Muxtar respublikamızda yaradılan münbit şəraitdən, yurdumuzun təmiz havasından, saf suyundan bərəkətli torpaqlarından yararlanan kənd adamları öz ailə təsərrüfatlarını qurur, sahibkara çevrilirlər. Onlar öz təsərrüfatlarında əkib-becərdikləri məhsulları bazarlarda sataraq qazanc əldə etməklə yanaşı, müxtəlif sahələrdə axtarışlara çıxır, yeni-yeni məhsullar istehsal edirlər. Belə kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olanlardan biri də Sədərək rayon sakini Mehbarə Hüseynovadır.

Hər görüşümüzdə onun və ətrafına topladıqları qadınların əl işlərinə baxdıqca mütləq yeni bir iş görürük. Bu nemətlərin arasında qədim yemək növümüz olan qaysavadan tutmuş müxtəlif növ qovurmalardan xaşa kimi hər cür qidaya rast gəlmək mümkündür. Yaxın günlərdə Mehbarə Hüseynova ilə görüşümüzdə yeni növ doşab hazırladığını görür və həmin doşabın necə ərsəyə gəldiyini öyrənirik. Mehbarə xanım deyir ki, bir neçə elmi ədəbiyyatdan haqqında məlumat topladığım, əksəriyyətimizin əyləncə, bəzək əşyası kimi baxdığı şam ağacı qozası, əslində, sağlamlıq üçün çox faydalıdır. Öyrəndiyimə görə, təzə şam ağacı qozaları hələ qədim zamanlardan astma, bronxit, soyuqdəymə, oynaq xəstəlikləri zamanı geniş istifadə olunur. Şam qozasının tərkibindəki maddələr orqanizmə iltihab və mikrob əleyhinə təsir edir, immun sistemini gücləndirir. Bundan əlavə, şam ağacının qozalarında çox nadir və qiymətli tannin maddələri var ki, onlar insult zamanı beyin hüceyrələrinin ölməsini xeyli ləngidir. Şam qozaları dəmləmə şəklində istifadə olunur, ondan doşab da hazırlanır.
Bildirir ki, elə bütün bu faydalarını öyrəndikdən sonra ondan doşab hazırlamaq qərarına gəldim. Müsahibim onu da deyir ki, şam qozalarının, əsasən, may ayının sonunda, təzə-təzə yığılması məsləhətdir. Qozalar təmiz yuyulur, dörd yerə bölünür. Üzərinə çıxana qədər qaynar su tökülür və 10 saat ağzı bağlı saxlanılır. Sonra qaynadılır, yenə 10 saat soyudulur. Bu proses 3 dəfə təkrarlanır. Sonda qozaların yığıldığını görəcəksiniz. Qozaları sudan çıxarıb atın, suyuna uyğun – 1 litrə 1 kiloqram şəkər tozu əlavə edir, təxminən, bir saat bişiririk. Yəni bunun ancaq suyu bəkməz kimi istifadə olunur. Bu dərman qədər təsirli olduğundan gün ərzində, sadəcə, 1-2 qaşıq çaya, suya əlavə edib içmək olar. Şam qozasının doşabı qış fəslində, xüsusilə tez-tez rastlaşdığımız yuxarı tənəffüs yolları xəstəliklərinin müalicəsində, ciyərlər, bronxlar üçün olduqca faydalıdır, hətta astma xəstəliyini müalicə edir. Gündə üç dəfə yeməkdən əvvəl bir stəkan içilir. Bu tərkibin varikoz və daxili göbələk əleyhinə müalicəvi təsiri də vardır. Və yaxud qozalardan özünüz sirkə də hazırlaya bilərsiniz. Bu, daha faydalıdır.
Öyrəndik ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan Mehbarə xanımın ötən ilin yazından hazırlamağa başladığı bu doşab xeyli alıcı da toplayıb. Ailə təsərrüfatı yarmarkasında maraqdoğuran məhsullardan biri də şam qozası doşabı olub.

 Ramiyyə ƏKBƏROVA