28 Mart 2024, Cümə axşamı

Naxçıvan Muxtar Respublikasının yaranmasının 97-ci ildönümü münasibətilə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Naxçıvanın tarixi, etnoqrafiyası, mədəniyyəti və təbii sərvətləri ciddi tədqiqat predmetinə çevrilmiş, minlərlə kitab nəşr olunmuş, Naxçıvanşünaslıq zənginləşdirilmiş, abidələrimiz bərpa edilmiş, milli dəyərlərimizin qorunub yaşadılmasına diqqət artırılmışdır”.

Bu gün böyük minnətdarlıq hissi ilə qeyd etməliyik ki, qədim diyarımızın tarixi keçmişinin qorunub yaşadılmasında, bu günü və gələcəyi ilə bağlı böyük işlərin görülməsində Ali Məclis Sədrinin xüsusi əməyi vardır. 

Dünyanın ən qədim yaşayış məskənlərindən olan Naxçıvan həm də tarix və mədəniyyət abidələri ilə zəngindir. 5-7 minillik şəhərsalma mədəniyyətinə malik olan Naxçıvanda tarixi abidələrimizi qorumaq, bərpa etmək, bu abidələrlə bağlı sanballı elmi kitablar yazıb nəşr etdirmək tarixçi, arxeoloq, sənətşünas alimlərimizi həmişə dərindən düşündürmüşdür. Bu baxımdan 2020-ci ildə “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində çap olunan “Gəmiqaya qayaüstü rəsmləri” kitabı olduqca dəyərli tədqiqat əsəridir. Naxçıvan Müəllimlər İnstitutunun müəllimi, sənətşünas Nizami Alıyevin müəllifi olduğu bu kitab Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “2021-ci il üçün elm və mədəniyyət sahələrində Naxçıvan Muxtar Respublika mükafatlarının verilməsi haqqında” 2021-ci il 8 fevral tarixli Sərəncamı ilə mədəniyyət sahəsi üzrə Naxçıvan Muxtar Respublika mükafatına layiq görülmüşdür.
Kitab Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ordubad rayonundakı Gəmiqaya abidəsinin tədqiq edilməsi haqqında” 2001-ci il 26 aprel tarixli Sərəncamı ilə başlayır. Sərəncamda qeyd olunduğu kimi, Gəmiqaya abidəsinin tədqiqi işlərinə ötən əsrin 70-ci illərindən daha dərindən başlanılmışdır. Ulu öndər Heydər Əliyev tariximizin, soykökümüzün öyrənilməsinə xüsusi əhəmiyyət verdiyindən tarixi abidələrimizə münasibət də həmin dövrdən kökündən dəyişilmişdir. Sərəncamdan sonra AMEA Naxçıvan Bölməsi və Naxçıvan Dövlət Universiteti əməkdaşlarından ibarət elmi ekspedisiya təşkil edilmiş, Gəmiqaya ətrafındakı abidələr və Gəmiqaya təsvirləri qeydə alınmış, abidələrin tədqiqinə həsr olunmuş elmi konfrans və simpoziumlar keçirilmiş, Gəmiqayaya yol çəkilmişdir. Ali Məclisin Sədri cənab Vasif Talıbovun 2001, 2002, 2005, 2013-cü illərdə Gəmiqayada olması, burada tədqiqat aparan alimlərlə görüşməsi, onlara tədqiqat işləri ilə bağlı tövsiyələr verməsi tarixi keçmişimizə sevginin bariz ifadəsi kimi qiymətləndirilir. 2013-cü il dekabr ayının 21-də Gəmiqaya Dövlət Tarix­-Bədii Qoruq Muzeyinin açılışında iştirak etməsi Ali Məclis Sədrinin Gəmiqaya abidələrinə verdiyi ən yüksək dəyərdir.

Gəmiqaya abidələri özündə tarixlə yanaşı, həm də böyük bir sivilizasiyanı yaşadır. Tədqiqatçı-alim Əjdər Fərzəli Gəmiqaya-Qobustan yazılarını analiz edərkən belə bir qənaətə gəlir ki, bu abidələr qədim yunan, hind, Misir, Şumer və başqa mədəniyyətlərdən qabaq meydana gəlmiş, özündən sonra gələn digər mədəniyyətlərə çox güclü təsir göstərmişdir.
2016-cı ilin avqust ayında AMEA Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi mütəxəssislərindən ibarət “Gəmiqaya” ekspedisiyası yaradılmışdır. Ekspedisiya qayaüstü rəsmlərin yayıldığı 136 hektar ərazidə olmuş, 2040 daş üzərində 7422 təsvir qeydə almışdır. Bu tədqiqatların nəticəsi kimi “Gəmiqaya qayaüstü rəsmləri” adlı fundamental kitab ərsəyə gəlmişdir. Kitabın layihə rəhbəri, elmi tədqiqatların ideya təşəbbüskarı və himayədarı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovdur.
Kitabın müəllifi “Gəmiqaya” ekspedisiya qrupunun rəhbəri, sənətşünas Nizami Alıyev, fotolar və qrafik cızmaların müəllifləri Nizami Alıyev və Arzu Novruzovdur. Kitabda Qaranquş, Camışölən, Nuh Nəbi yurdu, Qız-gəlin çuxuru, Göllər və digər yaylaqlardakı təsvirlər haqqında məlumatlar öz əksini tapmışdır. Nizami Alıyev 2016-cı ilin avqust-sentyabr aylarında “Gəmiqaya” ekspedisiyası üzvləri tərəfindən aparılan tədqiqatlar zamanı rast gəlinən faktları da bölgələr üzrə şərti olaraq kitabda qeyd etmişdir. Bu isə kitabın həm dəyərini, həm də daha dəqiq faktlara söykəndiyini təsdiqləməklə yanaşı, “Gəmiqaya qayaüstü rəsmləri”nin gələcək tədqiqatçılar üçün çox böyük mənbə olduğunu göstərir. Gəmiqayada təsvir olunan daşların sayı 2029, daşlar üzərindəki rəsmlərin və işarələrin sayı 7378-dir.

“Aşağı Baca”, “Aşağı Göllər”, “Orta Göllər”, “Yuxarı Göllər”, “Qaranquş I” (yolun üstü), “Qaranquş II” (yolun altı), “Nuh Nəbi yurdu”, “Nazağa”, “Qız-gəlin çuxuru” bölgələrində hər bir daşın və daşlar üzərindəki təsvirlərin sayını göstərən müəllif həmin yerlərdən muzeylərə aparılan daşların və işarələrin sayını da qeyd etməklə onların dəqiq ünvanını oxucuya çatdırır. Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən muzeylərin bəzilərində Gəmiqayadan aparılan daşlar və rəsmlər nümayiş etdirilir. Qaranquş yaylağından muzeylərə üzərində 44 rəsm və işarə olan 11 daş aparılıb. Bu daşlar və təsvirlər Gəmiqaya Dövlət Tarix-Bədii Qoruq Muzeyində, Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyində, Naxçıvan Dövlət Tarix Muzeyində, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey kompleksində qorunub saxlanılır. Beləliklə, müəllif belə bir nəticəyə gəlir ki, muzeylərə aparılmış daşlar üzərindəki təsvirlərin və işarələrin sayını da ümumi saya əlavə etsək, Gəmiqaya rəsmlərinin yayıldığı areal 136,58 hektar, üstü təsvirli olan daşların sayı 2040, daşlar üzərindəki rəsmlərin sayı isə 7422-dir. Bu rəsmlərdən 6000-i ilk dəfədir ki, bu kitabda çap olunub.

Azərbaycan, ingilis və rus dillərində nəşr olunan 576 səhifəlik dəyərli kitab Gəmiqaya abidəsinin dünyada tanıdılması istiqamətində çox sanballı tədqiqat əsəridir. Bu abidə ayrı-ayrı dövrlərdə dünya alimlərinin də nəzər-diqqətini özünə cəlb etmiş, 2005-ci il iyul ayının 17-dən 20-nə kimi Gəmiqayada beynəlxalq ekspedisiya fəaliyyət göstərmiş və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin iştirakı ilə yekun nəticələrinin müzakirəsi aparılmışdır. Albom-kataloqda təsvirlərin yer alması, hər bir təsvir haqqında üç dildə məlumat verilməsi olduqca əhəmiyyətlidir. Gəmiqaya rəsmlərində insan fiqurları ilə yanaşı, ilan, keçi, maral, bəbir, öküz, qurd, it, at, quş və sair heyvan təsvirləri də var. İnsan təsvirləri onların gündəlik həyat tərzlərini, inanclarını, mifik təfəkkürlərini, eləcə də xalqımızın milli mədəniyyətini, tarixi keçmişini öyrənmək üçün böyük əhəmiyyət kəsb edir. Kitab Naxçıvanın keçmişi və bu günü haqqında tarixi həqiqətləri elmi şəkildə söyləməklə, bu torpağa göz dikənlərə bir həqiqəti çatdırır ki, bu diyar şanlı tarixi və dövlətçilik ənənələri olan müqəddəs məkandır.
“Gəmiqaya qayaüstü təsvirləri” kitabının Naxçıvan Muxtar Respublika mükafatına layiq görülməsi münasibətilə müəllifi, sənətşünas Nizami Alıyevi ürəkdən təbrik edir, ona daha böyük yaradıcılıq uğurları arzulayırıq.

Asim YADİGAR
Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri,
Əməkdar mədəniyyət işçisi

ARXİV

Mart 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR