Naxçıvan şəhərindəki Gənclər Mərkəzində “Nizami xəmsəsi” layihəsinin açılış tədbiri olub.
Milli Məclisin deputatı, Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev çıxış edərək bildirib ki, görkəmli Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyi münasibətilə Prezident cənab İlham Əliyevin Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında 2021-ci il 5 yanvar tarixli Sərəncamı həm ­Nizami Gəncəvi yaradıcılığına, həm də Azərbaycan ədəbiyyatına dövlət səviyyəsində verilən ən yüksək ­qiymətdir.

Diqqətə çatdırılıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamı ilə “Oxunması zəruri olan kitabların Siyahısı”na Nizami Gəncəvinin də əsərlərinin salınması bir daha onu göstərir ki, Azərbaycanın zaman-zaman dünyanın söz sənəti xəzinəsini nadir incilərlə zənginləşdirən böyük sənətkarları sırasında Nizami Gəncəvi yaradıcılığı möhtəşəmliyi, müdrikliyi və həyatiliyi ilə seçilir. Elə bu səbəbdəndir ki, yazdıqları əsrlər keçməsinə baxmayaraq, öz bədii dəyərini bu gün də qoruyub.

Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Gənclər Fondu tərəfindən start verilən “Nizami xəmsəsi” layihəsi çərçivəsində müxtəlif səpkili tədbirlər keçiriləcək, layihə fevralın 20-dək davam edəcək. Sonra Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Asim Əliyev, Naxçıvan Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri, professor Əsgər Qədimov çıxış edərək Nizami Gəncəvi irsinin müxtəlif aspektlərinə nəzər salıb, onun lirik şeirləri, poemaları barədə geniş danışıblar. Naxçıvan Müəllimlər İnstitutunun tələbəsi Fatma Bağırova şairin “Sənsiz” qəzəlini bədii qiraət edib.

 Güntac ŞAHMƏMMƏDLİ