Rəssamlar ölkənin tarixini, təbiətini, mədəniyyətini, müasir inkişafını gələcək nəsillərə rəsmlər, portretlər vasitəsilə çatdıran insanlardır. Ona görə də hər bir ölkənin tarixi və mədəniyyəti yalnız kitablarda deyil, həm də rəsm əsərlərində yaşayır. Muxtar respublikamız tarixi keçmişi, mədəniyyəti, sənət əsərləri, abidələri ilə zəngindir. Bunların içərisində tarixən formalaşan milli-mənəvi dəyərlərimiz arasında rəssamlıq sənəti özünəməxsus yer tutur. Diyarımızda rəsm festivallarının keçirilməsi, istedadlı gənc rəssamların rəsm əsərlərindən ibarət sərgilərin təşkili, eyni zamanda 2021-ci il martın 2-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin 50 illik yubileyinin keçirilməsi haqqında” imzaladığı Sərəncam rəssamlığın inkişafına göstərilən böyük dövlət qayğısının bariz nümunəsidir. Bəşər mədəniyyətinə rəssamlıq sənəti ilə misilsiz töhfələr vermiş Bəhruz Kəngərli, Səttar Bəhlulzadə, Maral Rəhmanzadə, Toğrul Nərimanbəyov, Tahir Salahov, Hüseynqulu Əliyev kimi klassiklərin yaratdıqları məktəb bu gün də layiqli davamçılarını hazırlayır.

Deyirlər, rəssamlar incəsənət “dəlisi” olur, onlar, nəinki fitri istedadları, həmçinin şəxsiyyətləri, düşüncələri, həyat tərzlərinə görə də digər insanlardan fərqlənirlər. İstedadlı insanın bəxti o zaman gətirir ki, onun sənəti cəmiyyət tərəfindən sevilib dəyərləndirilir, lazım olan qiyməti alır. Bu mənada, tarixdə öz bacarığı, qəribəlikləri ilə ad qoyan, tanınan və bundan sonra da yüz illər keçsə belə, insanların yaddaşında qalacağına əmin olduğumuz bir çox şəxsiyyətlər var. Azərbaycanı müxtəlif ölkələrdə tanıdan, Xalq rəssamı, “əlləri qızıldan olan” Hüseynqulu Əliyev məhz belə insanlardandır.

Rəssamın emalatxanasında, sözün əsl mənasında, özünü fantastik bir dünyada hiss edirsən. Burada duyğuların hələ açılmamış sirləri də var, dərin məna və məzmun kəsb edən, tamaşaçılarını heyran qoyan tablolar da. Rənglər gah kələf kimi dolaşır, gah da qaynayıb-qarışaraq politrada min çalarlı əlvan bir dünya yaradır. Rəssam-müəllim təmkin və özünəməxsus ifadə forması ilə onları “saf-çürük” etməklə bu təəssüratı yaradır: “Yarımçıq papaqçı olmaqdansa, kamil palançı olmağın mahiyyətini Peyğəmbər nidalı Nizami Gəncəvi deyib. Ona görə də yarımçıq iş olmamalıdır. Oldumu, demək, onun məzmunu dəyişməlidir”. Dəyərli sənətkar ilə müsahibə məsuliyyətli olsa da, səmimi və xoş keçdi. Müsahibəni oxucularımıza təqdim edirik.
– Hüseynqulu müəllim, muxtar respublikamızda rəssamlığın dünəni ilə bu gününü necə xarakterizə edərdiniz?
– Bəşər mədəniyyətini öz dəyərli inciləri ilə zənginləşdirən Azərbaycanımız qloballaşan dünya incəsənətinə sürətlə inteqrasiya etməkdədir. Hələ sovet hakimiyyəti dövründə, Azərbaycan rəssamlıq məktəbi yüksək inkişaf etmişdir. 1970-ci ildə müstəqillik əldə etdikdən sonra muxtar respublikada kifayət qədər ittifaq üzvü olan rəssamların mövcudluğu, onların yerli təşkilatlarda birləşmələrinə zəruri şərait yaratmışdır. 2000-ci ildə Ali Məclisinin Sədri cənab Vasif Talıbovun təşəbbüs və qayğısı ilə Azərbaycan Rəssamlar İttifaqının Naxçıvan Təşkilatı yeni əsasnaməsi olan müstəqil bir yaradıcılıq qurumuna – Naxçıvan Muxtar Respublikasının Rəssamlar Birliyinə çevrilmişdir. Bu dövrdən başlayaraq Naxçıvan Rəssamlar Birliyinin fəaliyyətində canlanma başladı. Dövlət qayğısı sayəsində Azərbaycan Respublikasının Əməkdar rəssamı, tanınmış sənətkar Ülviyyə xanım Həmzəyevanın sədrliyi, zəhmətkeşliyi və təşəbbüskarlığı ilə artıq rəssamların əsərləri təbliğ və nümayiş etdirilir, yubileyləri qeyd olunur, onların kataloq və bukletləri çap edilirdi. Bu gün Rəssamlar Birliyinin təşkilatçılığı ilə muxtar respublika rəssamları müxtəlif beynəlxalq sərgilərdə iştirak edir və öz layiqli qiymətlərini alırlar.

– Rəssamlıq sahəsində doğma diyarımızın tanıdılması istiqamətində hansı işlər görülür?
– Bəli, son illər ərzində Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin üzvləri bir çox xarici ölkələrdə keçirilən sərgi-simpoziumlarda, festival və müsabiqələr də iştirak ediblər. Bu ölkələrin siyahısına Türkiyə, İran, Almaniya, Avstriya, ABŞ, Özbəkistan, Portuqaliya, Fransa, Çin, Rusiya, Bolqarıstan və digər ölkələr daxildir. Muxtar respublikada yaşayıb-yaradan rəssamların əsərlərinin dünyaya inteqrasiya etdirilməsinə böyük imkanlar yaradılmış və hərtərəfli dövlət qayğısı ilə əhatə olunmuşdur. Sənətkarların yaradıcılıq səviyyələrini, bədii axtarışlarını fəallaşdıran amillər içərisində onlara fəxri adların, Prezident təqaüdlərinin verilməsini xüsusi qeyd etmək lazımdır. Və biz rəssamlar da dövlət qayğısı müqabilində öz əsərlərimizdə Azərbaycanı, onun ayrılmaz tərkib hissəsi olan doğma Naxçıvanımızı tərənnüm edirik. Heç bir şübhə yoxdur ki, milli mədəniyyətimizin inkişafı yolunda yeni-yeni uğurların qazanılması, nəinki Azərbaycan incəsənəti, həm də dünya mədəniyyətinin xəzinəsinə verilən əvəzsiz töhfələr olacaqdır.
–Bu gün muxtar respublikamızda gənc rəssamlarımız kifayət qədər çoxdur...
– Əlbəttə, sevindirici haldır ki, bu gün Naxçıvan rəssamlarının arasında gənclər də yer tutur. Onlar müsabiqələrdə uğurla iştirak edir, öz yaradıcılıqlarında müxtəlif janrlara müraciət edir və əsərlərində Naxçıvan rəssamlıq məktəbinin görkəmli nümayəndələrinin irsini davam etdirirlər. Bəli, Azərbaycan xalqı sənəti sevən, ona dəyər verən xalqdır. Göründüyü kimi, coğrafi şərait, münbit təbiət, tarix, ənənə və ən başlıcası göstərilən dövlət qayğısı, muxtar respublikamızda sənət adamlarını yaratmağa sövq edir, istedadlı gənc nəslin formalaşmasına əlverişli şərait yaradır.
– Rəssamlıq sonradan yarana bilərmi, yoxsa, bu, insanla birlikdə doğulan bir istedaddır?
– Təbii ki, insanla birlikdə doğulan istedaddır. İstedad yoxdursa, nə qədər sənətin sirlərini öyrənsən, çalışsan yenə də peşəkar rəssam, yaradıcı insan ola bilməzsən. Yaradıcı insan Yaradana ən yaxın insandır, heç bir məktəb, akademiya səni rəssam edə bilməz.
– Sizcə, rəssamlığın bütün sirlərinə yiyələnə bilmisinizmi?
– Bu sənət elə bir dəryadır ki, hər gün yeni nələrsə kəşf edirsən. Kim desə ki, sənətin bütün sirlərini tapmışam, demək, həmin insan üçün sənət ölüb. İstər 35 yaşında olsun, istərsə də 50-60 yaşında, insan hər zaman axtarışda olmalıdır. Əgər bütün insanlar bir-birinə oxşasaydılar, onda həyat maraqsız olardı. Sevgi olması üçün Allah insanları müxtəlif görkəmdə yaratdı. Rəssamlıqda da belədir. Bir rəssamın sərgisində 60-70 əsərin hamısı bir-birinə oxşasa, oradan uzaqlaşandan sonra insanın yaddaşında heç nə qalmaz. Elə əsərlər yaratmalısan ki, sevilsin, diqqət çəksin və yaddaşlarda qalsın. İnsanların zövqünü korlamamalısan, gözəl portret xətrinə rəsm çəkməməlisən. Portret janrında əsər yaradarkən çalışmalısan ki, həmin insanın psixoloji dünyasını çatdıra biləsən.
– Hüseynqulu müəllim, müsahibə ilə əlaqədar telefonda danışanda dediniz ki, əlinizdə tamamlaya bilmədiyiniz bir əsər var. İstərdim o əsər barəsində danışaq…
– Bir söhbət yadıma düşdü. Sərgilərimin birində jurnalist mənə sual vermişdi ki, bu sərgidə ən yaxşı əsəriniz hansıdır? Cavab verdim ki, mənim ən yaxşı əsərim molbertimin üzərindəndir, hələ bitməyib. O əsər hazır olandan sonra, bəlkə, mənim ən yaxşı əl işim ola bilər. Buna görə bitirə bilmədiyim əsər hər zaman var olacaq.
Son olaraq onu da qeyd edim ki, Ali Məclis Sədrinin Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin 50 illiyinin qeyd olunması, bu istiqamətdə görülən işlər gələcəkdə rəssamlığın inkişafına dəyərli töhfələr verəcək, doğma Naxçıvanımızın tarixini, təbiətini, gözəlliklərini rənglərin dili ilə təbliğinə geniş imkanlar açacaqdır.
– Dəyərli vaxtınızı ayırıb bizimlə müsahibəyə gəldiyiniz üçün təşəkkür edirik.

 Aytac CƏFƏRLİ