Azərbaycan folklorunun ən qədim qollarından biri də aşıq yaradıcılığıdır. Aşıq sənətinin tarixi xalqımızın özü qədər qədimdir. Sinkretik səciyyə daşıyan aşıq sənətinin və onun ayrılmaz tərkib hissəsi kimi təzahür edən aşıq ədəbiyyatının ilkin təşəkkül və biçimlənmə prosesi, əsasən, XIII-XV əsrləri əhatə edir. Azərbaycan folklorunda müxtəlif aşıq məktəbləri mövcuddur. Fikrimizcə, bunlardan ən böyüyü, öz dəstxəti, üslubu olan, aşıqlıqda avanqard rolu ilə seçiləni Göyçə aşıq məktəbidir. Göyçə aşıq sənətinin kökləri xalqımızın qədim tarixinə gedib çıxır. Göyçə aşıq məktəbi dedikdə, ilk növbədə, Aşıq Ələsgər yada düşür. Aşıq Ələsgərin həyat və yaradıcılığı, qoşma və təcnislərinin poetikası, üslubi və dil xüsusiyyətləri istər ədəbiyyatşünaslar, istərsə də dilçilər və folklorşünaslar tərəfindən illərlə tədqiq olunmasına baxmayaraq, bu böyük sənətkarın yaradıcılığında hələ öyrənilməmiş məqamlar da çoxdur. 

Aşıq yaradıcılığı Naxçıvanda da qədimdən bəri inkişaf etmişdir. Təbii ki, Aşıq Ələsgərin və Göyçə aşıq məktəbinin Naxçıvan aşıq mühitinə birbaşa təsiri olmuşdur. Mənbələrə görə, Aşıq Ələsgər tez-tez Naxçıvanda toy məclislərində olmuş, onun qoşma və təcnisləri daim Naxçıvan aşıqlarının repertuarında səslənmişdir. Şəhər mədəniyyətinin varlığı, Naxçıvan əhlinin şeir və sənətə olan həvəs və məhəbbəti bu qədim torpaqda aşıq sənətinin fəaliyyətinə şərait yaratmışdır. Naxçıvan aşıq məktəbi Göyçə aşıq mühiti ilə yaxın sənət əlaqəsində olmuşdur. Aşıq Ələsgərlə Naxçıvan aşıq mühitinin yaxın əlaqəsi olduğunu “Aşıq Ələsgərin Naxçıvan səfəri”ndən açıq-aydın görürük. Aşıq Ələsgərin yaradıcılığında Naxçıvanın müqəddəs məkanlarından olan Əshabi-Kəhfin, məşhur Ağrı dağının adının çəkilməsi də təsadüfi xarakter daşımır. Məsələn:

Onları xəlq edən xudam qənidi,
Səxavət əhlidi, kərəm kanıdı.
Əshabi-Kəhf neçə nəfər can idi?
Adları nə idi onu biləsən?
Durur nişanası Ağrı dağında,
Nuhun qiyaməti qaldı ki, qaldı.

Aşıq Ələsgərin Naxçıvan səfərində aşığın bir çox şeirləri, XIX-XX əsr Naxçıvan aşıq mühiti və Naxçıvan aşıq mühiti ilə sıx sənət və yaradıcılıq ənənələrinə malik olan Göyçə aşıq mühiti, xüsusən də Dədə Ələsgər yaradıcılığı müşahidə olunur.
Aşıq Ələsgərin yaradıcılığına nəzər saldıqda görürük ki, aşığın toxunmadığı heç bir ictimai-sosial məsələ yoxdur. Aşığın əsərlərini oxuduqca, onun yaradıcılığına bələd olduqca Dədə Ələsgərin – oxumaq-yazmaq bilməyən böyük dünyagörüşünə, dini biliklərə, Vətəninin coğrafiyasına, tarixinə bələdliyinin şahidi oluruq.
Xalqın tarixi onun folklorunda əks olunur. Aşıq yaradıcılığında işlənən yer adları tarixi ifadə etmək baxımından olduqca zəngin material verir. Aşıq Ələsgər yaradıcılığında Azərbaycan xalqının məskən saldığı ərazilər, həyat tərzi poetik şəkildə ifadə olunur. Azərbaycan toponimləri tariximizin qədimliyini sübuta yetirən faktlardandır. Aşıq Ələsgərin yaradıcılığında ən çox nəzəri cəlb edən yer-yurd adlarımızın işlənməsidir. Azərbaycan təbiətinə, dağlarına, çay və göllərinə, ən kiçik obasına belə, dərindən bələd olan, bu yerləri canı, qanı qədər sevən Dədə Ələsgər onların adlarını yaratdığı qoşma, təcnis və gəraylılarında əbədiləşdirmişdir.

Ələsgər gəlibdi əcəb yığnağa,
Şəki, Şirvan bir telinə sadağa,
Necə zinət verib eyvan, otağa,
Ətri qoxur Bağdad baharı kimi.

Aşıq Ələsgər yaradıcılığında işlənmiş məkan adlarının – toponimlərin statistikasını çıxaranda, ilk növbədə, onun şahidi olduq ki, aşığın əsərlərində ən çox işlənən yer adı onun doğulub boya-başa çatdığı Göyçə mahalının adıdır:

Adım Ələsgərdi, Göyçə - mahalım,
Dolanım başına, mən qadan alım.
Digər bir nümunəyə nəzər salaq:
Ələsgərin toy işi var əlində,
İşi təhər tapmır Göyçə elində.

Aşıq özünün, ata-babasının da Göyçə sakini olmasını fəxarətlə əsərlərində bildirir.

Atam Alməmməddi, Göyçə sakini,
Adım Ələsgərdi, yaxşı bil, tanı!

Aşığın əsərlərini oxuduqca, sanki nəinki Azərbaycanı, bütün Qafqazı gəzirsən. Hətta Azərbaycandan coğrafi cəhətinə görə xeyli uzaqda yerləşən şəhərlərin, ölkələrin adı belə, aşığın qoşma və təcnislərində əbədiləşib:

Camalını görən olur müştəri,
Misirdə Yusifin bazarı kimi.

Ümumiyyətlə, bədii ədəbiyyatda, folklorda işlənən toponimlərin çoxluğu əsəri yaradan sənətkarın bilik və dünyagörüşü dairəsinin genişliyi ilə əlaqədardır. Sənətkar yaradıcı gücü, istedadı, həyat təcrübəsinin rəngarəngliyi sənət nümunələrindəki toponimlərdə yer, məkan adlarında təcəssüm olunur. Ustad işlətdiyi toponimlərə xüsusi önəm verir. Bu tip xüsusi adların qoşma və təcnislərdə işlənməsi sənətkar­ın və əsərin yalnız bədii gücünü və sənətkarlığını artırır. Əgər əsərin mövzusu həyatdan götürülmüşsə, o zaman coğrafi adlar konkret məzmuna malik olub üslubi çalar daşıyır. Bu zaman hər hansı onomastik vahid artıq öz funksiyasını müəyyən dərəcədə dəyişir, daha çox bədii dilə xidmət edir. Poetik toponimika, poetik hidronimika, poеtik oronimika artıq bədii üslubda əsərin süjetinə, kompozisiyasına, quruluşuna, ideyasına və sair xidmət edir. Əsəri yazan sənətkar – Aşıq Ələsgər, ilk növbədə, hadisələrin cərəyan etdiyi məkanı seçir, qoşma və təcnislərdə məqamında işlənən məkan isimləri bədii dilin təsir gücünü artırmaqla bərabər, əsəri daha poetik və oxunaqlı edir. Məkan isimlərinin işlənməsi Aşıq Ələsgər yaradıcılığına ayrıca bir rəng qatır.
Mənbələrdə Aşıq Ələsgərin təhsilinin olmadığı göstərilir. Yəni ki, aşıq oxuma-yazma bilmirdi. Bununla belə, bu el sənətkarının əsərlərində qədim Şərq şəhərlərinin adları işlədilir. Bu şəhər adları, məkan isimləri Ələsgərin şeirlərində müəyyən dini rəvayətlə, hadisəylə bağlı görünür. Deməli, oxuma-yazma bilməsə belə, Aşıq Ələsgər Şərq ədəbiyyatını, xüsusilə İslam dini ilə bağlı rəvayətlərə mükəmməl bələd olmuşdur.
Aşıq Ələsgər, ilk növbədə, mömin müsəlman idi. Namaz qılıb, oruc tuturdu. İslam dinini gözəl bilirdi. Onun yaradıcılığında İslam dininin müqəddəs şəhərlərinin adına da tez-tez rast gəlinir:

Bu təzə kəlamdı, olsun yəqini,
Kəbə - qibləm, dinim - Məhəmməd dini

Dağlar qoynunda yaşayan, oxumaq-yazmaq bilməyən Aşıq Ələsgər çox böyük dünyagörüşünə malik sənətkar idi. Onun yaradıcılığında qəribə də olsa, hətta Avropa ölkələrinin adına da rast gəlinir:

Necoldu Serbiya, Çernoqoriya?!
Əl-ayaq altında itdi İtalya,
German bomba atdı, qan oldu dərya,
Qırıldı, dünyada insan qalmadı.

Aşıq Ələsgər məclisdə ifa edə-edə yaradırdı, yarada-yarada ifa edirdi. Bu, çox sənətkarda olmayan bir qabiliyyət idi.
Aşıq ədəbiyyatını yaradan sənətkarlar bədahətən şeir söyləmək qabiliyyətinə, yüksək bədii zövqə, dərin sənət biliyinə, şəriət və təsəvvüf elmi ilə bağlı mükəmməl təsəvvürlərə malik elm və fəzilət sahibləri olmuş, dərin elm və hikmət sahibləri kimi tanınmışlar.
Aşıq yaradıcılığında, o cümlədən Aşıq Ələsgərin əsərlərində hifz olunan toponimik adların həm folklorşünaslıq, həm də linqvistik aspektdə təhlili müasir dövr üçün çox aktualdır.
Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Aşıq Ələsgərin 150 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsi respublikamızda və onun hüdudlarından kənarda tarixi hadisə kimi qiymətləndirildi. Azərbaycanlıların əzəli yurdlarından olan qədim Göyçə mahalında, doğulduğu kənddə Aşıq Ələsgərin qəbirüstü abidəsi ucaldıldı. Həmin əzəmətli büst soydaşlarımız öz dədə-baba torpaqlarından didərgin salındıqdan sonra erməni vandalları tərəfindən dağıdılsa da, milli mədəni varlığımızın tərkib hissəsinə çevrilmiş və Aşıq Ələsgər irsi silinməz tarixi yaddaş rəmzi kimi yaşamışdır.
2021-ci ildə Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı Aşıq Ələsgərin anadan olmasının 200 illiyinin tamam olması münasibətilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2021-ci il 18 fevral tarixli “Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamı və sərəncamdan irəli gələn məsələlərin icrası ilə bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Sərəncamı elmin inkişafına xidmət edir. Azərbaycan ədəbiyyatı tarixində şərəfli yer tutan Aşıq Ələsgərin zəngin poetik irsi Azərbaycanın bir çox aşıqları üçün əsl sənətkarlıq məktəbidir.

Əkrəm HÜSEYNZADƏ
AMEA Naxçıvan Bölməsinin əməkdaşı