Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin “Harmoniya” Gənclər Birliyinin üzvlərinin iştirakı ilə 25 fevral 2021-ci il tarixdə Amerikan yazıçısı Harper Linin “Bülbülü öldürmək” romanının onlayn müzakirəsi keçirilmişdir.

Gənclər Birliyinin sədri, Bəhruz Kəngərli Muzeyinin baş fond mühafizi-elmi işçisi Səmanə Rüstəmova tədbiri giriş sözü ilə açaraq müzakirəni başlatmışdır. Birliyin üzvlərindən Rəfiqə Baxşıyeva, Şahsənəm Quliyeva, Müşkinaz Qafarova, Surə Əhmədli, Turqay Orucov və digərləri əsər haqqında məlumat vermiş, digər gənclər ilə əsər haqda təəssüratlarını bölüşmüşlər. Qeyd edilmişdir ki, 1960-cı ildə yazıçının qələmə aldığı roman qısa zaman ərzində məşhurlaşaraq Pulitser mükafatını qazanmış və 1962-ci ildə rejissor Robert Malliqan tərəfindən eyni adda çəkilən film isə Oskar mükafatına layiq görülmüşdür. Əsərin süjet xətti yazıçının 10 yaşı olarkən başına gələn bir hadisədən götürülmüşdür.

Hekayə Skot ləqəbli Cin Luis Finçin dilindən nəql olunur. Əsərin mövzusu irqi ayrıseçkilikdir. Əsas qəhrəman Attikus Finç, onun ailəsi və qonşularıdır. Vəkil Attikus, bir ağdərili qadına işgəncə verməkdə günahlandırılan qaradərili Tom Robinsonu müdafiə etdiyi üçün Meykom şəhərinin əksər sakinlərinin etirazına baxmayaraq ədaləti ortaya çıxarmaq üçün əlindən gələni edir. Onun obrazında əsl hüquq müdafiəçisinin necə olması hamıya örnəkdir. Başqa uşaqlar Attikusun günahsız bir insanı müdafiə etdiyi üçün övladları Cem və Skotu ələ salır və onu “Qaraları sevən” adlandırırlar.

Bir saat davam edən tədbirdə 20 yaxın gənc iştirak etmiş və sonda tədbir diskussiya formasında yekunlaşmışdır.

Naxçıvan Muxtar Respublikası

Mədəniyyət Nazirliyinin mətbuat xidməti