Şair və yazıçılarımızın əsərlərində doğma torpağa məhəbbətin tərrənümü


Odlar yurdu Azərbaycanımızın qədim və ayrılmaz bir hissəsi olan Naxçıvanı “Şərqin qapısı” adlandırırlar. Mövcudluğu dövründən bu diyar dünya sivilizasiyasının aparıcı mərkəzlərindən biri olmuş, bəşər mədəniyyətinin, həmçinin qədim Şərqin mədəni ocaqları sırasında durmuşdur. Tarixin səhifələrini vərəqlədikcə görürük ki, Naxçıvanda dünya şöhrətli siyasətçilər, elm, incəsənət, mədəniyyət və ədəbiyyat dühaları yetirmiş və yetirməkdədir.

Bu qədim və bərəkətli torpağın qoynunda möhtəşəm bir Çinar ağacı kök atır. Bu Çinarın göylərə ucalan budaqlarında bəşəri dəyərləri açıb dünyaya bəyan edən, elmi-əxlaqi təsəvvürün şahı sayılan Nəsirəddin Tusi kimi elm xadimi, Azərbaycan tarixinin böyük bir hissəsini əks etdirən Məmməd Səid nəsri, Tanrısı gözəllik və sevgi olan Hüseyn Cavid poeziyası, qaranlıqlar içində zillət çəkən xalqını “Molla Nəsrəddin” adı ilə güldürən və gülə-gülə də düşündürən Mirzə Cəlil satirası yaşayır. Bu Çinarın İslam Səfərli, Məmməd Araz, Adil Babayev, Hüseyn İbrahimov, Hüseyn Razi, Əliyar Yusifli kimi pöhrələri XX əsrin ikinci yarısından sonra əzəmətli budaqlara dönmüşlər. İllər ötdükcə bu ədəbi-bədii Çinarın yeni pöhrələri boy atır, sərt sınaqlardan keçərək bərkiyir, özünə layiq yerlər tutur. Yaradıcılıqları ilə Azərbaycan ədəbiyyatını zənginləşdirən Kəmalə Ağayeva, Elmira Qasımova, Güllü Məmmədova, Elman Həbib, Vaqif Məmmədov, Asim Yadigar, Muxtar Qasımzadə, Xanəli Kərimli, Hüseyn Əsgərov, Qatar Qərib, Elxan Yurdoğlu, Nərgiz İsmayılova... Naxçıvan torpağında yaşayıb-yaratmaqla doğma torpağa məhəbbətlərini öz əsərlərində tərənnüm etmişlər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun dəstəyi ilə “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində 73 şairin 102 adda şeirləri, 9 müəllifin poemaları, bir povestindən ibarət “Naxçıvanım – göz nurum” adlı almanaxı çap edilərək oxuculara təqdim olunmuşdur. Kitab Xalq şairi Məmməd Arazın “Qızlar bulağı” şeiri ilə açılır. Hər misrası ilə qəlbimizi ovsunlayan sevimli şairimiz Məmməd Araz öz poeziyasında doğulduğu Naxçıvan torpağını ürəyinin bir parçası bilir. “Bu yerlər, o yerlər” şeirində deyir:

Budur, uşaqlığım keçən o yerlər,
Çadırdaş ətəyi, Nursu bulağı.
Burda böyümüşəm, belə deyirlər,
İnana bilmirəm, bilmirəm axı.

Batabatın qəlb ovsunlayan gözəlliyi, Xalxal meşəsinin füsunkarlığı, Arpaçayın axarı, Duzdağın süfrələr bəzəyən neməti, Əlincənin əzəməti, Bəhruz Kəngərli kimi sənətkarlar, Koroğlu, Babəktək oğullar, xumargözlü qızlar İslam Səfərlinin şeirlərində bədiiləşmiş, bunların bir çoxuna mahnılar bəstələnmişdir. Bu ənənəyə sadiq qalmış nəğməkar şairin “Batabat bulağı” və “Xalxal meşəsi” şeirləri almanaxda yer almışdır:

Demirəm, uca bir dağ belindəsən,
“Aran meşəsi”sən el dilində sən,
“Naxçıvan çayı”nın sahilində sən,
Boy at, qoy İslamın gülsün nəğməsi,
A Xalxal meşəsi, Xalxal meşəsi.

Muxtar respublikanın elə guşəsi yoxdur ki, Hüseyn Razi şeirlərində tərənnüm olunmasın. “Əlincə qalası”, “Ordubada gəlin”, “Duz dağı”, “Salvartı”, “Batabat”, “Naxçıvandadır” və digər şeirlərində şair muxtar respublikanın gözəlliklərini poetik dillə qələmə almışdır.
Əsərləri sevilə-sevilə oxunan Əliyar Yusiflinin “Naxçıvanam” və “Əlincə qalası” şeirləri də almanaxda yer almışdır. Şair müqəddəs və məğrur yerlərlə oxucusunu tanış edir, bu şeirlərdə doğma diyara məhəbbəti daha poetik, daha doğmadır:

Araz üstə dayanmısan mayak tək,
Gen sinənə yaraşıqdır gül-çiçək.
Minarələr buluddan nəm çəkəcək,
Ana yurdum vüqarımsan, Naxçıvan,
Abidələr diyarısan, Naxçıvan!

Naxçıvan torpağının Məhsətisi şairə Kəmalə Ağayevanın “Doğma Naxçıvanım” və “Quran əllər var olsun” şeirlərində doğma el-obaya məhəbbət hissləri ümumiləşmişdir.
Elman Həbibin yaradıcılığında Naxçıvan mövzusu bir neçə bəndlik şeirdən başlamış və “Naxçıvannamə” adlı bütöv bir kitaba dönmüşdür. Ümumiyyətlə, Elman Həbib yaradıcılığında muxtar respublikamızın dünəni, bu günü, sabahı şair istedadına xas olan səviyyədə tərənnüm olunmuşdur.
Şair-publisist Vaqif Məmmədov da qədim diyara olan məhəbbətini özünəməxsus tərzdə ifadə etmişdir. Muxtar respublikamızın alınmaz qalası hesab edilən Sədərək haqqında bir çox şeirlər yazan Vaqif Məmmədovun “Naxçıvan nəğməsi” şeiri daha poetikdir. Yaşı beş minə çatan Naxçıvanın Əshabi-Kəhfi möcüzə, Şəruru hünər meydanı, Ordubadı yaşıl ada, Zorbulağı zor axandı, şairin Batabat – cənnət bağı, Sədərək qeyrət qalası kimi tərənnüm olunan şeirində gözlərimiz önündə canlı tablo yaradılmışdır.
Araz üstə qərar tutan, yaşı əsrlərlə ölçülən doğma Naxçıvanımızın müstəqillik yaşı çox olmasa da, yüksək tərəqqi ilə inkişaf etməsi, tarixin yaddaşında əbədi həkk olunan yeni abidələrin tikilməsi qələm sahiblərinin qəlblərini riqqətə gətirir və bir-birindən gözəl əsərlər yaranır.
Ulu öndər Heydər Əliyevin: “Naxçıvan Azərbaycan xalqının tarixini əks etdirən abidələri özündə yaşadan bir diyardır” müdrik fikrini yaradıcılığına epiqraf seçən şair-publisist Muxtar Qasımzadə “Gəmiqaya”, “Oğlan qala, qız qala”, “Əlincə”, “Fərhad evi”, “Gülüstan”, “Qarabağlar türbəsi” kimi şeirlərində qızıldan qiymətli örnəklərimizə tariximizin canlı şahidləri kimi poeziya qiyafəsində bir daha ömür qazandırmışdır. Kitabdakı “Könül dostu Naxçıvanım” şeirində də şair öz ənənəsini davam etdirir:

Qürur duydum Əcəmindən, müdrik öndər Əlisoydan,
Dədəm Qorqud dastanından məhəbbətlə dolu boydan,
Əlincədən, Arpaçaydan, Qazan göldən, Ulu çaydan,
Atabəyim, Hinduşahım, dahi Tusim-kəhkəşanım,
Ata yurdum, ana yurdum, könül dostum Naxçıvan!

Tanınmış şair-publisist Asim Yadigarın yaradıcılığında Azərbaycanımızın qədim və ayrılmaz parçası olan Naxçıvan diyarı bütün gözəllikləri ilə tərənnüm olunmuşdur. “Naxçıvanım – göz nurum”, “Azərbaycan tarix yazır”, “Gəncləşən Naxçıvanım” adlı şeirlərində şair öz sevgi və məhəbbətini doğma elinə bəyan edir:

Naxçıvan – göz nurum, bəxtiyarlığım,
Naxçıvan – düşmənə göz dağım mənim.
Bu yurddan güc alıb azadlıq eşqim,
Ucalıb üçrəngli bayrağım mənim.

“Naxçıvan – göz nurum” almanaxında muxtar respublikamızın digər tanınmış şairlərinin də şeirləri yer almışdır. Hər bir şeirdə bu gözəl diyar məhəbbətlə tərənnüm olunmuşdur.
Asim Yadigarın “Kalba Musa çeşməsi”, Fərəc Fərəcovun “Müstəqillik yollarında”, Muxtar Qasımzadənin “Naxçıvanqala haqqında ballada”, Zeyqəm Vüqarın “Hər oğul qazanmır el məhəbbətin”, Məmməd Tahirin “Gəncləşən şəhər”, Qafar Qəribin “Bu şəhər gördüyün o şəhər deyil”, Elxan Yurdoğlunun “Naxçıvan dastanı”, Zaur Vedilinin “Nuh yurdu”, Nazəni Həsənovun “Dahi rəhbərin bir iş günü” kitabın poemalar bölməsində dərc olunmuşdur. Nəsr bölməsində isə istedadlı alim, yazıçı, bir çox elmi və bədii kitabların müəllifi Nərgiz İsmayılovanın “Əcəmi” povesti oxuculara təqdim edilmişdir.
Ümumiyyətlə, “Naxçıvanım – göz nurum” almanaxında verilmiş şeir və poemalarda, povestdə qədim Naxçıvanın ulu keçmişi, əsrlərin yadigarı olan tarixi abidələri, bu torpağın əsrarəngiz təbiəti, eləcə də gündən-günə gözəlləşən, abadlaşan şəhərlərin, qəsəbələrin, kəndlərin misilsiz dərəcədə inkişafı poetik dildə tərənnüm olunur. Bu kitabı oxumağa dəyər.

İbrahim Yusifoğlu
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı