Cəlil Məmmədquluzadənin Ev Muzeyiilə muxtar respublikanın ümumtəhsil məktəbləri arasında Cəlil Məmmmədquluzadənin anadan olmasının 152-ci ildönümünəhəsr olunmuş “Görkəmli Azərbaycan ədibi” mövzusunda interaktiv dərs keçirilib.

 

İnteraktiv dərsi muzeyin bələdçisi Nəsrin Abdullayeva aparıb.Dərs zamanı bildirilib ki, görkəmli dramaturq, ictimai xadim Cəlil Məmmədquluzadənin ev muzeyi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 19 iyun tarixli Sərəncamı ilə yaradılan muzey 31 dekabr 1998-ci ildə fəaliyyətə başlamışdır. Muzeyin yaradılmasının əsas məqsədi görkəmli Azərbaycan yazıçısı və dramaturqu Cəlil Məmmədquluzadənin zəngin ədəbi irsini qorumaq və təbliğ etməkdən ibarətdir.

 Azərbaycan ədəbiyyatının yeni mərhələyə yüksəlməsində müstəsna rol oynamış demokratik mətbuatın banisi, tənqidi-realizm ədəbi cərəyanının və “Molla Nəsrəddin” ədəbi məktəbinin yaradıcısı Cəlil Məmmədquluzadə 22 fevral 1869-cu ildə bu evdə anadan olmuşdur. Cəlil Məmmədquluzadənin Ev Muzeyi 2 ekspozisiya zalı və foyedən ibarətdir. Muzeydə 3000-ə yaxın eksponat toplanmışdır ki, bunlardan 300-dən çoxu ekspozisiya zallarında nümayiş olunur. Həmin eksponatlara ədibin özünə və ailə üzvlərinə həsr olunmuş rəsm əsərləri, yaşadığı dövrə məxsus məişət əşyaları, ədibin qızı Münəvvər xanıma məxsus piano, hekayələri əsasında hazırlanmış panoramla birlikdə maketlər, “Nəslin davamçıları” guşəsi, Cəlil Məmmədquluzadənin məsləkdaşlarının portretləri, hekayələrinə çəkilmiş qrafik illustrasiyalar, “Molla Nəsrəddin” jurnalının müxtəlif illərə aid orijinal nüsxələri, “Cəlil Məmmədquluzadənin müasirləri və tədqiqatçıları”, “Cəlil Məmmədquluzadə və teatr” guşələri aiddir.

Diqqətə çatdırılıb ki, maarifçilik fəaliyyətinin başlıca qayəsi ana dilinin saflığı və onun tədrisi, qadın azadlığı uğrunda mübarizə və onların təhsili, zəhmətkeş kütlənin elmə və maarifə cəlb edilməsi olan Cəlil Məmmədquluzadənin yaratmış olduğu əsərlər bu gün də öz aktuallığını qoruyur.

 Qeyd olunub ki, dövlətimiz Cəlil Məmmədquluzadənin xatirəsini əbədiləşdirmişdir. Belə ki, Azərbaycan Respublikasında bir sıra küçə və mədəni-maarif müəssisəsinə, o cümlədən Naxçıvan Dövlət Musiqili Dram Teatrına və Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyinə Cəlil Məmmədquluzadənin adı verilmişdir. Keçmiş Astaraxan rayonu və şəhəri 1967-ci ildə onun şərəfinə Cəlilabad, vaxtilə müəllimlik etdiyi Baş Noraşen kəndi isə Cəlilkənd adlandırılmışdır. Naxçıvanda və Cəlilabadda heykəli qoyulmuşdur. Bakıda və Naxçıvanda ev muzeyləri, Nehrəmdə, Cəlilkənddə və Tiflis şəhərində xatirə muzeyləri yaradılmışdır.

İnteraktiv dərs muxtar respublikanın 200-dən çox ümumtəhsil məktəbinin şagirdləri tərəfindən izlənilib.

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət

Nazirliyinin mətbuat xidməti