20 aprel  tarixində  Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində muxtar  respublikanın ümumtəhsil məktəblərinin şagirdləri üçün   interaktiv dərs keçirilmişdir.

Dərsi  muzeyin bələdçisi Rəfiqə Baxşıyeva aparmışdır. Dərs zamanı şagirdlərə muzeyin XIX əsrdən müasir dövrədək Azərbaycan ədəbiyyatını zəngin eksponatlar vasitəsilə özündə əks etdirən II ekspozisiya zalı haqqında dolğun məlumat verilibdir.

Vurğulanıb ki, ekspozisiya zalının ən görümlü guşəsi müstəqil Azərbaycan Respublikasının qurucusu və memarı, ümummilli lider Heydər Əliyevə həsr olunmuşdur. Şagirdlər guşədə nümayiş olunan və ulu öndər Heydər Əliyevin mədəniyyətə, ədəbiyyata göstərdiyi diqqət və qayğını özündə əks etdirən maraqlı eksponatlar haqqında məlumat əldə ediblər.

 

Qeyd olunub ki, ekspozisiya zalının geniş bir hissəsi azərbaycançılıq ideologiyasının yaradıcılarından biri, “Molla Nəsrəddin” ədəbi məktəbinin və tənqidi realizmin banisi, Azərbaycan ədəbiyyatında “kiçik hekayənin böyük ustadı” sayılan demokrat yazıçı Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığına həsr olunmuşdur. Ədibin həyat və fəaliyyətini özündə əks etdirən eksponatlar: müxtəlif rəssamlar tərəfindən çəkilmiş portretlər, fotolar, “Molla Nəsrəddin” jurnalının orijinal nömrələri, kitablar və heykəltəraşlıq nümunələri barədə geniş məlumat verilib.

Həmçinin məktəblilər lirik şairələr - Heyran xanım, Qonçabəyim, Xurşidbanu Natəvan, maarifçilik hərəkatının nümayəndələri - Seyid Əzim Şirvani, Həsən bəy Zərdabi, Nəcəf bəy Vəzirov, Mirzə Ələkbər Sabir, Əbdürrəhim bəy Haqverdiyev, romantizm ədəbi cərəyanının nümayəndələri Məhəmməd Hadi, Abbas Səhhət, repressiya qurbanı olmuş ziyalılar - Əhməd Cavad, Almas İldırım, Yusif Vəzir Çəmənzəminli, görkəmli şəxsiyyət Nəriman Nərimanov, tarixi romanlar ustadı Məmməd Səid Ordubadi, xalq şairi Səməd Vurğun, görkəmli dramaturq Hüseyn Cavid, qəzəlxan şair Əliağa Vahid, dahi bəstəkar Üzeyir Hacıbəyli, görkəmli şair və yazıçılar - Cəfər Cabbarlı, Mikayıl Müşfiq, Süleyman Rüstəm, Mehdi Hüseyn, Rəsul Rza, Nigar Rəfibəyli, Mirzə İbrahimov, Süleyman Rəhimov, Məmməd Rahim, Mir Cəlal Paşayev, Məmməd Araz, Xəlil Rza Ulutürk, Sabit Rəhman, müasir dövr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri - Osman Sarıvəlli, Balaş Azəroğlu, Bəxtiyar Vahabzadə, Əli Vəliyev, İlyas Əfəndiyev, Nəbi Xəzri və Cənubi Azərbaycan ədəbiyyatının ən qüdrətli nümayəndəsi sayılan Məhəmmədhüseyn Şəhriyarın həyat və yaradıcılığını özündə əks etdirən zəngin eksponatlarla tanış olublar.

İnteraktiv dərs Naxçıvan Muxtar Respublikasının 200-dən artıq ümumtəhsil məktəbində izlənilmişdir.

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət

Nazirliyinin mətbuat xidməti

20.04.2021