28 Mart 2024, Cümə axşamı

Dünya mədəniyyəti xəzinəsinə incilər bəxş etmiş xalqımızın mənəvi dəyərlərinin formalaşmasında və inkişafında qadınlarımızın böyük rolu olub. Azərbaycan qadınının tarixin salnaməsində özünəməxsus dəstxəti olmuş, qadın dövlət başçısı, sərkərdə, diplomat, bacarıqlı siyasətçi kimi öz sözünü demişdir.

Qədim qəhrəmanlıq dastanlarında və əfsanələrindəki Burla xatın, adı Azərbaycanın dövlətçilik tarixində ilk qadın diplomat kimi daxil olan Sara xatın, Azərbaycan Atabəylər dövlətinin başçısı Şəmsəddin Eldənizin həyat yoldaşı Möminə xatın, Səfəvilər dövlətinin qurucusu Şah İsmayıl Xətainin həyat yoldaşı Taclı bəyim, Quba xanı Fətəli xanın həyat yoldaşı Tuti Bikə, Bərdə hökmdarı Nüşabə, Koroğlunun Nigarı və başqalarının göstərdikləri şücaət, ağıllı, müdrik, uzaqgörən qadın və dövlət xadimi obrazları insanda heyranlıq doğurmaya bilmir. Adı hər zaman şərəf və iftixarla çəkilən qadınlarımız haqqında saysız-hesabsız əsərlər yazılmış, onların şəninə nəğmələr qoşulmuşdur. Qadınlarımız təkcə ictimai-siyasi, mədəni-kütləvi işlərlə məşğul olmamış, bədii yaradıcılıqda da fərqlənmişlər. Müxtəlif dövrlərdə qadın azadlığı, söz azadlığı uğrunda mübarizə aparan açıqfikirli, azad düşüncəli, maarifpərvər qadınlarımız da çox olmuşdur. Onlardan bir çoxunun adları çox­əsrlik tariximizin səhifələrinə qızıl hərflərlə yazılmışdır. Bu mənada, XVIII-XIX əsrlər Azərbaycanın həyatında qadınlar fəallığı və böyük yaradıcılıq uğurları ilə səciyyələnmiş və onların fəaliyyətləri diqqəti cəlb etmişdir.

Azərbaycanın ayrılmaz tərkib hissəsi Naxçıvan torpağının yetirməsi olan qadınlarımızın ictimai və mədəni həyatımızın müxtəlif sahələrindəki fəaliyyətləri, milli-mənəvi dəyərlərimizin formalaşmasında əhəmiyyətli rolu əsrlərboyu diqqət çəkmişdir. Azərbaycan ədəbiyyatının zənginləşməsində və yaşadılmasında əvəzsiz xidmətlər göstərmiş şairə qadınlarımızın bir çoxu heç təsadüfi deyil ki, məşhur nəsillərin davamçıları, eyni zamanda Azərbaycanın milli dövlətçilik tarixində müstəsna rol oynayan xanlıqlar dövrünün nümayəndələri olmuşlar. Yaşadıqları çətin dövrə və keşməkeşli həyat yoluna baxmayaraq, ruhdan düşmədən böyük şövqlə yazıb-yaradan şairə qadınlarımızın qələmə aldıqları şeirlər bu gün də sevə-sevə oxucuların ürəyinə yol tapır.
XVIII-XIX əsrlərdə yaşayıb-yaradan qadın şairələr içərisində Azərbaycanın ayrılmaz tərkib hissəsi Naxçıvan torpağının yetirməsi Heyran xanım Dümbilinin özünəməxsus dəstxəti var.

Heyran xanım Füzuli ədəbi məktəbinin davamçılarından, klassik Azərbaycan poeziyasının tanınmış nümayəndələrindəndir. Klassik şeirimizin bu incə ruhu xanımının XVIII əsrin sonlarında Naxçıvanda Kəngərlilər ailəsində dünyaya gəldiyi bildirilir. Heyran xanım Naxçıvanda təhsil almış, ərəb və fars dillərini, Azərbaycan və fars ədəbiyyatını öyrənmişdir. XIX əsrin əvvəllərində Rusiya-İran toqquşmaları dövründə xoylu naxçıvanlılar ilə birlikdə onun da ailəsi Naxçıvandan İrana köçürülmüş, gənc yaşlarında doğma yurdundan ayrılmış gözəl şairəmiz ömrünün sonunadək Təbrizdə yaşamışdır. Doğma yurdundan ayrı düşən Heyran xanımın həyatı kədərli keçmiş, o, həmişə zəmanədən, insanların vəfasızlığından, özünün qürbətdə tək-tənha qalmasından gileylənmiş, yaşadığı Təbriz şəhərini “guşeyi-zindan” adlandırmışdır.
Heyran xanım Azərbaycan ədəbiyyatı tarixində əsərləri bizə ən çox yadigar qalan şairələrdən biridir. Onun Azərbaycan və fars dillərində böyük bir divanı günümüzədək gəlib çatmışdır. Təmiz, saf məhəbbətin tərənnümü, ayrılıq dərdi, hicran aləmi, vüsal arzusu onun şeirlərinin əsas mövzusu olmuşdur. Şairənin divanının əlyazmaları bir çox Şərq və Avropa dövlətlərinin kitabxanalarını bəzəyir və dəfələrlə müxtəlif ölkələrdə, o cümlədən İranda çap olunmuşdur. Onun türkcə və farsca divanından gözəl və orijinal bir nüsxə M.Naxçıvani adına Təbriz Milli Kitabxanasında qorunub saxlanılır. Bu divan bir neçə dəfə Təbrizdə çap olunmuş və onu sevənlər üçün hədiyyə edilmişdir. Heyran xanım həm də yaxşı bir musiqiçi olmuş və bir çox musiqi alətlərində ifa etməyi bacarmışdır.
Azərbaycanın həm siyasi, həm də mədəni həyatına görkəmli şəxsiyyətlər bəxş edən Kəngərli nəsli Heyran xanım kimi bir sənətkarı da Azərbaycan ədəbiyyatına nəsib edib.
XIX əsrdə Naxçıvan torpağında yaşayıb-yaradan qadın yazarlarımızdan biri də Qönçəbəyimdir. Qönçəbəyim xanım Naxçıvan şəhərində anadan olmuş və burada açılan qəza məktəbində oxumuş, rus və fars dillərini öyrənmiş, Şərq ədəbiyyatına maraq göstərmişdir. “Qönçeyi-ülfət” ədəbi məclisinin iştirakçılarından olmuş, “Bəyim” təxəllüsü ilə lirik şeirlər yazmışdır.
Naxçıvanda mahal rəisinin müavini işləyən gürcü şairi Nikolaz Barataşvili onunla görüşmüş, yaradıcılığı ilə maraqlanmış, ona şeirlər həsr etmişdir. Qönçəbəyimin gözəlliyinə və kamalına valeh olan Barataşvili onun şairlik istedadı olduğunu duymuş, şeirlərini gürcü əlifbasına köçürərək, gürcü dilinə tərcümə edilməsi üçün Tiflisə göndərmiş və həmin şeirlərin xanəndələr tərəfindən musiqi məclislərində oxunmasını məsləhət görmüşdür. Çox keçmədən həmin şeirlər musiqi məclislərinin bəzəyi olmuş, dildən-dilə gəzmişdir. Şairənin yaradıcılığının əsas mövzusunu saf və nakam məhəbbət, taleyindən narazılıq, qadın hüquqsuzluğu motivləri təşkil etmişdir. Fransız yazıçısı və tədqiqçisi Sent Böv Qönçəbəyim haqqında yazmışdır: “Bu qadın yalnız şairə deyildir, onun bütün varlığı poeziyadır”.
Azərbaycanın yazıçı və şairləri də Qönçəbəyimin həyat və yaradıcılığına müraciət etmiş, şairə haqqında bir sıra məqalələr və əsərlər yazılmışdır.
XX əsrin qələm sahiblərindən biri, Naxçıvan torpağının yetirməsi olan Müzəffər Nəsirli də Qönçəbəyimin nakam məhəbbətindən və sevgi dolu yaradıcılığından ruhlanaraq “Qönçəbəyim nəğməsi” adlı mənzum dramını yazmış və pyes 2010-cu ildə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında uğurla tamaşaya qoyulmuşdur.
Azərbaycanlı şairə Xurşidbanu Natəvanın qızı Xanbikə xanım da Kəngərli nəslinin məşhur şairə qadınlarından biri olmuşdur. Xanbikə xanım Şuşada doğulmuş, anası Xurşidbanu Natəvanın yolunu davam etdirərək qəzəllər, rübailər qələmə almışdır. Xanbikə xanım general-mayor İsmayıl xan Naxçıvanskinin oğlu polkovnik Əmənulla xanla ailə həyatı quraraq Kəngərli nəslinə gəlin gəlmişdir. Tədqiqatçılara görə, Xanbikə xanımın nəfis əl işləri, müxtəlif janrlarda tikmələr hazırlamaq bacarığı olmuşdur. Onun bir neçə qəzəli publisist-yazıçı Vasif Quliyevin “Dünənə uzanan cığır” kitabında özünə yer alıb. Bu kitabda göstərilir ki, Xanbikə xanım anası Xurşidbanu Natəvanın Şuşada təşkil etdiyi “Məclisi-üns” ədəbi məclisinin üzvlərindən olmuşdur.
Kəngərli nəslinin qadın nümayəndələrindən olan Zərrintac xanım Kəngərli də dövrünün azad düşüncəli ziyalısı kimi tanınmışdır. O, Kəngərli nəslinin adlı-sanlı hərbçilərindən olan Hüseyn xanın, Cəfərqulu xanın, Rəhim xanın bacısı, 1907-ci ildə erməni daşnakları tərəfindən vəhşicəsinə qətlə yetirilən general Maqsud Əlixanovun həyat yoldaşı olmuşdur. Zərrintac xanımın əsl Kəngərli əzmi, iradəsi və inadkarlığı sayəsində general Maqsud Əlixanovun nəşi Qafqaz canişinliyi Aleksandropol şəhərindəki erməni qəbiristanlığından Avarıstana yola salınır və general Xunzaxda torpağa tapşırılır. “Şərq qapısı” qəzetinin 3 noyabr 2010-cu il tarixli 206-cı sayında AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Musa Quliyev Zərrintac xanım ilə bağlı araşdırmalarında yazmışdır: “Avropanın bir çox muzeylərində bir gözəl xanımın fotoşəkli adsız olaraq nümayiş etdirilir: “Tatarskaya xanşa. Qorod Tiflis”. Bu bizim naxçıvanlı Zərrintac bəyimdir”.
XIX-XX əsrlərdə yaşamış, Azərbaycan musiqi mədəniyyətinin inkişafında fəal iştirak etmiş, Kəngərli nəslinin daha bir qadın nümayəndəsi isə Xurşid Qacar olmuşdur.
Öz istedadı, bacarığı ilə diqqəti çəkən Azərbaycanın Əməkdar incəsənət xadimi, opera müğənnisi ölkədən kənarda, Moskvada vokal təhsili almış ilk azərbaycanlı qadınlardan Xurşid Qacar Moskva estrada ansamblının solisti olmuşdur. O, 10 il Azərbaycan Opera və Balet Teatrında fəaliyyət göstərmiş, Xurşidbanu, Gülçöhrə və Asya, Gülzar, Mikaella və digər rollarda çıxış etmişdir. Eyni zamanda həmin teatrın nəzdində studiya yaratmış, tələbələrin ifasında “Demon”, “Çar gəlini” operalarını tamaşaya hazırlamışdır. “Dügah”, “Rast”, “Segah-Zabul” muğamlarının nota alınmasında xidmətləri olmuşdur.
Sovet hakimiyyəti illərində, xanlıq dövründə öz fikirlərini qorxmadan, çəkinmədən, açıq-aydın qələmə alan qadın yazarları şairə Nigar Rəfibəyli belə qiymətləndirmişdir: “XVIII-XIX əsrlərdə İslam Şərqində yaşayan qadınların şairlik etməsi, sevgisini, nifrətini, arzu və istəyini, bir sözlə, ürəyindən keçənləri vərəqə köçürməsi böyük hünər və cəsarət idi”.
Müasir dövrdə xalqımızın tarixi, elmi və mədəni abidələrinin saxlanılması, təbliğ edilməsi və gələcək nəsillərə ötürülməsində muzeylər müstəsna rol oynayaraq tədqiqat və tədris-tərbiyə funksiyalarının vəhdətini yaradırlar. Milli-mənəvi, maddi sərvətlərimizin nadir nümunələri məhz muzeylərimizdə özünə yer tapır. Belə muzeylərdən biri də Naxçıvan xanlarının iqamətgahı olan, onların xatirəsini, izini özündə yaşadan “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2010-cu il 23 oktyabr tarixli Sərəncamına əsasən yaradılan muzeydə Kəngərli nəslinin adlı-sanlı hərbçiləri, elm və mədəniyyət xadimləri ilə yanaşı, şairələrə də xüsusi yer verilmiş, onlara aid daimi guşələr yaradılmışdır. Guşələrdə onların həyat və yaradıcılıqları ilə bağlı materiallar nümayiş və təbliğ olunur. Ekspozisiya zallarında həmin materiallardan Heyran xanımın, Qönçəbəyim xanımın, Zərrintac xanımın, Xanbikə xanımın, Xurşid Qacarın fotoları, onlar haqqında yazılı məlumatlar sərgilənir. Həmçinin rəssam Rəfael Qədimov tərəfindən şairə Qönçəbəyim xanımın orijinal fotosu əsasında çəkilmiş portreti, eyni zamanda ailə üzvlərindən Zərrintac xanımın atası, general-mayor II Kalbalı xan Naxçıvanskinin portreti, qardaşları, tam süvari alayı generalı Hüseyn xan Naxçıvanskinin portreti, Cəfərqulu xanın 1907-ci ilə aid ailə fotosu, həyat yoldaşı Maqsud Əlixanovun fotosu və başqaları maraqlı eksponatlar sırasındadır. Xanbikə xanımın uşaqları Bəhram xan, Kamran xan, Xaqan xanın fotoları, Əkbər xanın hazırda Rusiyada yaşayan qohumları tərəfindən muzeyə hədiyyə edilən xatirə əşyaları və onlar haqqında yazılmış tədqiqat əsərləri, digər qiymətli eksponatlar ekspozisiyada öz əksini tapmışdır.

Öz yaradıcılıqları ilə ədəbiyyat və mədəniyyətimizin formalaşmasında, çiçəklənməsində əhəmiyyətli rol oynayan, xalqımızın zəngin tarixinə daha da rəng qatmış Kəngərli nəslinin qadın nümayəndələrinin verdiyi töhfələr bu gün də qiymətli incilər sırasındadır.

Zülfiyyə Əliyeva
“Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında
Muzey Kompleksinin baş fond mühafizi-elmi işçi

ARXİV

Mart 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR