Muxtar respublikanın mədəniyyət müəssisələri tərəfindən pandemiya ilə əlaqədar xüsusi qaydalara ciddi riayət edilməklə aprel ayında da tarixi və əlamətdar günlərlə, tanınmış şəxsiyyətlərin anım günləri və yubileyləri ilə bağlı tədbirlər keçirilmiş, ustad və açıq dərslər, eləcə də təqdimat mərasimləri təşkil edilmiş, “Oxunması zəruri olan kitabların Siyahısı”na daxil edilmiş müvafiq kitabların müzakirələri təşkil olunmuşdur. 

Aprel ayında Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi ilə birgə təşkil olunan “Məktəblilərin dram müsabiqəsi”nin muxtar respublika mərhələsi keçirilmiş, qaliblər yekun tədbirində mükafatlandırılmışlar. Ötən ay Nizaminin “Sirlər xəzinəsi” tamaşasına ictimai baxış keçirilərək səhnə əsəri istehsalata buraxılmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamının icrası ilə əlaqədar aprel ayında Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 3 açıq dərs, 1 kitab müzakirəsi və 1 dəyirmi masa, 1 ustad dərs olmaqla, ümumilikdə, 6 tədbir keçirilmişdir. Bundan başqa, Kitabxanaçılıq və informasiya fəaliyyəti ixtisası üzrə Naxçıvan Müəllimlər İnstitutunun və Naxçıvan Musiqi Kollecinin III kurs tələbələrinin Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında təcrübə keçmələri, Naxçıvan Müəllimlər İnstitutunun Təsviri incəsənət müəllimliyi ixtisası üzrə II kurs tələbələrinə isə Naxçıvan Dövlət Tarix Muzeyində praktik dərs keçilməsi təmin edilmişdir.
“Nizami Gəncəvi ili” ilə bağlı Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında “Nizami Gəncəvinin ideal, ədalətli hökmdar konsepsiyası və insan haqları” mövzusunda dəyirmi masa keçirilmiş, Babək Rayon Xalq Teatrı “Nizami aləminə səyahət” kompozisiyasını tamaşaçılara təqdim etmişdir. Ümumilikdə isə ay ərzində Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş 12 tədbir keçirilmişdir. Aşıq Ələsgərin 200 illiyi ilə bağlı Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyindən “Aşıq Ələsgər yaradıcılığı” mövzusunda interaktiv, Naxçıvan Şəhər və Kəngərli Rayon Mədəniyyət şöbələrinin tabeliyində olan uşaq musiqi, incəsənət və bədii sənətkar­lıq məktəblərinin Saz ixtisası üzrə müəllimlərinə isə Aşıq Ələsgərin yaradıcılığından bəhs edən ustad dərslər keçilmişdir.
Azərbaycanın digər bölgələrindən və xarici ölkələrdən muxtar respublikamıza səfər edən qonaqların, rəsmi nümayəndə heyətlərinin muzeylərlə tanışlığı zamanı onlara nümunəvi muzey xidməti göstərilmişdir. Qeyd edək ki, aprel ayında muxtar respublikanın muzeylərini 19 min 64 nəfər yerli, 1166 nəfər əcnəbi olmaqla, ümumilikdə, 20 min 230 nəfər tamaşaçı ziyarət etmişdir. Həmçinin ötən ay muzeylərə 217 ədəd yeni eksponat daxil olmuşdur.
Ötən ay muxtar respublikanın kitabxanalarında tarixi və əlamətdar günlərlə, həmçinin tanınmış şəxsiyyətlərin doğum və anım günləri ilə bağlı 30 mədəni tədbir keçirilmiş, 33 sərgi nümayiş etdirilmişdir. Kitabxanalarda yeni oxucu sayı 557, oxucu gəlişi 8 min 157, kitab verilişi isə 43 min 292 nüsxə olmuşdur. Elektron kataloqa 704 adda kitab işlənmiş, ümumilikdə, elektron kataloqda kitabların sayı 22 min 787-dən 23 min 491-ə çatdırılmışdır. Həmçinin şəbəkəyə 32 kitab (PDF) işlənməklə şəbəkədəki kitabların sayı 3 min 370 olmuşdur. Ay ərzində elektron kitabxanadan 292 lokal, 523 qlobal olmaqla, 815 oxucu istifadə etmişdir.
Hesabat ayında rayon mədəniyyət sarayları, o cümlədən klub müəssisələri tərəfindən əlamətdar və tarixi günlərlə bağlı, ümumilikdə, 22 tədbir keçirilmişdir. Həmçinin Naxçıvan Dövlət Film Fondu tərəfindən aprel ayında Babək Rayon Xalq Teatrının “Qisas qiyamətə qalmaz” adlı tamaşasının və Şərur Rayon Mədəniyyət Şöbəsi tərəfindən hazırlanmış “Xalq yaradıcılığı günləri”nin çəkilişləri olmuşdur. Naxçıvan Dövlət Film Fondu tərəfindən ay ərzində 2 tədbir keçirilmiş, 4 filmin nümayişi olmuş, aparılmış çəkilişlərlə bağlı 3 videomaterial hazırlanmışdır.
Aprel ayında musiqi təhsili müəssisələrində tədrisin səviyyəsinin yüksəldilməsi məqsədilə Şahbuz Rayon Mədəniyyət Şöbəsinin tabeliyində olan uşaq musiqi məktəblərinin müəllim və şagirdləri üçün Fortepiano ixtisası üzrə ustad dərsi keçilmişdir.
Ötən ay nazirliyin Gənclər Təşkilatının və tabe müəssisələrin Gənclər birlikləri üzvlərinin iştirakı ilə keçirilmiş “Naxçıvan orta əsrlərdə: tarix, mədəniyyət, ədəbiyyat” mövzusundakı dəyirmi masa, “Qəlbimdə iz buraxan şəxsiyyətlər”, “Gənclərin maraq dünyasına səyahət” və “Şərqdən-Qərbə mədəniyyət” adlı tədbirlər və “Yaşa və öyrən – Bahariyyə” intellektual bilik yarışı gənclər üçün yaddaqalan olmuşdur.
Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında hazırlanan tamaşaların məşqləri davam etdirilmiş, Babək Rayon Xalq Teatrı “Qisas qiyamətə qalmaz” tamaşasını və “Nizami aləminə səyahət” kompozisiyasını, Ordubad Rayon Xalq Teatrı isə “Qanlı qızıl toy” tamaşasını teatrsevərlərə təqdim etmişdir.

Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin mətbuat xidməti