Danılmaz həqiqətdir ki, incəsənətin inkişafı, tanıdılması xeyli dərəcədə sənət aləminə yenicə qədəm qoyan istedadlı gənclərimizin üzə çıxarılması işinin məqsədəuyğun şəkildə aparılmasından asılıdır. Bunun üçün dövlətimiz tərəfindən  hər cür şərait yaradılır.
Belə istedadlı gənclərdən biri də Naxçıvan Dövlət Universitetinin IV kurs tələbəsi Ülvi Əhmədovdur. Ülvi kiçik yaşlarından musiqiyə böyük maraq göstərmiş, Naxçıvan şəhərindəki Ərtoğrol Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbinin fortepiano şöbəsində təhsil almış, solo konsertlərdə uğurlu çıxışına görə fəxri fərman və diplomlarla mükafatlandırılmışdır.
2006 və 2009-cu illərdə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Bakı şəhərində keçirilən “Gənc pianoçuların respublika müsabiqəsi”ndə muxtar respublikamızı uğurla təmsil edərək birinci yerin sahibi olmuş Ülvi Əhmədov 14-18 dekabr 2012-ci il tarixlərində keçirilən Azərbaycan Bəstəkarlar İttifaqının IX Qurultayında   fortepiano üçün “Mövzu ilə variasiyalar” adlı əsəri ilə çıxış etmişdir. Onun bu ifası musiqiçilər tərəfindən maraqla qarşılanmış və yüksək qiymətləndirilmişdir.

2013-cü ildə bəstəkar Kamal Əhmədovun “Fortepiano və vokal-instrumental” əsərlərdən ibarət konsertində o, naxçıvanlı bəstəkarın “Aşıqsayağı” əsərini, “Fortepiano və simfonik orkestr üçün konsert” adlı üçhissəli əsəri isə beynəlxalq müsabiqələr laureatı Teymur Şəmsiyevlə (2 piano üçün) birlikdə musiqisevərlərə təqdim etmişdir.    
Ötən il ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təşkil olunan və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində keçirilən ali təhsil müəssisələrinin tələbələri arasında musiqi ifaçılarının müsabiqəsində F.Listin “Kampanella”, F.Şopenin “Etüd”, V.A.Motsartın “Sonata”, T.Quliyevin “Qaytağı”, K.Əhməd­ovun “Aşıqsayağı” və başqa əsərləri ifa edərək III yeri qazanmış və diplomla mükafatlandırılmışdır. Onu da qeyd edək ki, müsabiqədə Bakı Musiqi Akademiyasının bakalavriat və magistrantları, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri iştirak etmişlər. Yekun konsertində “Qran-pri” mükafatının və I, II yerlərin qalibləri içərisində T.Quliyevin “Qaytağı” əsərini ifa etmək yalnız Ülvi Əhmədova müyəssər olmuşdur.
Ülvi ilə söhbət zamanı bildirdi ki, ölkəmizdə, o cümlədən muxtar respublikamızda musiqi sənətinin inkişafına böyük qayğı göstərilir, istedadlı gənc­lərin üzə çıxarılması diqqətdə saxlanılır. Mən də bu qayğıdan bəhrələnən gənclərdən biriyəm. Buna görə dövlətimizə minnətdarlığımı bildirirəm.
Hər bir millətin gələcəyi onun istedadlı gənclərindən asılıdır. Belə istedadlı gənclərimizdən biri olan Ülvi Əhmədova bu yolda sənət uğurları arzulayırıq.

Mina QASIMOVA