29 Mart 2024, Cümə

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qədim və zəngin Azərbaycan mədəniyyətinin nadir simalarından sayılan dahi şair, humanist mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illik yubileyinin ölkəmizdə və dünyada ilboyu təntənə ilə qeyd edilməsi ilə bağlı imzaladığı sərəncam hər yerdə milli-mənəvi dəyərlərimizin dövlət səviyyəsində himayə edilməsinin növbəti parlaq nümunəsi kimi qarşılanıb. Dövlət başçımız qüdrətli söz və fikir ustadının insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığının bəşər mədəniyyətinin nailiyyəti kimi müstəsna əhəmiyyətini nəzərə alaraq 2021-ci ili ölkə­mizdə “Nizami Gəncəvi ili” elan edib.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən bu il ərzində gənclərə Nizami dünyasının daha yaxından tanıdılması məqsədilə artıq bir çox tədbirlər keçirilmişdir. Silsilə tədbirlərin davamı olaraq muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin teatr studiyaları arasında “Nizami dünyası” adlı teatr müsabiqəsi layihəsi həyata keçirilir. Müsabiqənin keçirilməsində məqsəd “Nizami ili”nin qeyd olunması, şairin əsərlərində qeyd olunan insan səadəti, mənəvi yüksəklik, mənalı ömür, azad və ədalətli cəmiyyət kimi əhəmiyyətli ideyaların gənclərə təbliğ edilməsi, tələbə-gənclərin asudə vaxtlarının səmərəli təşkili, gənclərin öz yaradıcılıq qabiliyyətlərini nümayiş etdirmələrinə şərait yaradılması, istedadlı gənclərin üzə çıxarılmasıdır. Müsabiqə mart-iyun aylarını əhatə edəcək. Gənclər və İdman, Mədəniyyət Nazirliklərinin, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə keçirdiyi müsabiqədə iştirak edəcək hər bir təhsil müəssisəsi müsabiqəyə yalnız bir tamaşa təqdim edəcək və həmin tamaşa Nizami Gəncəvinin “Xəmsə”sinə daxil olan əsərlərə həsr olunacaqdır. Əsasnaməyə uyğun olaraq tamaşaların müddəti 20-45 dəqiqə olmalıdır. Qiymətləndirmə təqdim edilən səhnə əsərinin aktyor ifası, rejissor şərhi, musiqi tərtibatı, ifaçıların səhnə mədəniyyəti meyarları üzrə aparılır. Qaliblərin müəyyən edilməsi üçün 5 nəfərdən ibarət münsiflər heyəti yaradılıb. Qaliblər təşkilatçılar tərəfindən diplom (plaket) və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.
“Nizami dünyası” adlı teatr müsabiqəsinin ilk tamaşası Naxçıvan Dövlət Universitetinin Tələbə Teatr Studiyasının hazırladığı “Xeyir və Şər” tamaşası olub. Tamaşa Naxçıvan Dövlət Uşaq Teatrında nümayiş olunub.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

ARXİV

Mart 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR