Martın 12-də Naxçıvan Dövlət Film Fondunda nazirliyin sistemində fəaliyyət göstərən kitabxanaların əməkdaşları üçün “Kitabxanaların fəaliyyəti ilə bağlı hesabat və statistik hesabatların işlənmə qaydaları” adlı seminar təşkil edilmişdir.

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbiri nazirliyin Mədəniyyət və mədəni-irs şöbəsinin aparıcı məsləhətçisi Şəfəq Abbasova açaraq qeyd etmişdir ki, komputer texnologiyalarının yaranıb sürətlə inkişaf etməsi cəmiyyətin hər bir sahəsində dəyişikliyə səbəb olmuşdur. Bugün muxtar respublikamızda gedən inkişaf mədəniyyət müəssisələrindən də yan keçməmişdir. Son dövrdə “COVİD-19” virusunun geniş yayılması ilə əlaqədar olaraq onlayn və elektron xidmətlərdən istifadəyə ehtiyac daha da artmışdır. Kitabxanalarda oxuculara ənənəvi xidmətlə birgə həm də onlayn xidmət göstərilməyə başlanmışdır.

Vurğulanmışdır ki, seminarın əsas məqsədi son dövrdə ölkəmizdəki dəyişikliklər səbəbindən onlayn fəaliyyətdən doğru istifadə, bu xidmətlərin hesabatlarda düzgün şəkildə göstərilməsinin təmin edilməsidir. Sonra o, “Statistik hesabatları hazırlanma qaydaları” adlı slayt məlumatı iştirakçılara təqdim etmişdir.

Daha sonra M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru Tamella Əsgərova “Hesabatların növləri və tərtib edilməsi qaydaları” adlı çıxışında bildirmişdir ki, kütləvi kitabxananın hesabatları yazılarkən giriş hissədə hesabat ilində görülmüş işlərin əsas istiqamətləri əks olunmalıdır. Əhaliyə kitabxana xidmətinin təşkili, kütləvi tədbirlər, elm sahələri və ölkəşünaslığa dair ədəbiyatın təbliği, kitabxananın KİV-lə əlaqələri və s. göstərilməlidir. Həmçinin burada fondun ümumi həcmi, yeni daxil olan çap məhsullarının sayı, kitab verilişi, oxucuların sayı, oxucu gəlişi də qeyd edilməlidir.

Çıxışlardan sonra tədbir iştirakçılarının sualları cavablandırılmışdır.

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət

Nazirliyinin Mətbuat Xidməti