Fevralın 25-də Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə Naxçıvan Müəllimlər İnstitutunun Nazirliyinhamiliyinə verilmiş ixtisaslarının tələbələri üçün “Nizami Gəncəvi yaradıcılığında türkçülük” mövzusunda mühazirə keçilib.

Mühazirədə Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin direktoru Səyyar Məmmədov bildirib ki, böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin dünyagörüşündə türk mənsubiyyətinə, türk ruhuna, eləcə də İslama dair motivlər olduqca güclüdür. N.Gəncəvi birmənalı şəkildə öz ailəsini türk adlandırmış və türklükləri ilə fəxr etmişdir. Onun yaradıcılığında əski türk düşüncəsinə, türk dini etiqadlarına, ümumilikdə, türk mədəniyyətinə, fəlsəfəsinə böyük dəyər verdiyini açıq şəkildə görə bilirik. N.Gəncəvi “Xəmsə”sini farsca yazmasına baxmayaraq, türk düşüncəsini, türk adət-ənənəsini, türk əxlaqını, ümummilikdə, türk mifoloji, dini-fəlsəfi və milli-mənəvi dünyagörüşünü təbliğ etmişdir.

Vurğulanıb ki,N.Gəncəviyə görə, dünyada müdriklik, əxlaqi dəyərlər, nəciblik, alicənablıq, igidlik, paklıq və s. kimi xüsusiyyətlər, yəni yaxşı nə varsa, türkə, türk millətinə aiddir. Filosof-şair “Sirlər xəzinəsi”ndə dəfələrlə türk düşüncəsinə, türk etiqadlarına müraciət etmişdir.“Xosrov və Şirin” poemasında isə N.Gəncəvi açıq şəkildə yazır ki, türklərin köku bu millətin ulu əcdadı Alp Ər-Tonqa, divani-etiqadı isə Günəşə sitayişlə bağlıdır:

“Əgər o,Aydırsa, biz (yəni türklər) Aftiabıq (yəni Günəşik),o, Key-xosrovdursa, bizsə Əfrasiyabıq (yəni Alp Ər Tonqayıq)”,

– deyən dahi mütəfəkkirin təkcə bu misraları sübut edir ki,N.Gəncəvi özünün türk olması ilə hər zaman fəxr etmişdir.

“Fikrimizcə, N.Gəncəvinin “İsgəndərnamə”ni yazmaqda məqsədi yalnız Makedoniyalı İsgəndərin timsalında adil hökmdarı, ədalətli cəmiyyəti təsvir etmək deyil, eyni zamanda, türk millətinin qədimliyini, türk inanclarını, adət-ənənələrini və s. dünyaya tanıtdırmaq olmuşdu”, – deyən mühazirəçi əlavə edib ki, bu baxımdan N.Gəncəvinin Makedoniyalı İsgəndəri türk dünyasının bir hissəsi olan Azərbaycana, daha sonra Qıpçaq elinə aparması təsadüf ola bilməzdi. N.Gəncəvinin burada başlıca məqsədi Azərbaycanda, Qafqazda, Orta Asiyada və başqa yerlərdə yaşayan türklərin adət-ənənələrini, mədəniyyətini, düşüncələrini və sair açıqlamaq olmuşdu. Məsələn, İsgəndəri Qıpçaq ellərinə aparan N.Gəncəvi yazır ki, qıpçaq türklərinin adət-ənənələri böyük fatehi mat qoyur, onu yaxşı mənada təəccübləndirir.

Sonra tələbələrin sualları cavablandırılıb, mövzu ilə bağlı müzakirə aparılıb.

Sonda “Nizami” sənədli filminin nümayişi olub.

Naxçıvan Muxtar Respublikası

Mədəniyyət Nazirliyinin mətbuat xidməti