Aprelin 14-dəNaxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksində Nazirliyin hamiliyinə verilmiş Naxçıvan Dövlət Universitetinin muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması ixtisası üzrə təhsil alan tələbələrinə “Naxçıvan xanlığında ordu quruculuğu” mövzusunda  növbəti açıq dərs keçirilmişdir.

 

Açıq dərsdə giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin şöbə müdiri Gülbuta Babayeva,“Naxçıvan xanlığında ordu quruculuğu” mövzusunda “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksinin direktoru, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Nəzakət Əsədova çıxış etmişdir.

Qeyd edilmişdir ki, hazırda muxtar respublikada 1 rəsm qalereyası və 29 müxtəlif profilli muzey fəaliyyət göstərir ki,  bu mədəniyyət ocaqlarında xalqımızın tarixini, həyat tərzini, adət-ənənələrini özündə əks etdirən eksponatlar sərgilənir. Bu mədəniyyət ocaqlarından biri də “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksidir.

Vurğulanmışdır ki, həyatı və gördüyü işlər gələcək nəsillər üçün örnək olan nəsillər arasında çar Rusiyasının ordusuna altı general vermiş Naxçıvan xanları - Kəngərlilər sülaləsinin özünəməxsus yeri vardır. Naxçıvan xanlarının iqamətgahında “Xan sarayı” Dövlət Tarix-Memarlıq Muzeyi  Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2010-cu il 23 oktyabr tarixli Sərəncamı ilə yaradılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 04 fevral tarixli Sərəncamı ilə “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi adlandırılmışdır.

“Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi böyük bir nəslin qəhrəmanlıq tarixini, tarixin yadigarı olan memarlıq incisini, daş abidələrimizi qoruyub yaşadır.

Kompleksə  “Xan sarayı” Dövlət Tarix-Memarlıq Muzeyi, Azərbaycan milli memarlığının incilərindən biri, 1186-cı ildə Azərbaycan Atabəylər dövlətinin banisi Şəmsəddin Eldənizin həyat yoldaşı Möminə Xatının qəbri üzərində memar Əcəmi Əbubəkr oğlu Naxçıvani tərəfindən tikilmiş  Möminə Xatın türbəsi,  Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan şəhərindəki “Əcəmi” seyrangahında Açıq Səma Altında Muzeyin yaradılması haqqında” 2002-ci il 11 iyul tarixli Sərəncamına əsasən yaradılmış Açıq Səma Altında Muzey daxildir.

 “Xan sarayı” Dövlət Tarix-Memarlıq Muzeyinin ekspozisiyasında Naxçıvan xanlığı, kəngərlilər nəslinin nümayəndələri  haqqında məlumatlar, sənədlər, bayraqlar, silahlar, məişət əşyaları, rəsm əsərləri və s. nümayiş olunur. Tələbələrə Naxçıvan xanlığında ordu quruculuğu haqqında ətraflı məlumat verildi.

Naxçıvan Dövlət Universitetinin müəllimi, filologiya üzrə fəlsəfə doktoru A.Hacıyev çıxış edərək hamiliklə bağlı keçirilən tədbirlərin əhəmiyyətindən danışdı.

Sonda tələbələr muzeyin ekspozisiyası ilə tanış oldular.

 

Naxçıvan Muxtar Respublikası Mədəniyyət

Nazirliyinin mətbuat xidməti