24 Aprel 2024, Çərşənbə

Folklor nümunələri xalqın qədim keçmişindən xəbər verir. Onların gənc nəslin tərbiyəsində, bir şəxsiyyət kimi formalaşmasında çox mühüm rolu var. Bunu bizim görkəmli şəxsiyyətlərimiz də görmüş və həmişə bu nümunələrin təbliğini, mənimsədilməsini mühüm vəzifə kimi qarşıya qoymuşlar. İnsan dünyaya gəldiyi gündən bu qiymətli xalq yaradıcılığı nümunələrinin əhatəsində olur.

Ana səsinin lətafətini, ana laylasının şirinliyini bu örnəklərdən alan körpələr həyatın sonrakı dövrlərində də folklorun müxtəlif janrlarını eşidir, dinləyir, formalaşır. Bir az böyüdükdən sonra oxşamalar, nağıllar, tapmacalar, əfsanələr, atalar sözləri, müxtəlif uşaq oyunları, daha sonra isə bayatılar, ağılar, nəğmələr, dastanlar bizim həyat bələdçimizə çevrilir, həyatımızın hər anında bizimlə birgə addımlayır. Deməli, məhz bu nümunələrin işığında insan həyatı öyrənir, yetişir. Filologiya üzrə fəlsəfə doktoru Çinarə Rzayevanın bu yaxınlarda işıq üzü görən “Folklor mətnlərinin uşaqların formalaşmasında rolu” monoqrafiyası bu baxımdan çox əhəmiyyətlidir. “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində nəfis şəkildə nəşr olunmuş monoqrafiyanın elmi redaktorları akademik Nizami Cəfərov və professor Buludxan Xəlilov, rəyçiləri isə professor İsmayıl Əliyev və dosent Nuray Əliyevadır. 

Monoqrafiya giriş, üç fəsil, nəticə və istifadə olunmuş ədəbiyyat siyahısından ibarətdir. Əsərin giriş hissəsində müəllifin folklor örnəklərinin uşaqların formalaşmasındakı rolu və onların düzgün şəkildə tədrisinin insan şəxsiyyəti üzərindəki təsir gücü, insanın mənəvi qidası olması ilə bağlı fikirləri öz əksini tapmışdır.
Monoqrafiyanın birinci fəsli “Lirik növə aid folklor mətnlərinin uşaqların həyatındakı rolu və əhəmiyyəti” adlanır. Bu fəsildə laylalar və bayatılar uşaqların mənəvi qidası kimi tədqiq olunmuşdur. Müəllif bu lirik nümunələrin uşaqların inkişafındakı rolundan danışarkən göstərir ki, laylalar analarımız tərəfindən təkcə yatızdırmaq üçün öz övladına söylənilən musiqi parçaları deyil, həmçinin ananın öz övladına olan arzularının, dualarının, əzizləmələrinin də əks olunduğu zəngin bir janrdır. Çinarə Rzayeva uşaqların formalaşmasında bayatıların rolundan danışarkən göstərir ki, bu şeir nümunələri öz mövzu rəngarəngliyi və əhatə dairəsinin genişliyi baxımından bütün yaş dövründə olan insanlara xitab edir. Ona görə də onları kiçik yaşlardan, əvvəlcə Vətən, ailə mövzusunda bayatılardan başlayaraq uşaqlara öyrətmək daha məqsədəuyğundur.
Əsərin ikinci fəsli “Epik növə aid folklor mətnlərinin uşaqların həyatındakı rolu və əhəmiyyəti” adlanır. Burada uşaqların dünyagörüşünün formalaşmasında müstəsna əhəmiyyəti olan folklor nümunələri – tapmacalar, nağıllar, əfsanələr, rəvayətlər, atalar sözlərinin təlim-tərbiyə prosesindəki rolundan danışılır. Tapmacalar uşaqların zehninin, təfəkkürünün, məntiqinin inkişafında xüsusi rolu olan janrdır. Burada əlamətlər üstüörtülü sadalanır və bu zaman uşaqlar fikirləşərək tapmacanın açmasını tapmalıdırlar. Bu isə onların əqli inkişafına xidmət edir. Müəllif haqlı olaraq bu fikirdədir ki, tədris zamanı maraqlı əyani vasitələrdən və slaydlardan istifadə etməklə onların daha yaxşı mənimsədilməsinə nail olmaq müasir təhsilimizin qarşısında duran vəzifələrdəndir.
Nağıllar da bizim milli xüsusiyyətlərimizi, adət-ənənələrimizi, həyat tərzimizi, dünyaya baxışımızı özündə əks etdirən ən geniş yayılmış janrlardan olduğu üçün onlar da diqqətdən kənarda qalmamışdır. Müəllifə görə, uşaqlara oxunan nağıllar onlarda müsbət xarakterin formalaşmasında mühüm rol oynayır. Burada olduğu kimi, uşaqlar da dostlarını qurtarmaq, köməyə ehtiyacı olana əl uzatmaq, ac olana yemək vermək, böyüklərə hörmət, ailənin dəyərini bilmək, Vətəni qorumaq kimi müsbət xarakterlərə köklənərək nəcib keyfiyyətlərlə formalaşırlar.
Əsərin bu bölməsində əfsanə, rəvayət və atalar sözləri də tədqiqatçı süzgəcindən keçirilmiş, onların uşaq mənəviyyatının formalaşmasına təsiri konkret nümunələr timsalında araşdırılmışdır. Atalar sözləri zəngin təcrübənin, ciddi müşahidənin nəticəsi olaraq yaranmış hikmətli sözlərdir. Nəinki uşaqlar, bütün insanlar üçün həyat dərsi olan bu nəsihətamiz fikirlər çox qədim tarixə və geniş əhatə dairəsinə malikdir.
Monoqrafiyanın “Uşaq oyunlarının əhəmiyyəti” adlanan üçüncü fəslində uşaqların əqli və fiziki inkişafında mühüm rolu olan oyunlar ayrı-ayrılıqda təhlil olunmuşdur. Məktəbdə idman dərslərində uşaqlara belə oyunları oynatmağın mühüm rolunu vurğulayan müəllif onları həm də uşaqların sağlamlığına təsir edən bir vasitə kimi dəyərləndirir. Uşaq oyunları tərbiyəvi əhəmiyyəti ilə bərabər, həm də uşaqların bacarıqlarının inkişafına, onların pis vərdişlərdən uzaq olmasına təsir edən mühüm vasitədir.
Müəllif apardığı araşdırmaları ümumiləşdirərək yazır ki, babalarımızın, nənələrimizin ortaq sərvəti olan folklor mətnlərinin uşaqların düzgün inkişafında, onların tərbiyəsində rolu, əhəmiyyəti böyük və danılmazdır. Bu zəngin xalq yaradıcılığı nümunələrinin bu baxımdan uşaqlara təsiri heç nə ilə müqayisə oluna bilməz. Ona görə də evdə, məktəbdə folklorun uşaqlara aşılanması və sevdirilməsi üçün daim iş aparılmalı, bu nümunələr uşaqlara öyrədilməlidir. Bu prosesdə böyüklərin üzərinə çox mühüm vəzifələr düşür.
Əsər təhsil işçiləri, folklorşünaslar və ümumilikdə, geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur. Biz əminik ki, bu monoqrafiya müəllimlərimizin stolüstü kitabına çevriləcək və onlar uzunmüddətli gərgin zəhmətin bəhrəsi olan bu dəyərli əsərdən hərtərəfli yararlanacaqlar.

Nuray ƏLİYEVA
AMEA Naxçıvan Bölməsinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR