Fevralın 19-da Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Vaqif Səmədoğlunun “Mamoy kişinin yuxuları” pyesi əsasında hazırlanan eyniadlı tamaşa canlı yayımla teatrsevərlərə təqdim olunub.

Əsərin başlıca ideyası insanların yuxulara deyil, real həyatda yaşamaqla öz həyatlarını qurmasına çağırışdır. Bəzən insanlar öz uğursuzluqlarını kiminsə üzərinə atmaqla özlərinə haqq qazandırırlar. Əslində isə hər kəs gələcəyə öz real inamı ilə yaşamalı və hər günü mənalı, faydalı işlərlə məşğul olaraq keçirməlidirlər.

Əsərdə kompozisiya qurma ustalığı, dramatik hərəkət və həyəcan, eyni zamanda komik situasiyalar üstünlük təşkil edir. Bu isə sonu xoşa gəlməyən olsa da süjetdəki hadisənin reallığını gücləndirir.

Tamaşanın quruluşçu rejissoru Nəsimi Məmmədzadə, quruluşçu rəssamı Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Səyyad Bayramov, musiqi tərtibatçısı Ahim Güləliyev, rejissor assistenti Azərbaycan Respublikasının Əməkdar artisti Behruz Haxverdiyevdir.

Tamaşada rolları Azərbaycan Respublikasının əməkdar artistləri Nazlı Hüseynquliyeva, Əbülfəz İmanov və Behruz Haxverdiyev, həmçinin Nəsimi Məmmədzadə, Mehri Nəbiyeva, Zakir Fətəliyev, Cəbrayıl Nəbiyev, Ələsgər Quliyev, Anar Eyvazov, Rəhman Dünyamalıyev və digərləri ifa edirlər. Tamaşa Naxçıvan Dövlət Televiziyasından və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin internet resurslarından və sosial şəbəkə hesablarından canlı yayımlanmışdır.

Naxçıvan Muxtar Respublikası

Mədəniyyət Nazirliyinin mətbuat xidməti