24 Aprel 2024, Çərşənbə

Tarixən Türk dünyasının həm qədim, həm də özünəməxsus sənəti hesab olunan aşıq sənəti bu gün də sevilərək yaşadılır. Sənət haqqında çox dəyərli faktlar və məlumatlar sırasında əsas mənbə kimi hər birimizin oxuduğu “Kitabi-Dədə Qorqud” dastanını misal göstərə bilərik. Aşıq sənətinin nümayəndələri nümunəvi söz ustaları hesab olunur. Çünki söz sənətinin musiqiylə səsləndirilməsi onun ecazkarlığını daha da artırır. Bu sənətə olan marağın nəticəsidir ki, Kərəmlər, Qəriblər, Qasımlar, Aşıq Alılar, Qurbanilər yetirib bu torpaq.

Göyçə mahalında doğulan qüdrətli aşıq, incitək dürr saçan sözləri el-el dolaşan Aşıq Ələsgərdən danışacağıq. O Ələsgər ki bu gün xalqımızın bədii təfəkkür tarixində rol oynayan bitib-tükənməz bir xəzinə qoyub. O xəzinə ki istedadlı söz sənətinin inciləri, gözəllikləri ilə bu günə meydan oxuyur. Böyük aşıq odlu qəlbini dilə gətirib, təsirli fikirləri ilə söz çəmənzarı yaratmağa nail olub. Aşığın mənəvi dünyası o qədər zəngindir ki, söz aşiqlərini, şairləri yazıçıları, ovsunlayır və onlara sənətin yüksək zirvələrinə qalxmaq üçün güc-qüvvə verir. Aşıq Ələsgərin sənətinin böyüklüyü həm də orasındadır ki, bu bədii irs uzun müddət yazılmadan, dəftərsiz, kitabsız yaşayıb, dildən-dilə keçib, qorunub saxlanılıb. Bunu aşığın yaradıcılığına nəzər saldıqda aydın görürük. Onun lirikası oxucunun ürəyində özünə yer tapır, rişələnir, pöhrələnir və heç vaxt unudulmur. Bu mənada, Dədə Ələsgər doğma xalqının yaddaşında büllur söz və musiqi kimi qalan gözəllik vurğunu, həyat aşiqi, saflıq və səmimiyyət ustadıdır. 

Aşıq Ələsgər dünyasından söz açarkən onun sənətinin mayasını təşkil edən qoşmalardan danışmasaq, olmaz. Bunların çoxu məhəbbət lirikasıdır ki, bu lirika Dədə Ələsgərin yaradıcılığının şah xəttinin qüvvətli qolunu təşkil edir. Aşıq həm də təbiət incəliklərindən ruhlanıb qoşmalar yazar, gözəlliklər mədh edərdi. Uşaqdan-böyüyə hər kəsin dillər əzbəri olan “Çərşənbə günündə, çeşmə başında” qoşmasında elin gözəl qızını, ləyaqətli gəlinini müqəddəs sayır, onu ziyarətgah hesab edir:
Çərşənbə günündə, çeşmə başında,
Gözüm bir alagöz xanıma düşdü.
Atdı müjgan oxun, keçdi sinəmdən,
Nazü qəmzələri qanıma düşdü.
Ələsgərin göz-qaş ilə işarə eləməsindən gözəlin başını bulayıb gözündən gülməsi qəlbini daha da coşdursa da, lakin “nişanlıyam, özgə malıyam” ifadəsini eşidəndə təəssüflənir, özgə malına kəm baxmağın bağışlanmaz olduğunu duyur və “sındı qol-qanadım yanıma düşdü”, – deyir. Məhəbbət yolunda yorulub usanmayan aşıq ölümünün səbəbkarını “kirpiyin peykanı” bilir. Bu qoşmada ustad aşığın dilimizin zənginliyindən necə sənətkarlıqla istifadə etməsi xüsusi vurğulanmalıdır. Xalq ifadə tərzinə məxsus olan deyimlərin şeirə gətirilərək ustalıqla nəzmləşdirilməsi həm də qoşmanın axıcılığını təmin edib. Başını bulayıb gözdən gülmək, özgə malı olmaq, qol-qanadın sınıb yana düşməsi ən gözəl bədii frazeoloji birləşmə kimi qoşmanın dəyərini daha da artırıb.
Məhəbbət dastanlarından yaxşı tanıdığımız uğursuz sevgi macərası Aşıq Ələsgərə də cavan çağlarında ürcah olub. O, uzun müddət kədərlənsə də, mənəvi dünyasında çəkdiklərini büruzə vermək istəməyib, bu uğursuzluğun səbəbini müxənnət zəmanədə görübdür.
Gərdişin ictimai-siyasi hadisələrini dərindən dərk edən, tərəqqinin, tənəzzülün kamançasını zamanın ruhuna uyğun həm bəmdə, həm də zildə çalan, yazdıqlarını pozan, pozduqlarını yenidən nizama salmağa can atan, fani dünyanın gəlişini-gedişini şair həssaslığı ilə duyan ustad sənətkar dağların dağ boyda vüqarını, dərd-qəmini dərindən duyub, hiss edib. Kimsəsiz qalan yaylaqlar, axşam-sabah qız-gəlin qəhqəhəsi ilə xumarlanan buz bulaqlar, yollara boylanan yurd yerləri gərdişin günahları deyilmi?

Hanı mən gördüyüm qurğu-büsatlar,
Dərdiməndlər görsə, tez bağrı çatlar.
Mələşmir sürülər, kişnəmir atlar
Niyə pərişandı halların, dağlar?

Ümumiyyətlə, harada aşıq Ələsgərin adı çəkilirsə, oradan məhəbbət, sevgi, etiraf duyğuları baş qaldırır. Aşığın şeirlərindəki gözəllik, səmimilik o qədər güclüdür ki, oxucu onu anındaca duyur, mənimsəyir, sözün gücü, təsir imkanlarının genişliyi bədii təfəkküründə özünə yer edir. Gözəllərin ilhamlanıb söylədiyi şeirləri oxuduqca, sanki ecazkar bir musiqi dinləyirsən. O, vəsf etdiyi Azərbaycan qızlarının şuxluğunu, incəliyini, gəlinlərimizin ləyaqətini və nəcibliyini xüsusi ustalıqla sözün sehrində çatdıra bilir...
Azərbaycanlıların əzəli yurdlarından olan qədim Göyçə mahalında, Azərbaycan aşıq sənətinin korifeyinin qəbirüstü abidəsi ucaldılıb. 1988-1989-cu illərdə soydaşlarımız öz dədə-baba yurdundan, Qərbi Azərbaycan torpaqlarından erməni vandalları tərəfindən didərgin salındıqdan sonra həmin əzəmətli büst dağıdılıb. Dədə Ələsgərin Ağkilsədəki qəbrinin dağıdılması, Azərbaycana xas mədəniyyət izlərinin itirilməsi XX əsrin ən amansız vandalizm nümunələrindəndir. Ancaq anadan olduğu tarixdən iki yüz il keçsə də, Ələsgərin yaradıcılığını tədqiq etməyə maraq günü-gündən daha da artır. Yubileyi münasibətilə 1972-ci ildə Xalq artisti, tanınmış kinorejissor, ssenarist Xamis Muradov tərəfindən çəkilmiş sənədli film xalqımızın aşığa necə dəyər verdiyinin bariz nümunəsidir. Aşıq Ələsgər yaradıcılığı klassik aşıq şeiri ənənələrini yaşatmaq və mənəvi dəyərləri qorumaqla yanaşı, həm də novator sənətdir. Bütün böyük sənətkarlar kimi, Aşıq Ələsgərin yaradıcılığı da milli mədəniyyətin faktıdır. Ancaq böyük sənətkarların yaradıcılığı bunu da sübut edib ki, bəşəriyyətə aparan yol öz başlanğıcını millilikdən götürür və bu mənada, Ələsgərin yaradıcılığı da klassik bir nümunədir, ümumbəşəri dəyərdir.

Mədəniyyət xəzinəmizin qiymətli incilərindən milliliyimizi təcəssüm etdirən aşıq sənəti hər zaman dövlət qayğısı ilə əhatə olunub, inkişaf etdirilib. Ümummilli lider Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrdə Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı Aşıq Ələsgərin 150 və 175 illik yubileyləri dövlət səviyyəsində qeyd olunub. Həmçinin Azərbaycan aşıq sənəti UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Cari il fevralın 18-də Aşıq Ələsgərin 200 illiyinin keçirilməsi ilə bağlı Prezident cənab İlham Əliyevin Sərəncam imzalaması, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun Sərəncamı ilə bu yubileyin muxtar respublikamızda da geniş şəkildə qeyd olunması ilə bağlı Tədbirlər Planının təsdiq edilməsi də bu qədim el sənətinin yaşadılmasına, milliliyimizin qorunmasına göstərilən diqqət və qayğının daha bir nümunəsidir. Azərbaycanın böyük xalq sənətkarı, mütəfəkkiri Aşıq Ələsgərin yubileyinin keçirilməsi bir tərəfdən ustadın zəngin yaradıcılığından ilham alıb bugünkü sosial-mənəvi ehtiyacımızı ödəməyə kömək edirsə, digər tərəfdən aşıq sənətinin hərtərəfli öyrənilib lazımi səviyyədə təbliğ olunması üçün geniş imkanlar açır.

 Aytac CƏFƏRLİ

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR