivinizi yüzillik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm. “Şərq qapısı” qəzeti də mənim üçün çox doğmadır. Bu doğma qəzetin birəsrlik tarixi olduğunu eşidəndə çox qürurlandım. Bu il qəzetin 100 illik yubileyinin qeyd edilməsi də tarixi hadisədir.
– Xoş sözlərinizə, təbriklərinizə və ən əsası dəyərli zamanınızda bizimlə müsahibəyə də yer verdiyiniz üçün minnətdarıq. Sizə gələcək həyatınızda və fəaliyyətinizdə uğurlar arzulayırıq.

Gülcamal TAHİROVA