Martın 11-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə muzey əməkdaşları üçün “Açıq dərslərin keçirilməsində Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyinin təcrübəsi” mövzusunda seminar-treninq keçirilmişdir.

 

Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində keçirilən seminar-treninqi giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət və mədəni irs şöbəsinin müdiri Gülbuta Babayeva açmış, Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyinin baş elmi işçisi Gülarə Babayeva “Açıq dərslərin keçirilməsində Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyinin təcrübəsi” mövzusunda çxış etmişdir.

Qeyd edilmişdir ki, Naxçıvan Muxtar Respublikasında muzeylərin fəaliyyəti, muzey xidmətinin təşkili diqqət mərkəzində saxlanılır. Yeni muzeylər yaradılır, mövcud muzeylər bərpa edilir, ekspozisiyaları zənginləşdirilir. Muxtar respublikada 1995-ci ildən sonra 17 yeni muzey yaradılıb. Son iki ildə Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyi üçün yeni bina inşa edilmiş, Cəmşid Naxçıvanski Muzeyinin binasında əsaslı təmir və yenidənqurma işləri aparılmış, ekspozisiyaları yenidən qurulmuşdur. Şahbuz Rayon tarix-Diyarşünaslıq Muzeyi üçün yeni bina inşa olunur. Bütün bunlar muxtar respublika rəhbərliyinin mədəni irsimizin qorunmasına, muzey işinin inkişafına göstərdiyi diqqətin təzahürüdür”.

Vurğulanmışdır ki, gənc nəslin muzeylərimizdə tanış olması, mədəniyyətimiz və tariximiz haqqında ətraflı məlumata sahib olması üçün Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli və “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər vəinnovasiyaların dəstəklənməsi haqqında”2019-cu il 3 aprel tarixli sərəncamlarına əsasəntəhsil müəssisələrində təhsil alan şagird və tələbələr üçün muzeylərdə açıq dərslər və mühazirələr təşkil olunur.

Bildirilmişdir ki, dərslər canlı materiallar əsasında keçirilir. Muzeylərdə keçirilən açıq dərslərdə uşaqlar profilə uyğun olaraq qədim dövrdən bu günə kimi regionun tarixi keçmişini, həyat və məişətini izləmək imkanı qazanır. Eləcə də şair və yazıçılar, Naxçıvan torpağının yetişdirdiyi görkəmli şəxsiyyətlərin həyat və fəaliyyəti ilə tanış ola bilirlər.

Açıq dərslərin keçirilməsində Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyinin təcrübəsi barədə seminar iştirakçılarına məlumat verilmiş, onların sualları cavablandırılmışdır. 

Tədbirin sonunda ekspozisiyaya baxış keçirilmiş, bələdçinin ekskursiya aparması müzakirə edilmişdir.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət

Nazirliyinin mətbuat xidməti