Dekabrın 26-da “Duzdağ” otelinin tədbirlər salonunda sosial şəbəkələrdə və ictimai həyatda fəal gənclərin görüşü keçirilmişdir. Tədbirdə bir qrup gəncin mükafatlandırılması olmuş və vətənpərvərlik mahnılarından ibarət konsert təşkil edilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin, həmçinin Yeni Azərbaycan Partiyasının Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkil etdiyi tədbirdə fəallığı ilə seçilən gənclər mükafatlandırılmışlar. Tədbirdə çıxış edənlər Naxçıvan Muxtar Respublikasında son illər gənclərə göstərilən qayğıdan, müxtəlif sahələrdə gənclərin qazandığı uğurlardan bəhs etmiş, qarşıdakı illərdə bu ənənənin davam edəcəyini bildirmişlər. YAP-ın Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin üzvü Elvin Əliyev çıxışında muxtar respublika rəhbərinin bu sahədə həyata keçirdiyi təqdirəlayiq işləri xüsusilə vurğulayaraq, gənclərə göstərilən qayğının artıq bəhrələrini verdiyini bildirmişdir.
Sonra söz musiqiçilərə verilmişdir. Vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlı, qardaş Türkiyədən tədbirə dəvət olunmuş saz ifaçısı Əsəd Qabaqlı, həmçinin Naxçıvan Dövlət Universitetinin tələbəsi Təbriz Novruzlu və Naxçıvan Musiqi Kollecinin tələbəsi Gülər Əhmədli ifa etdikləri mahnılarla tədbirə toplaşanlara xoş anlar yaşatmışlar.

Ceyhun MƏMMƏDOV