Azərbaycan xalqı qədim tarixə malik olduğu kimi, həm də bu tarixi özünəməxsus mədəniyyəti ilə zənginləşdirmişdir. Yüzillərboyu adət-ənənələrimizi, məişətimizi, həyat tərzimizi özündə yaşadan milli mədəniyyətimiz çoxşaxəli olmaqla yanaşı, xalqımızın dünyagörüşünün, zövqünün, həyata baxışının fomalaşmasında mühüm rol oynamışdır. Mədəniyyətimizin əsrlər boyunca cilalana-cilalana bu günümüzə gəlib çatmasında əsas amillərdən biri də elə bu mədəniyyətin yaradılması və zənginləşməsində məxsusi rolu olan qədim el sənəti sahələridir. Onlardan biri də dekorativ-tətbiqi sənətdir.

Qədim dövrlərdən meydana gəlmiş bədii tikmə sənəti digər əl işləri kimi xalqın milli-mənəvi və estetik düşüncəsini özündə əks etdirir, həmçinin ölkəmizdə ən geniş yayılmış xalq sənəti növlərindən olub. Qeyd edək ki, ölkəmizdə bədii tikmənin bir çox növləri var: sırama, təkəlduz (qullabduz), güləbətin, muncuqlu, qurama, saya, piləkli, oturtma, cülmə, qondarma, məlilə və sair. Qədim diyarımız Naxçıvanda da xalq sənəti sahəsi olan bədii tikmə nümunələrinə çox rast gəlmək mümkündür. Bu sahə ilə məşğul olan insanlar rəngarəng ipək, pambıq və yun saplardan, həndəsi və nəbati naxışlar əsasında düzülmüş piləklərdən, muncuqlardan istifadə etməklə tikmə sənətinin müxtəlif növlərini yaratmışlar. Ən qədim və bəlkə də, ilk tikmə nümunəsi kimi qeyd edəcəyimiz üsul sıramadır. Tikmələrin ən sadə üsulu sayılan sıramadan, adətən, yorğan-döşəklərin sıranıb səliqəli formaya salınmasında istifadə olunur. Qeyd edək ki, bu yorğan-döşəklərin üzərində sırama üsulu ilə hər hansısa bir həndəsi motivləri xatırladacaq şəkildə pambıq bez üzərində sırıqlar salınır. Artıq sırama üsulu bəzəkli ipəkli parçalardan olan cehizlik yorğanlarda iynədalı tikmə ilə də əvəzlənərək həm nəbati, həm də həndəsi naxışların işlənməsi ilə dəb halını almışdır. 

Orta əsrlər dövründən geniş yayılmış bədii tikmə üsulu olan güləbətindən Naxçıvanda da geniş istifadə olunmuşdur. Bu tikmə növü öz zənginliyi ilə seçilir. Bundan ən çox qadın üst və baş geyimləri, arxalıq, küləcə, araqçın, eləcə də məişət əşyaları, saat və daraq qabları, o cümlədən müxtəlif əşyaların üzərində bəzək kimi vurularaq istifadə edilirdi. Bu cür tikmə nümunələrinə daha çox nişanlı qızların boğçasına qoyulan əşyalarda rast gəlmək olurdu. Güləbətin tikmədə yalnız qızılı və gümüşü saplardan istifadə edilirdi. Eyni zamanda bu tikmə növünün bir neçə üsulu da var. Bəzi mənbələrdə belə fikirlər də vardır ki, orta əsrlər dövründə sənətkarlardan alınan vergilər bəzən bu cür güləbətin nümunələri ilə də ödənilirdi. Qeyd edək ki, Naxçıvanda qadın üst geyimlərində güləbətin tikmə nümunələrinə çox rast gəlinir. Məsələn, Naxçıvan mühiti və ziyalıları, hərbçiləri ilə bağlı fotoşəkillərin əksəriyyətinin müəllifi olan məşhur fotoqraf Dmitri İvanoviç Yermakovun 1890-cı ildə Naxçıvanda əsilzadə bir ailədə çəkdiyi fotoşəkillərdə biz milli qadın geyim nümunələri ilə bərabər, bu geyimin üzərində əks olunmuş bədii tikmə nümunələrinə də rast gəlirik. Hətta bu fotoşəkillərdə bəzəkli milli geyim dəsti ilə yanaşı, üzəri zəngin tikmə nümunələri ilə bəzədilmiş məişət əşyalarını da görürük. (güləbətin işləməli örtük, mütəkkə, yastıq). Bundan başqa, Naxçıvan şəhərindəki “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyində sərgilənən XVIII əsrə aid güləbətinli masa örtüyünü də nümünə göstərmək olar.

Naxçıvanda geniş yayılmış tikmə növlərindən biri də doldurma tikmədir. Bu tikmə üsulundan, adətən, Naxçıvan qadınlarının üst geyimlərində, araqçınlarda və məişət əşyalarında daha çox təsadüf olunurdu. Adından da bəlli olduğu kimi, bu cür tikmələr, adətən, naxışların və ya müxtəlif bəzəklərin “doldurulması” üsulu ilə hazırlanır. Yeri gəlmişkən, bədii tikmə növlərindən Naxçıvanda vaxtilə çarpayı örtüklərinin üzərində və yaxud keçmiş zamanlarda evin taxçalarını örtmək üçün istifadə olunan kiçik pərdələr üzərində istifadə edilib.
Tikilmə texnikasına və alətinə görə digərlərindən fərqlənən bir tikmə nümunəsi də vardır ki, bu da təkəlduz (qullabduz) tikmədir. Bu tikmə ilə, adətən, qadınlarla yanaşı, kişilər də məşğul olmuşlar. Çünki belə tikmədə iynədən deyil, qullabdan (qarmaq formasında dəmir alət) istifadə olunduğu üçün qol gücü tələb edilirdi. Təkəlduz tikmədən ən çox məişət əşyalarında (xüsusilə divar bəzəklərində), kişi baş geyimlərində (şəbkülah, araqçın) istifadə olunmuşdur. Kişi baş geyimlərində əks olunan “Qurani Kərim” ayələri bu tikmə üsulu ilə toxunurdu. Təkəlduzdən daha çox Culfa, Ordubad rayonlarında tətbiq olunmuşdur. Qeyd edək ki, son dövrlərə kimi təkəlduz tikmə üsulundan istifadə edərək divar bəzəklərinin hazırlanmasında öz ustalıq məharətini göstərmiş Naxçıvan sakinlərindən biri də 1921-ci il təvəllüdlü Culfa rayon Kırna kənd sakini Behbud Məmmədov olmuşdur. O, dünyasını dəyişsə də, bu bölgədə hər kəs onun mahir usta olduğunu yaxşı xatırlayır.

Adətən, zərgərlik məmulatlarında istifadə olunan məlilə üsulunu bədii tikmələrdə də görürük. Məlilə tikmə fərqli bir texnika ilə, ipi iynənin üzərinə dolayaraq parça üzərinə balaca düyünlər formasında yerləşdirilir. Həmin bu balaca düyünlər, sanki “qızılgül” formasını xatırladır. Culfa, Ordubad, Şərur və Şahbuz rayonlarında qadınlar üçün keçirtmə baş geyimlərinin (araqçınların) bu tikmə növü ilə bəzədilməsinə rast gəlirik.
Vurğulamaq lazımdır ki, Naxçıvanda bədii tikmələrlə məşğul olan sənətkarlar parçaların üzərində işləyərkən müxtəlif motivlərə müraciət etmişlər. Bu cür motivlərə müxtəlif quş və heyvan, gül-çiçək, ay-ulduz və ya Günəş təsvirlərini misal gətirmək olar. Muxtar respublikamızın müxtəlif bölgələrində bu gün də bəzi evlərdə xatirə kimi saxlanılmış belə əşyalar var. Xalq yaradıcılığının mühüm sahəsi olan bədii tikmələr muxtar respublikamızda indi də yaşadılır. Hazırda qədim diyarımızın bir çox bölgələrində istedadlı qadınlarımız tərəfindən bədii tikmə sənəti inkişaf etdirilir. Xüsusilə qeyd etmək lazımdır ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı ­günlərinin keçirilməsi haqqında” 2009-cu il 7 fevral tarixli Sərəncamı muxtar respublikada belə dəyərlərin qorunması və təbliği ilə yanaşı, aid dövlət qurumlarına da bu işi nəzarətdə saxlamağa imkan verib. Hər il muxtar respublikamızda istedadlı qadınlarımızın əl işləri olan bədii tikmə nümunələrindən ibarət sərgilərin təşkil olunması bunun parlaq nümunəsidir. Eyni zamanda bu sərgilərdə həmin əl işlərinin satışı da təşkil edilir. Qeyd edəcəyimiz digər bir mühüm amil isə odur ki, bu gün muxtar respublikamızda xalq sənəti sahələrinə göstərilən dövlət qayğısı gənc nəslə də bu sənətin öyrədilməsinə imkan verib. Zəngin mədəni ənənələri ilə seçilən qədim diyarımız Naxçıvanda dekorativ-tətbiqi sənətin digər sahələri kimi bədii tikmə də bundan sonra yaşadılacaq, bu cür dəyərlərimiz hər zaman təbliğ olunacaqdır.

Aidə İbrahimova
Culfa rayon Culfa şəhər klubunun müdiri