Dünən Aşıq Ələsgərin 200 illik yubileyi münasibətilə Naxçıvan Musiqi Kollecinin tələbələrinə “Aşıq Ələsgər yaradıcılığı” mövzusunda mühazirə oxunmuşdur.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin şöbə müdiri Nizami Əzizəliyev bildirmişdir ki, aşıq yaradıcılığı şifahi xalq ədəbiyyatının ən böyük və zəngin qolunu təşkil edir. Aşıq poeziyasının yaradıcıları xalq sənətkarları aşıqlardır. Qeyd edilmişdir ki, şeirlərindən də göründüyü kimi Aşıq Ələsgər bir el sənətkarı, el məsləhətçisi, elin dərdini, qəmini çəkən ağsaqqal kimi ictimai həyatın hər bir sahəsinə nəzər salmış, zülm və istismar dünyasına qarşı etiraz etmiş, ictimai bərabərsizliyi, yerli hakim və çar məmurlarının özbaşınalığını qamçılamışdır.
Azərbaycan aşıq poeziyasına zəngin bir irs qoyub getmiş Aşıq Ələsgər yaradıcılığından yazılı ədəbiyyatımızın da bir çox nümayəndələri bəhrələnmiş, yaddaqalan poetik nümunələr yaratmışlar.
Sonra mövzu ilə bağlı müzakirələr aparılmış, tələbələrin sualları cavablandırılmış, “Aşıq Ələsgər” sənədli filmi nümayiş olunmuşdur.

Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin mətbuat xidməti