Dünən Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına sərgi salonunda Birliyin təşkilatçılığı ilə Naxçıvan şəhidlərinə həsr olunmuş “Qəhrəmanlar unudulmur” devizi altında portret sərgi keçirilib.

Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva açaraq Vətən müharibəsində böyük hünər və rəşadət göstrən Vətən oğullarının əziz xatirəsini yad edib. Qeyd olunub ki, sentyabr ayının 27-dən başlanan Vətən müharibəsi 44 gün ərzində xalqımızın şanlı qələbəsi ilə başa çatıb. İgid oğullarımız böyük şücaət göstərərək Vətən yolunda öz canlarını qurban veriblər. Vətən müharibəsində Naxçıvanın igid oğulları da böyük qəhrəmanlıqla döyüşüb, şəhidlik adlı uca məqama yüksələrək əbədiyaşarlıq qazanıblar. Öz canlarını Vətənə qurban verən şəhidlərimiz Naxçıvanda böyük ehtiramla qarşılanıb. Muxtar respublikamızda şəhidlərimizin xatirəsi yaşadılır, həmişə əziz tutulur. Biz bütün şəhid analarının qarşısında baş əyirik. Bugünkü tədbir də şəhidlərimizin xatirəsini yaşatmaq məqsədilə təşkil edilib. Rəssamlarımız tərəfindən naxçıvanlı şəhidlərimizin portreti çəkilib.

Ülviyyə Həmzəyeva muxtar respublikamızda şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə muxtar respublika rəhbərinə minnətdarlığını bildirib.
Sonra şəhid Yaqub Nəcəfovun atası Məhəmməd Nəcəfov çıxış edərək bildirib ki, Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn igidlərimiz hər zaman xalqımızın qəlbində yaşayacaq, hörmətlə anılacaqdır. Şəhid atası diyarımızda şəhid ailələrinə göstərilən qayğıya və bu sərginin keçirilməsinə görə minnətdarlıq edib.

Sonra tədbir iştirakçıları tərəfindən şəhidlərimizə həsr olunmuş videoçarx izlənilib.
Sonda muxtar respublikamızın tanınmış rəssamlarının işlədikləri şəhid portretləri onların ailə üzüvlərinə təqdim edilib.

 Məcid ƏKBƏROV