29 Mart 2024, Cümə

Artıq bir neçə ildir ki, yaz fəslinin gəlişi ərəfəsində , Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun tədbirlər planına uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin iştirakı ilə Heydər Əliyev Sarayında məhdud fiziki imkanlı şəxslərin, istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satışı keçirilir. 

Bu günlərdə “Şərq qapısı” qəzeti redaksiyasının kollektivi kimi sərgi ilə tanış olmağa gedərkən baş redaktorun həm də reportaj hazırlamaq tapşırığı məndə sərgiyə ikiqat maraq oyatdı. Doğrudan da, sanki incə qadın zövqünün, kövrək duyğulu, həssas insan təxəyyülünün məhsulu ilə bəzədilmiş ecazkar bir sənət dünyasında özümü hiss etdim. Sərgi-satışa kütləvi şəkildə böyük maraq göstərildiyini, sənətkarlıq nümunələri kolleksionerlərinin həm də buradan müxtəlif əl işləri aldıqlarını müşahidə etdim. Öyrəndim ki, sərgi-satışa Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 424 qadının 6488 əl işi, 6 sağlamlıq imkanı məhdud kişinin 25 əl işi, ümumilikdə, 430 şəxsin 6508 sayda əl işi cəlb olunub. Toplanılan əl işləri arasında 2395 muncuqla iş, 1547 dekorativ iş, 1727 toxuma, 379 tikmə, 134 dekorativ tablo, 48 tikmə tablo, 6 vitraj, 142 yağlı boya, 35 sulu boya, 20 toxuma tablo, 44 xalça, 3 ağac üzərində yandırma, 13 taxta üzərində oyma, 9 mis üzərində döymə, 2 ebru, 3 hiperrealizm və 1 miniatür vardır. Görünən odur ki, bu il də sərgi-satışa maraq böyükdür. Demək olar ki, bütün dövlət orqanlarının, yerli idarələrin, qeyri-hökumət təşkilatlarının kollektivləri, sadə vətəndaşlar, gənclər, tələbələr kütləvi şəkildə buraya gəlirlər. Sərgi iştirakçılarından bir neçəsinin təəssüratlarını öyrəndim.

Naxçıvan Şəhər İcra Hakimiyyəti Aparatının İnformasiya təminatı və təhlil sektorunun müdiri Rübabə Həsənova dedi ki, 8 Mart – Beynəlxalq Qadınlar Günü ərəfəsində Heydər Əliyev Sarayında məhdud fiziki imkanlıların və istedadlı qadınların rəsm və əl işlərindən ibarət növbəti sərgi-satışın təşkil olunması muxtar respublikamızda qadına və qadın əməyinə verilən ən böyük dəyərdir. Sərgi-satışın iştirakçısı olaraq onu deyə bilərəm ki, buradakı hər bir nümunə göz nuru və əl əməyidir. Bu əl işləri evimizi bəzəməklə yanaşı, həm də onu ərsəyə gətirən insanların maddi vəziyyətlərinin yaxşılaşması baxımından da əhəmiyyətlidir. Göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlığımı bildirirəm.
Digər həmsöhbətim Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı Zaur Hüseynov muxtar respublikada xüsusi qayğıya ehtiyacı olan sağlamlıq imkanları məhdud şəxslərə göstərilən dövlət qayğısından danışdı. Bildirdi ki, diyarımızda qadınların, o cümlədən sağlamlıq imkanları məhdud şəxslərin müəyyən peşələrə yiyələnməsi, həmçinin istedad və bacarıqlarının inkişaf etdirilməsi üçün hər cür şərait yaradılıb. Xalçaçı, dərzi, ağac üzərində oyma kimi peşə kursları təşkil olunub və bu kurslara sağlamlıq imkanları məhdud qadınlar da cəlb edilib. Bu qəbildən olan istedadlı insanların cəmiyyətə tanıdılması, onların əl işlərinin nümayişi və satışının təşkili baxımından belə tədbirlərin keçirilməsi mühüm rol oynayır.
Sərgidə nümayiş olunan Azərbaycanın zəfər simvolu sayılan xarı­bülbülün, Şuşa qalasının və Xudafərin körpüsünün maketləri buraya üz tutanların diqqətini çəkirdi. Bu əsərlərə baxdıqca şanlı qələbəmizin ətrini duymamaq, bir daha qürurlanmamaq mümkün deyildi. Billurə Quliyeva, Qızxanım Hüseynova, Sevinc Məmmədova, Kifayət Nəcəfova və başqalarının nümayiş etdirdikləri əl işləri zərif qadın əməyinin nümunəsi olmaqla, həm də muxtar respublikamızda milli dəyərlərimizin, adət-ənənələrimizin yaşadılmasından xəbər verirdi. Sərgiyə diyarımıza məxsus xüsusi ornamentlərlə işlədiyi xalçaları çıxaran Billur Şahgəldiyeva evdar qadındır. O bu sənəti Naxçıvan Qızlar Liseyində təhsil aldığı vaxtlardan öyrənib və artıq 3 ildir ki, bu sərgi-satışda iştirak edir. O dedi ki, əl işlərimə xüsusi maraq olduğundan çalışacağam ki, gələcəkdə daha gözəl xalçalar hazırlayım və belə tədbirlərdə yaxından iştirak edim.

Sərgidə Təhminə Allahverdiyeva, Zivər Babayeva, Akifə Məhərrəmova, Röya Fərəcovanın nümayiş olunan əl işlərinə baxdıqlarını gördüm. Bu sənət əsərlərinə maraqgöstərənlər milli sənətkarlıq nümunələrini almaq üçün belə bir şəraitin yaradılmasından razılıq etdilər.
Burada olduğum müddətdə bir nəfərin sənətkarlıq nümunələrini xüsusi maraqla seyr etdiyini görüb ona yaxınlaşdım. Türkiyə vətəndaşı Məhmət Memitanlı ilə söhbətimiz zamanı dedi ki, burada olan sənət əsərlərinin hər biri özünəməxsusluğu ilə seçilir və insanı valeh edir, incə zövqlə işlənən rəsm əsərləri bir-birindən maraqlı və rəngarəngdir. Sərgilənən əl işləri içərisində isə Azərbaycanın milli adət-ənənələrini özündə cəmləşdirən nümunələrə marağım daha çox oldu. Ümumi təəssüratım belədir ki, Naxçıvanda tarixi keçmişə, milli dəyərlərə, ənənələrə böyük qayğı göstərilir və bu mənəvi irs yaşadılaraq gənc nəslə ötürülür.
Sərgiyə dekorativ-tətbiqi sənət növü olan ağac üzərində yandırma, gəmi maketi və digər nümunələr çıxaran Tofiq Əliyev sağlamlıq imkanları məhdud şəxsdir. Onunla söhbət zamanı dedi ki, uşaq yaşlarından bu sənətə marağı yaranıb. Naxçıvan şəhərində fəaliyyət göstərən Texniki Yaradıcılıq Mərkəzində təşkil olunan dərnəklərdə iştirak edib, bu sahə üzrə bilik və bacarıqlarını təkmilləşdirib. Onun dediklərindən: Belə sərgi-satışlar bizim kimi sağlamlıq imkanları məhdud şəxslərin yaradıcılıq fəaliyyətinin qiymətləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Bu, muxtar respublikamızda insan amilinə verilən dəyərin bir nümunəsi, məhdud fiziki imkanlıların özlərini cəmiyyətə yararlı hiss etmələri, onların mənəvi və maddi təminatları baxımından böyük dəstək, bizlərdə həyatsevərlik, nikbin ovqat yaranmasına stimul verən amildir.
Sərgidə Naxçıvan Dövlət Universitetinin Texnologiya Mərkəzinin müəllim və tələbə heyətinin birgə sənət əsərlərinin də nümayişi təşkil edilmişdir. Magistratura mərkəzinin Sənətşünaslıq ixtisası üzrə 2-ci kurs tələbəsi Türkan Quliyeva deyir ki, sərgiyə rəsm əsəri və gipsdən hazırlanan tablo ilə qatılıb. Bu işə marağı məktəb vaxtlarından yaranıb və ilk əl işi Naxçıvan Muxtar Respublikasının Rəssamlar Birliyi tərəfindən təşkil olunan müsabiqədə yer tutub. Sərgi-satışa çıxardığı əl işlərinə də insanların böyük maraq göstərməsi onu ruhlandırır və gələcəkdə bu sahə üzrə daha gözəl, nümunəvi sənət əsərləri yaratmağa sövq edir.
Qəzeti çapa hazırlayarkən öyrəndik ki, son 7 günddə sərgi-satışı 2 mindən çox izləyici ziyarət edib, 235 müəllifin 19 min 250 manat dəyərində 1850 ədəd əl işi satılıb. Bütün bunlar onu deməyə əsas verir ki, muxtar respublikamızda hər il ənənəvi olaraq keçirilən sərgi-satışlar həm fiziki imkanları məhdud şəxslərin, həm də qadınların məşğulluğunu təmin etməklə yanaşı, qədim diyarımızın milli adət-ənənələrinin, dəyərlərinin qorunması, təbliği və qədim sənətkarlıq nümunələrinin yaşadılmasına da geniş imkanlar açır.

 Aytac CƏFƏRLİ

ARXİV

Mart 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR